20 Yanvar gerçəkləri: Bakı bu addımı ata bilər

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar kimi daxil olmuş, 1990-cı il 20 yanvar hadisələrindən artıq 30 il keçir. Bu 30 ildə biz xalq olaraq nə etməli idik və nəyi etdik?

20 Yanvar xalqımızın hüzn və şərəf günü kimi yeni nəslin yaddaşına həkk olundu. Hər il yanvarın 20-si matəm günü kimi qeyd olunur, xalqımız bu gündə şəhid olmuş övladlarına matəm saxlayır. Doğrudur, hadisənin baş verməsindən sonra, illərlə insanlar bu hadisənin təsirindən ayrıla bilmədi, hər zaman bunu kədərli notlarla xatırladı, bəzən nail olduğu azadlığı dəyərləndirməkdə özündə güc tapa bilmədi, şəhid övladlara matəm saxlamaqla bərabər, onların şəhidlik zirvəsinə və Vətənin nail olduğu dəyərlərə baxıb başını dik tutmalı olduğunu unutdu, amma sonralar, azadlığın var olduğunu hiss etdikcə düşündü ki, ağlamaq, baş vermiş hadisənin təsirində donub qalmaq daha da məhv olmaq, düşmənlərin sevinməsi deməkdir. Qafqaz, xüsusilə Qarabağ münaqişəsi üzrə mütəxəss Tomas de Vaal qeyd edirdi ki, 1990-cı il yanvarın 20-də Moskva atdığı səhv addım nəticəsində faktiki olaraq Azərbaycanı itirdi. Azərbaycan isə həqiqi müstəqilliyinə qovuşdu, yeni bir siyasi sistem, iqtisadi dirçəliş və firavanlığa aparan çətin yoluna başladı.

Bütün həyatı boyu azadlığı dəyərləndirən və insanların şüurunda əks olunmasına çalışan sevimli Əli bəy Hüseynzadə haqlı olaraq deyirdi:

“Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq ediyor”.

Bəli, həmin hürriyyət, azadlıq idi ki, insanların ruh və mənəviyyatını özünə çəkdi və böyük ordunun qabağında dayanmağa cəsarətləndirdi. Amma ordu ifadə azadlığı, sərbəst hərəkət etmək azadlığı, birləşmək azadlığı, seçmək və seçilmək hüquqları, dövlət idarəçiliyində iştirak hüququ, vicdan azadlığını dinc formada istəyən xalqa qarşı çox qəddar davrandı, qırğına məruz qoydu. SSRİ siyasi rəhbərliyi niyə bu qərarı verdi və azad olmaq istəyən xalqlara divan tutdu? Bu günə qədər nə normal istintaq aparılıb beynəlxalq ictimaiyyətə məlumat verildi, nə də konkret kimlərsə məsuliyyətə cəlb olundu.

Yaxşı olardı ki, hadisəni bir qədər təhlil edək və hüquqi aspektdən izahını verməyə çalışaq ki, yeni nəsil nə baş verdiyini anlasın və onun hüquqi müəyyənliyinin kimlərin üzərində olduğunu bilsin.

Məsələ burasındadır ki, bu gün cəmiyyətdə çox zərərli fikirlər səsləndirilir, hər kəs hadisəni özünəməxsus formada izah etməyə çalışır.

Məsələn, belə bir fikir söylənilir ki, guya ölkədə baş vermiş vətəndaş müharibəsinin qarşısını almaq məqsədilə SSRİ rəhbərliyi Bakıya ordu göndərib və sabitliyi təmin etmək istəyirmiş, nəticə etibarilə, rəhbərliyin özü də istəmədən insanlar qırğına məruz qalıb.

Bu fikrin səsləndirilməsi məhz o zaman SSRİ rəhbərliyinin söylədiyi fikri dolayı yolla təsdiqləməkdir. O zaman imperiya Bakıya qoşun yeritməsini onunla əsaslandırırdı ki, Bakıda hücuma məruz qalmış erməniləri müdafiə etməlidir. Guya Bakıda yaşayan Azərbaycan vətəndaşları olan ermənilər azərbaycanlıların hücumuna məruz qalıb, ölkədə vətəndaş müharibəsi baş verib, imperiya da bunun qarşısını almalıdır. Təbii ki, Bakıda ermənilərə qarşı heç bir hucum olmamışdı, bu yalan idi, bunun yalan olması Human Rights Watch təşkilatının hesabatında və Corc Vasinqton Universitetinin tədqiqatçılarının apardığı araşdırma və müşahidələrində də əks olunmuşdur. Təşkilatın hesabatında göstərilir ki, Bakıdakı hərbi prokurorluğun sənədləri, hərbi əməliyyatın Bakıdan ermənilərin çıxarılmasına başlanılmasından çox əvvəl planlaşdırıldırılmışdır. SSRİ rəhbərliyi görürdü ki, imperiya süquta doğru gedir, azadlıq istəyən xalqların istəyini yerində boğmaq, insanlarda qorxu hissi yaradaraq geri çəkilmələrinə məcbur etmək istəyirdi. Beləliklə, SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsinin rəhbərlik etdiyi Qoşunların Azərbaycana göndərilməsi Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti ilə razılaşdırılmadan həyata keçirildi, yəni SSRİ və Azərbaycan SSR konstitusiyaları, habelə respublikanın suverenliyi haqqında Konstitusiya Qanunu pozuldu və hər iki tərəf üçün çətin günlər başlandı. Baş vermiş hadisənin təsirini yaşayan Azərbaycan siyasi rəhbərliyi orduya belə bir müraciət etdi:

"... Bu gün yer üzündə baş verənlər vandalizm deyil, biz barbar deyilik! Xalqımız suveren hüquqlarını, azadlıqlarını və müstəqilliklərini qorumağa qalxdı. Siz, rus xalqının nümayəndələri, qardaşlarımız, doğrudanmı görmürsünüz ki, cəlladların murdar missiyası ilə göndərildiniz ?! Bu doğrudan da böyük bir qəddarlıq və amansızlıq idi, dinc insanlara, körpə vo qocalara silah tətbiq etməyi hər hansı formada əsaslandırmaq mümkünsüzdür".

Hər bir insan statusundan asılı olmayaraq, hərəkətlərini müəyyənləşdirir, şüuru, ruhu və hərəkətinin inkişafı üçün məsuliyyət daşıyır, lakin ordu və ona rəhbərlik edən şəxslər belə bir məsuliyyətdən uzaq idilər, heç onu anlamaq iqtidarında deyildilər. Heç kim Sverdlovsk qarnizonu batalyon komandirinin müavini, mayor Viktor Trofimovun taleyini yaşamaq istəmirdi. Viktor Trofimov Bakıya göndərilmək üçün yaradılan xüsusi dəstədə olmaqdan imtina etdiyi üçün, İki həftə sonra, təqaüd ilinə çatmamışdan əvvəl, "Sovet zabitinin yüksək rütbəsini alçaltdığına görə" ordudan qovuldu. Yaxud KQB-ni açıq şəkildə tənqid etməyə başladıqdan sonra rütbəsi və təqaüdündən məhrum olan keçmiş KQB generalı Oleq Kalugin dövlət sirrlərinin açılması ittihamı ilə istintaqa cəlb edildi.

Baş vermiş bu cinayətə birbaşa rəhbərlik etmiş keçmiş SSRİ müdafiə naziri, marşal Dmitri Yazov iki il öncə verdiyi müsahibədə də bunu etiraf etmiş və bu əmrin ona SSRİ rəhbərliyi tərəfindən verildiyini bildirmişdi. O, müsahibəsində bildirir:

“Mən başqasının əmrini yerinə yetirirəm. İndi o əmirləri verən insan hər şeydən imtina edir… mən öz vəzifəmi yerinə yetirdiyimi hesab edirəm. Vətəndaş müharibələri zamanı həmişə mülki insanlar məhv olurlar. Qoşunları mən daxil etdim, lakin bu, mənim “güllələ” əmrini verməyim demək deyil”.

Doğrudur, ölkədə vətəndaş müharibəsi baş verərsə, bu zaman Yazovun dediyi kimi, mülki insanlar məhv olurlar amma yuxarıda qeyd etdiyim kimi, Azərbaycanda hər hansı formada vətəndaş müharibəsinin baş verməsindən danışmaq absurddur, yaxud "...bu mənim güllələ əmrini verməyim demək deyil” fikrini bəyan etməklə məsuliyyətdən azad olumaq mümkün deyil. Əmr SSRİ rəhbərliyinin siyasi iradəsi ilə verilmişsə, deməli müdafiə naziri tərəfindən də “güllələ” cinayətkar əmri verilib, bu birmənalıdır.

Dmitri Yazov daxil olmaqla məsuliyyətə cəlb olunacaq şəxslərin dairəsi məlumdur. Sadəcə hansı addımlar atılmalı və nə kimi tədbir görülməlidir, 20 yanvar cinayətləri beynəlxalq cinayətlərin hansı kateqoriyasına aid edilməlidir kimi sualların cavabını verməyə çalışmalıyıq.

Bununla bağlı fikirlər çox müxtəlifdir, ziddiyyətlə məqamlar da az deyil.

Birincisi, iddia olunur ki, 1990-cı ilin 20 yanvarında baş verən əməl, müharibə cinayəti kimi tövsif olunmalıdır. Yəni, beynəlxalq humanitar hüquq normalarının pozulması kimi dəyərləndirilir. Ölkə daxilində silahlı münaqişə, vətəndaş müharibəsi baş verərdisə bu halda, bu iddianı qəbul etmək olardı. Amma Bakıda yuxarıda qeyd etdiyimiz kimi vətəndaş müharibəsi baş verməmişdi, bu, imperiyanın yalan təbliğatı idi. Bir tərəfdə hazır silahlanmış ordu, digər tərəfdə isə əliyalın dinc mülki əhali. Hər hansı silahlı qarşıdurma faktı olmadığı üçün burada vətəndaş müharibəsindən və müharibə cinayətlərinin tərkibindən söhbət gedə bilməz. Bu fikir kökündən yanlışdır.

İkincisi, 20 yanvar hadisələrinin soyqırımı cinayəti kimi tövsif olunması iddia olunur. Qeyd olunur ki, azərbaycanlılar sovet vətəndaşı kimi formalaşdırılırdı, bir millət olaraq özünü tanımağa imkan verilmirdi, bütünlükdə əhalinin etnik tərkibini dəyişməyə yönəlmişdi niyyət. Bu fikri də məqbul hesab etmək olmaz, ona görə ki, soyqırımı bir millətin məhv olmasına, doğumun qarşısının alınmasına, etnik tərkibin dəyişdirilməsinə və s. yönəlmiş bir cinayət əməlidir. 20 yanvarda bir millət olaraq təkcə azərbaycanlılar deyil, başqa millətin nümayəndələri (rus, yəhudi, kürd, ləzgi, talış) də öldürüldü. Əhalinin etnik tərkibinin dəyişdirilməsinə isə bioloji aspektdən yanaşılmalıdır. Etnik tərkib sözlə, ideya ilə dəyişilmir. Etnik tərkibin dəyişdirilməsi məcburi hamiləlik formasında baş verir və bu da konkret olaraq Beynəlxalq Cinayət Məhkəməsi Roma Statutunun 7-ci maddəsinin g) bəndində insanlıq əleyhinə cinayət kimi göstərilmişdir.

Yuqoslaviya Tribunalının araşdırmalarına görə, serblər dövlət siyasəti formasında Bosniya müsəlmanlarının etnik tərkibini dəyişmək üçün Bosniya qadınlarını məcburi hamiləliyə məcbur etmişdilər. Yəni serb kişisindən və Bosniya qadınından doğulmuş uşağın etnik tərkibi dəyişdirilmiş olurdu.

Üçüncüsü, 20 yanvar hadisələri hərbi təcavüz kimi dəyərləndirilir. Doğrudur, ən yaxşı halda hadisə baş verən zaman hərbi təcavüz kimi dəyərləndirmə daha uğurlu səslənirdi, çünki bunu başqa bir cinayət əməlinə uyğunlaşdırmaq mümkün deyildi. Amma sual yaranır ki, təcavüz müstəqil dövlətin ərazisinə qarşı olan güc tətbiqidir, o zaman Azərbaycan SSRİ-nin əsarəti altında idi, əsarətdə olan bir ölkəyə qarşı hansı təcavüzdən söhbət gedə bilərdi. Hesab edirəm ki, bu aspekt bir qədər maraqlıdır və bunun üzərində dayanmaqla ciddi müzakirələr aparmaq məqsədəuyğun olar.

Nəhayət, 1990-cı ilin 20 yanvarında baş verən faktların obyektiv cəhəti bu əməllərin, insanlıq əleyhinə cinayət kimi tövsif olunması üçün tam əsaslar yaradır. Beynəlxalq hüquqi sənədlərə görə insanlıq əleyhinə cinayət sistematik və geniş miqyasda törədilən, hökumət və ya istənilən təşkilat, yaxud qrup tərəfindən həvəsləndirilən və ya istiqamətləndirilən adamöldürmə, siyasi, irqi, dini və ya etnik motivlər üzrə təqib etmə, adamların zorakı itirilməsi, fiziki və ya psixi toxunulmazlığa, səhhətə və ya insan ləyaqətinə ciddi zərər yetirən digər qeyri-insani əməllər hesab olunur. Göründüyü kimi, bu cinayət əməli keçmiş sövet dövlətinin rəhbər şəxsləri tərəfindən sistemli şəkildə və geniş miqyasda törədilərək, kütləvi xarakter daşıyan qırğınlar və insanların qəsdən məhv edilməsi ilə müşahidə olunmuşdur.

İnsanlıq əleyhinə cinayətlərin tərkibini yaradan əməllər demək olar ki, 20 yanvar hadisələrində öz əksini tapmışdır:

Əməl dövlət planı və ya siyasəti formasında baş vermişdi, əməliyyatı həyata keçirmək üçün dövlətin lazımı resurslarını qanunsuz olaraq prosesə yönəldilmiş, əvvəlcədən milis işçilərindən silahsızlaşırma adı altında silahlar yığılmış, ölkəyə əcnəbilərin, xüsusilə əcnəbi jurnalistlərin girişi dayandırılmış, əhali informasiya ala bilməsin, çaşqınlıq içərisində qalsın deyə hadisədən öncə televiziyanın enerji bloku partladılmışdı. Əməl geniş miqyasda və sistemli şəkildə baş vermişdir; Əməl şüurlu şəkildə adamöldürmə formasında baş vermişdir; Əməl insan ləyaqətinə ciddi zərər yetirən digər qeyri-insani hərəkətlər formasında baş vermişdir. Xüsusilə əməl, vətəndaşların inandığı, etibar etdiyi öz dövləti tərəfindən onlara qarşı baş vermişdir.

Deməli, öncə baş vermiş əməlin adı bəlli olmalı, sonra isə onun prosedur mexanizmi izah olunmalıdır. Adı bəllidir – 20 yanvar 1990-cı ildə baş verənlər insanlıq əleyhinə cinayətlərdir. Prosedur mexanizminə gəldikdə isə qeyd etməliyik ki, insanlıq əleyhinə cinayətlərə görə (bu həm də beynəlxalq cinayətlərin hər birinə aiddir) müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə nəzərdə tutulmur. Yəni cinayətkar törətdiyi beynəlxalq cinayətə görə hadisənin üzrəindən illər keçsə belə, istənilən halda həbs oluna və məsuliyyətə cəlb oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsində müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilən cinayətlərin dairəsi və müddəti göstərilmişdir. 75.5-ci bənddə isə göstərilir ki, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törətmiş şəxslərə bu maddənin müddəaları tətbiq olunmur, yəni müddətin keçməsi şamil olunmur. Bir sözlə, biz bu gün də 20 yanvar hadisələrinə görə təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb olunmasına nail ola bilərik. Bakıda dinc əhaliyə qarşı törədilmiş əməl insanlıq əleyhinə cinayətlər kimi tövsif edilməli və bütün təqsirli şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq müddəaları əsasında məsuliyyətə cəlb olunmalıdır.

“Mülki və Siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 15-ci maddəsinin 2-ci bəndində də göstərilir ki, hazırkı maddənin heç bir müddəası, törədildiyi anda beynəlxalq hüquq tərəfindən qəbul edilən ümumi hüquq prinsiplərinə uyğun olaraq cinayət əməli sayılan istənilən hərəkətə və xətaya görə istənilən şəxsin məhkəməyə verilməsinə və cəzalandırılmasına əngəl törətmir, yəni məsuliyyətə cəlb olunmasına imkan verir. Eyni zamanda “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 7-ci maddəsinin 2-ci bəndində göstərilir ki, bu maddə törədildiyi zaman sivil ölkələrin tanıdığı əsas hüquq prinsiplərinə müvafiq olaraq cinayət hesab edilən hər hansı hərəkət və ya hərəkətsizlik törətməyə görə istənilən şəxsin mühakimə edilməsinə və ya cəzalandırılmasına mane olmur.

Bunlardan başqa ölkəmizdə, “Beynəlxalq cinayətlərə görə ağırlaşdırıcı hallar üzrə cinayət hüquq normalarının geriyə şamil olunması haqqında” 2006-cı il Konstitusiya Qanunu qəbul olunmuşdur. Bu Konstitusiya Qanunu da cinayət hüquq normalarının geriyə şamil olunmasına kifayər qədər əsas yaradır.

Bütün hallarda 20 yanvar hadisələrinə görə təqsirli bilinən şəxslərin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə məsuliyyətə cəlb olunması üçün kifayət qədər əsaslar var (Bunula yanaşı, Azərbaycan Respublikası CM-nin 12. 3-cü maddəsində göstərilir ki, sülh və insanlıq əleyhinə cinayətləri… Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətləri törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır). Artıq bununla bağlı Litva Respublikasının təcrübəsi də var. Belə ki, Vilnüs Məhkəməsi 1991-ci il 13 yanvar hadisələri ilə əlaqədar Sovet İttifaqının müdafiə naziri Dmitri Yazov və keçmiş KQB zabiti Mixail Golovatovu qiyabi həbs etdi. Onlara 10 və 12 il həbs cəzası verildi. Ümid edirəm ki, bu bizi ruhlandırmalı və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunmasına nail olmalıyıq.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Nərminin qətli ilə bağlı sensasion detal: Polis də həbs edildi

SONRAKI XƏBƏR

Zirəddin: Nərmin qətlində polislərlə təmasda idim... – SENSASİYA