Qusarlı Rauf, təxribatçı qadınlar, indi də lax yumurta: İqbal Ağazadənin seçki taktikası zənginləşir

Qusarlı Rauf, təxribatçı qadınlar, indi də lax yumurta: İqbal Ağazadənin seçki taktikası zənginləşir

35 saylı Xətai üçüncü Seçki Dairəsindən deputatlığa namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə rəqiblərinə qarşı ən eybəcər, ikrah doğuran və əslində onu həm seçki dairəsində, həm də bütövlükdə cəmiyyətdə tamamilə nüfuzdan salan taktikalardan istifadə edir.

Zaman-zaman müsahibələrində, facebook çıxışlarında mərdlikdən, dürüst mübarizə metodlarından dəm vuran İqbal Ağazadə ilk gündən 35 saylı dairədə ən şanslı namizəd, "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğluna qarşı çirkin "rəqabət" metodlarına əl atıb.

O, hələ namizədlərin qeydiyyata alınması prosesində "indeyski" varianta əl atdı: Hindistan, Zimbabve kimi ölkələrdə tətbiq olunan "klon metodu"na baş vurdu. O, Qusar rayon sakini olan Abbasov Rauf Çərkəz oğlu adlı bir işsizi şirnikləndirərək, ələ alaraq 35 saylı dairədən deputatlığa namizəd edib.

Mətbuatda artıq belə informasiya da verilib ki, İqbal Ağazadə jurnalistlərdən biri ilə söhbətində Rauf Çərkəz oğlunu bu dairədən namizəd etməsini etiraf edərək, təsdiqləyib. Hüquqşünas rəylərinə görə buna görə əslində İqbal Ağazadə hüquqi məsuliyyət də daşıyır: bu seçki prosesini pozmaq, səsvermənin nəticələrinə süni təsir göstərmək, seçicini aldatmaq, çaşdırmaq cəhdi kimi tövsif edilə bilər...

 

(Ümid Partiyasının üzvü Əsmər Süleymanova)

 

Fəqət bütün çabalarına baxmayaraq, imzatoplama mərhələsində və təşviqat kampaniyasının ilk günlərində İqbal Ağazadə bütün parametrlər üzrə Rauf Arifoğluna uduzdu. Gedişat göstərir ki, Rauf Arifoğlu çox uğurlu bir kampaniya aparır və xeyli öndədir. İ.Ağazadə də bunun fərqindədir və artıq uduzduğunu tam başa düşüb.

Elə bunun nəticəsidir ki, İqbal Ağazadə aqressivləşərək, daha çirkin metodlara əl atdı: Sosial şəbəkələrdə troll dəstələri ilə söyüşlü, təhqirli proses başladıb, qara piar aparır.

Habelə, Azərbaycan qadınlarını öz eybəcər planlarına alət edərək, Rauf Arifoğlunun seçicilərlə yanvarın 18-də keçirdiyi görüşə göndərdi. Onlar görüşdə təxribat törətmək istəyiblər, lakin niyyətlərinə çatmadıqda, zalı tərk edib, küçədə onları gözləyən "Mercedes Sprinter" markalı mikroavtobusa minərək ərazidən uzaqlaşıblar. Bu ifşadan sonra İqbal Ağazadə tamamilə gözdən düşdü, dairədə, sosial şəbəkələrdə, biabır oldu.

O, çıxılmaz duruma düşərək, facebookda guya həmin qadınları tanımadığını iddia edib. Lakin fakt budur ki, həmin qadınlar İqbal Ağazadənin tərəfdarlarıdır, onlardan biri - Əsmər Süleymanova isə rəsmən Ümid Partiyasının üzvüdür. Onlar 35 saylı dairə ərazisində İqbal Ağazadənin bukletlərini paylayarkən də dəfələrlə görüntüləniblər.

O qadınları Rauf Arifoğlunu görüşünə təxribat törətmək üçün gətirib-aparan "Sprinter" markalı maşın isə defakto İqbal Ağazadənin qardaşı İlqar Ağazadənin mülkiyyətidir...

Vətən.info saytına İqbal Ağazadənin Seçki Qərargahından çatan məlumata görə İqbal Ağazadə növbəti provikasiyaya hazırlaşır. Bu və digər əxlaqsız, çirkin təxribat planlarının başında İqbal Ağazadənin qardaşı İlqar Ağazadə dayanır: Onun təklifi və yönətmənliyi ilə bu dəfə Rauf Arifoğlunun seçicilərlə görüşlərində ona lax yumurta atılması planı cızılıb. İlqar Ağazadə bu işi görəcək şəxslərlə də sövdələşib.

Plan baş tutarsa, bu, İqbal Ağazadənin Azərbaycanı dünyada biabır etməsi ilə nəticələnəcək. Azərbaycanda aparılan islahatların ardınca və görünür, bundan narahat olan İqbal Ağazadə, eləcə də onun bağlı olduğu revanşist Eldar Mahmudov klanı mümkündür ki, qəsdən ölkəmizi belə təxribatlarla beynəlxalq aləmin qınaqlarına tuş gətirmək, biabır etmək çabaları göstərir. Həm də bununla 35-ci dairədə seçkiləri pozmağa çalışır.

Hesab edirik ki, bu cür təhlükəli, cinayət xarakterli planlar hüquq-mühafizə orqanlarının diqqətini çəkəcək və onlara qarşı müvafiq tədbirlər görüləcək.

Sonda onu da qeyd edək ki, ötənlərdə İqbal Ağazadə və digərləri bu kimi çirkin metodların guya hakimiyyət qüvvələrinin işi olduğunu iddia edirdilər. Ancaq indi bir həqiqət ortaya çıxır ki, müxtəlif dönəmlərdə müxalifətçilərə, ayrı-ayrı şəxslərə (bir-birilərinə) qarşı belə iyrənc davranışları, hərəkətləri elə müxalifətçilər özləri təşkil edirmiş. Aydın olur ki, onlar bu sahədə daha çox ixtisaslaşıblar. Heç şühbəsiz ki, İqbal Ağazadə belə çirkli texnologiyalardan ötənlərdə öz rəqiblərinə qarşı çox istifadə edib...

Necə deyərlər, "başın yaxşı başdır, heyif qarpıza işləyib"...

Yumurtan qırılsın, İqbal...

Mənbə: veteninfo.az