GÜNAHKARLAR CƏZALANMALIDIR!!!- CAVİD İSMAYIL YAZIR

Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır"- 21 yanvar 1990-cı il, Moskva, Heydər ƏLİYEV.

TARİXİ XRONİKA!

Qanlı Yanvar faciəsinə, Azərbaycan xalqına qarşı törədilən cinayətə, qanlı təcavüzə ilk etiraz səsini ucaldan ulu öndər Heydər Əliyev ailə üzvlərilə birlikdə hadisənin ertəsi günü Moskvada Azərbaycanın Daimi nümayəndəliyinə gələrək, bu vəhşiliyi qətiyyətlə pisləməklə yanaşı, onun törədilməsi səbəblərini də açıqladı, təşkilatçılarının, günahkarlarının adını bütün dünyaya bəyan etdi.

İlk dəfə olaraq Naxçıvan Ali Məclisin "1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" 1990-cı il 21 noyabr tarixli Qərarında ilk dəfə 20 Yanvar gününün hər il Naxçıvan Muxtar Respublikasında "Milli Matəm Günü" kimi qeyd olunması əksini tapdı. 1992-ci il yanvarın 13-də isə daha bir tarixi addım atıldı, "1990-cı ilin yanvar ayında Bakı faciəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Rəyasət Heyətinin bəyanatı" qəbul olundu.

Ümummilli lider o dövrdə, hələ Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsinə seçilməzdən əvvəl xalq deputatı kimi Azərbaycan SSR Ali Sovetinin sessiyalarında da bir neçə dəfə 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsi ilə bağlı məsələ qaldırmışdı. 1991-ci il avqust ayının 29-da parlamentdəki çıxışında isə bir daha bu məsələyə toxunaraq ölkə rəhbərliyindən qətiyyətlə soruşmuşdur: "20 Yanvar faciəsindən il yarımdan çox vaxt keçir. Bu gün burada da, bu salonda da cürbəcür söhbətlər gedir... Mən sual verirəm Ali Sovetin sədri Elmira Qafarovaya, Azərbaycan Prezidenti Ayaz Mütəllibova. Nə üçün indiyə qədər bu məsələyə siyasi qiymət verilməyib?..".

Təəssüflər olsun ki, bu çağrışlar cavabsız qaldı bu hadisəyə ölkə səviyyəsində siyasi-hüquqi qiymət verilmədi.

Məhz ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanında deyilirdi: "Xalqımızın tarixinə qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir".

Fərmanda Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edilirdi. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Qərarda 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycanda vüsət almış milli-azadlıq hərəkatını boğmaq, suveren bir dövlət amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, belə bir yola qədəm qoyan xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.Sənəddə Sovet İttifaqı Kommunist Partiyasının, sovet dövləti və hökumətinin, şəxsən Mixail Qorbaçovun Azərbaycana qarşı ağır cinayət törətdikləri, Əbdürrəhman Vəzirovun, Ayaz Mütəllibovun, Viktor Polyaniçkonun, Vaqif Hüseynovun xalqımıza xəyanət etdikləri siyasi-hüquqi müstəvidə öz əksini tapdı. Azərbaycan SSR Ali Soveti Rəyasət Neyətinin sədri Elmira Qafarovanın, Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi Müslüm Məmmədovun bu qanlı faciənin törədilməsində məsuliyyət daşıdıqları və digər məsələlər də sənəddə qeyd olunubdur.

Əfsuslar olsun ki, hələ də əlləri xalqımızın qanına batmış canilər cəzalanmayıb! Hətda utanmadan, qızarmadan bu gün də, azad Azərbaycanımızda imtiyazla yaşayanları var! Azərbaycanın azadlığının əleyhinə olanlar, bu gün müstəqil dövlətimizin imtiyazlarından istifadə etməməlidirlər. Tarixin üz qaralaları, sapı özümüzdən olan belə baltalar mütləq cəzalanmalıdır.

Bizlər üçün isə, təbii ki, 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış təkçə faciə deyil. Bu tarix Azərbaycan tarixinə yazılmış qəhrəmanlıq nümunəsi olan şərəfli bir səhifədir. Bu tarix, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi.

Bu, uzun illər Sovet İmperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi. Unutmayağın ki, " Azadlıq ağacı vətənpərvərlərin qanı ilə suvarılır".

Allah şəhidlərimizə və ümummilli lider Heydər Əliyevə rəhmət eləsin!

Cavid İSMAYIL.

Olaylar.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya müxalifəti Putinin "hakimiyyətdə qalmaq" planına qarşı mitinq planlaşdırır

SONRAKI XƏBƏR

Yardımlıda 20 Yanvar qurbanlarının xatirəsi ehtiramla anılıb