A-dan Z-yə gəldi...

A-dan Z-yə gəldi...

Azərbaycanın son illər dünyada nüfuzunun artması ölkə daxilində də buna adekvat adımların atılmasını zəruri edir.

“Qafqazinfo” xəbər verir ki, belə bir durumda beynəlxalq səviyyədə media orqanının yaradılması artıq həm zamanın, həm də mövcud şəraitin tələbidir.

Düzdür, indiyə qədər də bu məqsədlə müəyyən təşəbbüslər, layihələr olub. Lakin onların heç biri uğurlu nəticə qazanmayıb, sadəcə, daxili auditoriyada qismən tanınıb.

Amma budəfəki layihənin iddiası tamamilə fərqlidir və fərq yaradıcığı da şübhəsizdir. Söhbət “AnewZ” telekanalından gedir.

Telekanalın yaradılmasında məqsəd regionda baş verəcək hadisələr birinci əldən, hadisə yerindən dünyaya operativ və obyektiv çatdırmaqdır. Aydın məsələdir ki, dünyanın bir sıra aparıcı telekanalları və media orqanları regionumuzda baş verən hadisələri öz mənfəətlərinə uyğun işıqlandırır, müəyyən dezinformasiyalara yol verir və bununla da auditoriyasından istifadə edərək dünya ictimaiyyətində yanlış fikirlər formalaşdırır. “AnewZ” isə bu məqamda dəqiq xəbərləri ilə onların bu cəhdlərinin qarşısını almaq niyyətindədir.

Sırf ingilis dilində yayımlanacaq bu telekanalın dünyanın bir sıra qlobal media orqanları ilə rəqabət aparması nəzərdə tutulub.

Bunun üçün Böyük Britaniya, ABŞ, İspaniya, Portuqaliya, Ukrayna, Türkiyə, İordaniya, Nigeriya, Zambiya və digər ölkələrdən media sahəsində geniş təcrübəsi olan jurnalistlər yaradıcı heyətə cəlb olunub.

Həftənin 7 günü, 24 saatlıq efir yayımında Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq regionunun səsi Bakıdan-dünyaya çatdırılacaq. 12-dən çox ölkədə təmsilçisi ilə 110-dan çox ölkəyə yayımlanan ANEWZ peyk, rəqəmsal, sosial media kanalları vasitəsi ilə izlənilə bilər.

Qeyd edək ki, yeni telekanala AzTV-nin sədr müavini Rüfət Həmzəyev rəhbər təyin olunub.

Emin Səfərov

Mənbə: qafqazinfo.az