Elçibəyin iki müavini 22-ci dairədə “qırğına çıxacaq”

Elçibəyin iki müavini 22-ci dairədə “qırğına çıxacaq”

Tanınmış hərəkatçı Cahandar Bayoğlu Asim Mollazadənin yuxusu ərşə çəkdi

9 fevral 2020-ci ildə keçiriləcək parlament seçkilərində “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun “Ümid” Partiyasının sədri İqbal Ağazadə ilə üz-üzə gəlməsi sosial şəbəkələrdə ciddi müzakirə olunur.

AzNews.az xəbər verir ki, köhnə tanışların bu cür rəqabət aparacağı dairələrdən biri də Bakı şəhərində yerləşən 22 saylı Nəsimi II Seçki Dairəsidir.

Həmin dairədə Yeni Azərbaycan Partiyasının namizədinin kim olması hələ naməlumdur. Hakim partiya dəstəklədiyi namizədlərin siyahısını açıqlamasa da, seçkilərdə iştirak edəcək müxalifət partiyalarının parlamentdə görmək istədiyi şəxslər qismən məlumdur. Hərçənd Müsavat Partiyası da həmin dairədən rəsmi qaydada namizəd irəli sürməyib. Ancaq Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin oğlu Turqut Qəmbər həmin dairədən Milli Məclis üzvü olmaq üçün öz namizədliyini irəli sürüb. Bu isə o deməkdir ki, Müsavat Partiyasının faktiki namizədi sabiq başqanın oğludur. Eyni zamanda, REAL partiyası da həmin dairədən namizəd irəli sürməyib. Azərbaycanın seçki təcrübəsi olan başqa bir partiyasının – AMİP-in namizədi isə 22-ci dairədə Rəşad Bayramovdur. Xatırladaq ki, həmin dairəni parlamentdə hazırda Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə təmsil edir və o, yenidən öz namizədliyini elan edib.

Vaxtilə Azərbaycan Xalq Cəbhəsi sədrinin müavini olmuş və son 4 çağırışda Milli Məclisin üzvü olmuş Asim Mollazadəyə qarşı hazırda dairədə ən şanslı namizəd Elçibəyin sadiq silahdaşlarından olan Cahandar Bayoğlu hesab olunur.

“Bayoğlu” təxəllüsü ilə tanınan Cahandar Cahangir oğlu İsmayılov 1964-cü ildə anadan olub. Azərbaycan İnşaat Mühəndisləri Universitetinin məzunu olan Cahandar Bayoğlu 1987-ci ildən milli azadlıq hərəkatına qatılıb, Azərbaycan Xalq Cəbhəsinin qurucularından biri olub. 1992-ci ildə AXC İcraiyyə Komitəsinin üszvü olan Bayoğlu 1998-ci ildə Bütöv Azərbaycan Birliyində Əbülfəz Elçibəyin müavini kimi fəaliyyət göstərib. Azərbaycanda və Türkiyədə yayımlanmış bir sıra elmi məqalələrin müəllifi olan namizəd evlidir, iki övladı var.

Siyasi müşahidəçilər 22-ci dairədə Cahandar Bayoğlu ilə Asim Mollazadə arasında gərgin mübarizə gedəcəyini proqnozlaşdırırlar. Belə ki, onların siyasi ədavəti hələ AXCP parçalanmazdan öncəki zamanlara dayanır. O dövrdə Asim Mollazadə müavini olduğu Əbülfəz Elçibəyə Əli Kərimli başda olmaqla xəyanət edən AXCP üzvlərinin əsas ideoloqlarından biri olub, Cahandar Bayoğlu isə öz liderinə və Əbülfəz Elçibəyin ideoloji xəttinə sədaqəti ilə tanınıb.

Mənbə: teref.az