İranın müəmmalı səhvi: Dalana dirənən Tehran və sona aparan versiyalar

İranın müəmmalı səhvi: Dalana dirənən Tehran və sona aparan versiyalar

Amerika Birləşmiş Ştatlarının (ABŞ) İraqda İran generalı Qasım Süleymanini öldürməsi ilə iki ölkə arasında münasibətləri pik həddi çatdırdı.

İran qisas alacağını bəyan edərək qətldən bir neçə gün sonra İraqda yerləşən ABŞ hərbi bazalarına raket hücumu təşkil etdi. İranın ilkin məlumatlarında hücum zamanı 80-ə yaxın amerikalı əsgərin öldürdüyü deyilsə də, sonradan sözügedən hərbi bazaların əvvəlcədən boşaldıldığı və heç bir ABŞ əsgərinin ölmədiyi ortaya çıxdı. Belə bir gərgin vəziyyətdə İran öz səmasında Ukraynaya məxsus sərnişin təyyarəsini vuraraq hərbi-siyasi imicini zərbə altında qoydu.

Qeyd edək ki, yanvarın 8-də Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “Boeing” sərnişin təyyarəsinin Tehranın İmam Xomeyni hava limanı yaxınlığında qəzaya uğrayıb və hadisədə təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub. İranın xarici işlər naziri Cavad Zərif hadisədən bir neçə gün sonra paylaşdığı “tvitində” qeyd edib ki, Silahlı Qüvvələr tərəfindən aparılmış təhqiqat nəticəsində “Boeing” təyyarəsinin “insan səhvi” səbəbindən vurulduğu məlum olub. İran Prezidenti Həsən Ruhani isə paylaşdığı tvitdə “bu böyük faciəni və bağışlanılmaz səhvi” araşdırmaq üçün təhqiqatların davam etdiyini bildirib. İranın sərnişin təyyarəsini vurduğunu etiraf etməsindən sonra bir sıra versiyalar ortaya atılıb. Versiyalar isə İranın təyyarəni qəsdən, yoxsa həqiqətən də səhvən vurması ilə bağlıdır.

Maraqlıdır, politoloqlar necə düşünür?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Cümhuriyət” qəzetinə şərhində İranın təyyarəni səhvən vurduğunu deyib. Bildirib ki, təyyarənin vurulması İranın maraqlarına uyğun deyildi:

“Həmin təyyarənin qəsdən vurulması İranın maraqlarına cavab vermir. Çünki bilinsə ki, İran təyyarəni qəsdən vurub, vəziyyəti daha da ağırlaşacaq. İrana qarşı sanksiyalar sərtləşəcək, Avropa rəsmi Tehrana qarşı dayanacaq. İranın isə Avropa ilə əməkdaşlığa ehtiyacı var. Düşünmürəm ki, İran təyyarəni qəsdən vurub. Təyyarə təsadüfən vurulub. Sadəcə, bu çox böyük səhvdir. Paytaxtın mərkəzində mülki təyyarə yanlış olaraq düşmən təyyarəsi və ya raketi ilə səhv salınır. Bunun günahkarları tapılıb cəzalandırılmalıdır. Qəzada ölən insanların ailələrinə kompensasiya verilməlidir. Bütün bunlar həll olunmalıdır. İranın isə imicinə çox böyük zərbə dəydi. İran ABŞ-ın onun generalını öldürdüyünə görə intiqam vədi verdi. Amma hələ ki, bir amerikalının burnu belə qanamayıb. Dedilər ki, İraqdakı ABŞ hərbi bazasını bombaladılar və 80 amerikalı əsgər ölüb, amma heç bir nəfər də ölməyib. Digər tərəfdən elə həmin generalın dəfn mərasimində İranın 60-a yaxın vətəndaşı öldü. Sonra da mülki təyyarəni vurdular, həm öz, həm də heç bir günahı olmayan başqa ölkələrin vətəndaşları həlak oldu. Bütün bunlar İranın reytinqinə ciddi zərbədir. Bütün bunlarla yanaşı, artıq İranda tələbələr hakimiyyət əleyhinə etiraz aksiyalarına başlayıb, şüarlar səsləndirirlər. Ona görə də düşünmürəm ki, İran mülki təyyarəni qəsdən vurub. Çünki İran bu hadisələrdən ciddi problem yaşayıb. Niyə İran özünə bu cür problem yaratmaq istəsin? Təyyarə səhvən vurulub, amma bu, İrana çox baha başa gəldi”.

Politoloq Əhəd Məmmədli də İranın təyyarəni səhvən vurduğu qənaətindədir:

“İran o qədər də ağılsızlıq edib bilərəkdən mülki təyyarəni vurmaz. Amma səhvən vurmaqla da özünə ciddi problemlər yaratdı, imicinə ciddi ziyan vurdu. Bu onu göstərir ki, İran ordusu çətin məqamda necə qeyri-peşəkardır. ABŞ-la vəziyyət gərginləşən kimi, İran Ordusu soyuqqanlığını göstərə bilmədi və səhvən sərnişin təyyarəsini vurdu ki, orada da ölənlərin əksəriyyəti elə iranlılar oldu. Bu İran üçün ciddi problemdir. Son günlər İran üçün heçə də yaxşı keçmir. Hazırda İranda nümayişlər gedir, Qasım Süleymaninin şəkilləri cırılır və şüarlar səsləndirilir ki, o qəhrəman deyil. Etirazçılar İran hakimiyyətindən təyyarənin vurulması ilə bağlı düzgün məlumatın verilməsini tələb edirlər. İran heç də yaxşı günlərini yaşamır”.

Politoloq Məhəmməd Əsədullazadə isə fərqli düşünür. M.Əsədullazadə hesab edir ki, təyyarə İran hakimiyyəti ilə SEPAH arasında olan qarşıdurma əsasında qəsdən vurulub:

“ABŞ-ın İraqda SEPAH-ın Qüds briqadasının komandanı general Qasim Süleymaninin öldürməsi ilə İran ətrafında və daxilində ciddi proseslər yaşanır. Demək olar ki, bu qətl İran hakimiyyəti daxilində ziddiyyətlərə və kəskin fikir ayrılıqlarına səbəb oldu. Qeyd edim ki, dövlət daxilində dövlət olan SEPAH Prezidentə qarşı siyasət ortaya qoyaraq müstəqil qərarlar verir, mötədil Ruhani hakimiyyətinin zəifləməsi istiqamətində işlər aparır. Rəsmi Tehran o qədər daxildə ciddi fikir ayrılıqlarına malikdir ki, mülki təyyarələri hədəfə alınması baş verdi. Tehran yaxınlığında SEPAH tərəfindən vurulan sərnişin təyyarəsi heç də insan səhvi deyil. Bu düşünülmüş və planlı şəkildə həyata keçirilmiş daxili siyasi hakimiyətdəki gərginlikdən irəli gələn bir akt idi. Ona görə də təyyarə olayından sonra Tehran Universitetinin tələbələri etirazlara başladı və bu etirazlar digər şəhərlərə yayıldı. Artıq İran vətəndaşları birbaşa Ali dini rəhbər Xamneyini bu olayda məsuliyyətli sayır, istefasını tələb edirlər”.

Vilayət Muxtar
Cebhe.info

Mənbə: cebhe.info