Laçın rayonunun Hacılar və Qazaxlar kənd məktəbləri üçün quraşdırılan modul tipli binalar istifadəyə verilib

Laçın rayonunun Hacılar və Qazaxlar kənd məktəbləri üçün quraşdırılan modul tipli binalar istifadəyə verilib

Ağcabədi, 18 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC

Laçınlı məcburi köçkün məktəblilər üçün Ağcabədi və Bərdə rayonları ərazisində quraşdırılan modul tipli iki məktəb binası istifadəyə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən mərasimlərdə rayon icra hakimiyyətinin və təhsil şöbəsinin nümayəndələri, müəllim, şagird və valideynlər iştirak ediblər. Laçın Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, təhsil şöbəsinin müdiri Nicat Həsənov çıxış edərək, müəllim, şagird və valideynləri məktəblərin istifadəyə verilməsi münasibətilə təbrik edib, məcburi köçkünlərə və təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından danışıblar. Bildirilib ki, modul tipli binaların tikinti-quraşdırma işləri Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında" 10 iyun 2019-cu il tarixli Sərəncamı ilə ayrılan vəsait hesabına həyata keçirilib. Hacılar kənd tam orta məktəbi üçün quraşdırılan bina 56, Qazaxlar ümumi orta məktəbi üçün qurulan bina isə 40 şagird yerlikdir. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasındadır. Modul tipli məktəblərin tikintisində, əsasən, yerli istehsal məhsullarından istifadə edilir.

Tədbirdə söz alan pedaqoji kollektivin nümayəndələri və şagirdlər dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildiriblər.

Çıxışlardan sonra tədbir iştirakçıları məktəblərdə yaradılan şəraitlə tanış olublar. Sinif otaqları, müəllimlər otağı və sanitar qovşaqdan ibarət məktəblər müasir avadanlıqlar və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilib, həyətlərində abadlıq işləri aparılıb.

Mənbə: azertag.az