Ermənistanın 75-ci il xəritəsinə aludəçiliyi ifşa olundu - Azərbaycan AXC-nin hüquqi varisidir...

Ermənistanın 75-ci il xəritəsinə aludəçiliyi ifşa olundu  - <span class="qirmizi">Azərbaycan AXC-nin hüquqi varisidir...</span>

Əhəd Məmmədli: “1918-ci il xəritələrini əsas götürməliyik, həmin xəritələr Paris Sülh Konfransında da qəbul olunub”

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının arxivində saxlanılan 1975-ci il xəritəsinin guya sərhədlərin delimitasiyasında əsas götürüləcəyi haqda bir müddətdir rəsmi İrəvanın apardığı təbliğata Azərbaycan XİN cavab verdi və bütün bu iddiaları yalanladı. Bundan sonra ermənilər təşvişə düşüb.

Politoloq Argişti Kiviryan bildirib ki, Azərbaycan Respublikası Azərbaycan SSR-in deyil, 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu elan edib. Həqiqətən Konstitusiyamızda da Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib. Belə olduğu halda, Azərbaycan varisi olduğu respublikanın ərazisinə iddia etmək hüququ əldə edir. Ermənilərin əsassız bəhanələri onları bu faktla üz-üzə qoya bilərmi?

Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ermənilər xəritələrlə bağlı ciddi spekulyasiyaya girişiblər: “Əsasən də 1975-ci ildəki xəritələrin əsas götürülməsini istəyirlər. Çünki həmin xəritələrdə anklavlarla bağlı vəziyyətin ermənilərin xeyrinə ola biləcəyi iddia edilir. Deyirlər ki, Qazaxın 7 kəndi orada Ermənistan ərazisi kimi qeyd olunur. Bizim XİN zamanında və tutarlı cavab verdi. Hesab edirəm ki, Ermənistan sülh müqaviləsinə hazır deyil. Biz Zəngəzurla bağlı iddiamızı ortaya qoymalıyıq. Özümüzü Azərbaycan Cümhuriyyətinin varisi sayırıqsa, xəritəmiz də ona uyğun təmin edilməlidir. Belə iddiaları görməyəndə ermənilər bizim öz kəndlərimizi belə qaytarmaq istəmir. Anklavlarla bağlı öhdəliyi onlar 10 noyabr sənədində də üzərlərinə götürüblər. Erməniləri təşvişə salan da məhz belə məqamların olmasıdır. Özümüzün güclü, Ermənilərin isə zəif vaxtında bu məsələləri kökündən həll etməliyik. Belə bir tarixi məqamı öz xeyrimizə istifadə etməliyik. Bu gün Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası, iki ölkə arasında ərazi-sərhəd mübahisələrinin həlli diqqət mərkəzindədir. Gələcək münasibətlərin qurulmasında mühüm rol oynayacağını nəzərə alaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövründə bu məsələlərə necə yanaşıldığını, tarixi təcrübənin nədən ibarət olduğunu bilmək maraqlı olardı. AXC dövründə ərazi-sərhəd məsələlərinin həlli sahəsində Azərbaycan hökumətinin fəaliyyətini əks etdirən kifayət qədər arxiv sənədləri və materiallar mövcuddur. Məsələ ondadır ki, Ermənistan 1991-ci ildə “müstəqilliyini” əldə edərkən özünü Ermənistan SSR-in varisi kimi təqdim edib. Azərbaycan Respublikası isə Cümhuriyyətin varisi olduğunu açıqlayıb. 1918-ci ildə Ermənistan respublikası qurulanda ərazisi 9 min kvadrat kilometr idi “Zaqafqaziya Demokratik Federativ Respublikası”nın tərkibində olarkən isə Ermənistanın daha az ərazisi vardı. Hətta o vaxt erməni siyasi təşkilatları və “Daşnaksütyun” partiyası Ermənistanın daha az ərazi ilə dövlət olmasına qarşı çıxırdı. Hesab edirdilər ki, Ermənistan daha böyük ərazidə qurulmalıdır. Naxçıvana, Qarabağa, İrəvana və Şərqi Anadolunun bir neçə vilayətinə iddia edirdilər. Lakin Gürcüstanın 1918-ci il 26 mayda öz müstəqilliyini elan etməsindən sonra ermənilər çaşqın vəziyyətdə qaldılar və tələsik respublika qurduqlarını bildirdilər. Ermənistan 9 min kvadrat kilometrlik ərazi ilə 4 iyun 1918-ci ildə Batumda Osmanlı dövləti ilə anlaşma imzalayıb. 1920-ci ildən sonra Zəngəzur və Dərələyəzin bir hissəsinin Ermənistana verilməsi ilə ərazisi 29,2 min kvadrat kilometrə çatdırılıb. Əgər bu gün sərhədlərin müəyyənləşməsinə baxırıqsa, 1918-ci il xəritələrini əsas götürməliyik. Həmin xəritələr Paris Sülh Konfransında da qəbul olunub. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 114 min kvadrat kilometr olub”.

Məhəmmədəli QƏRİBLİ

Mənbə: www.baki-xeber.com