Türk Dünyası Bakı Atatürk Liseyinin məzuniyyət mərasimi keçirilib.
"Report" xəbər verir ki, tədbir Bakı Musiqi Akademiyasında baş tutub.
Əvvəlcə Ulu Öndər Heydər Əliyev və Mustafa Kamal Atatürkün xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, Türk Dünyası Araşdırmaları Vəqfinin sədri, professor Közhan Yazgan, ictimaiyyət nümayəndələri, Bakı Atatürk Liseyinin müəllim və şagird heyəti, eyni zamanda liseydə təhsil alan şagirdlərin valideynləri iştirak ediblər.
Tədbirdə çıxış edən səfir Cahit Bağcı Türk dünyası Atatürk Liseyində təhsil alan və məzun olan şagirdləri təbrik edib, gənclərin Azərbaycan və Türkiyə münasibətlərindəki gələcək rolundan danışıb: "Sizinlə daha bir məzuniyyət mərasimində birlikdəyik. Hər birinizi salamlayır və təbrik edirəm. "Bakı Atatürk liseyi" hər il daha da güclənir. Mən əminəm ki, təhsil verdiyimiz bu gənclər Azərbaycanın və Türkiyənin gələcəyinə sahib çıxacaq və layiqli vətəndaş olacaqlar. Hər birinizi təbrik edirəm. Hər bir məzunun yolu açıq olsun".
Tədbirdə bu ilin məzunları olan şagirdlər rəqslər nümayiş etdirib və şeirlər söyləyiblər.
Qeyd edək ki, Türk Dünyası Bakı Atatürk Liseyi Türk Dünyası Araşdırmaları Vəqfinin (TDAV) təsisçiliyi və Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə 1992-ci ildə açılıb.
Mənbə: report.az