Aleksandr Proxanov: Qorbaçov insanların ölümündə günahkardır

Aleksandr Proxanov: Qorbaçov insanların ölümündə günahkardır

Yanvarın 20-də Azərbaycanda matəm tədbirləri keçirildi. 30 il əvvəl Bakıya qoşunların gətirilməsi zamanı 140-dan çox adam öldürüldü, yüzlərlə insan yaralandı. Bakıya qoşunları göndərməyə qərar verən şəxs Mixail Qorbaçov olub. Amma indiyə kimi o, 1990-cı ilin yanvarında Bakıda baş verən hadisələr, qırğınlara görə məsuliyyət daşımayıb. Niyə belə olur?

Media.Az Rusiya Federasiyasının yazıçısı, siyasi və ictimai xadimi, İzborsk klubunun sədri və həmtəsisçisi, “Zavtra” qəzetinin baş redaktoru Aleksandr Proxanovla bu barədə danışıb.

- Mixail Qorbaçova münasibətinizi bilirəm, siz dəfələrlə birbaşa və açıq danışmısınız. Sizcə, niyə 30 il müddətində onu məsuliyyətə cəlb edə bilmədilər?

- Həqiqətən də, mənim ona münasibətim bəllidir. Mixail Qorbaçov SSRİ-nin dağılması üçün hər şey etdi. İnsanların kütləvi şəkildə məhvinə səbəb olan əsas şəxs o oldu. Onun başladığı “perestroyka” Sovet İttifaqının ideoloji və iqtisadi əsaslarını sarsıtdı.

Aralarında ixtilaf olsa da, Mixail Qorbaçovu Boris Yeltsin əvəz etdi. Yeltsin Qorbaçovun islahatlarının nəticələrindən bəhrələndi. Qorbaçov olmasaydı, SSRİ-nin dağılmasında son nöqtəni qoyan Yeltsin də olmazdı.

Yeltsindən sonrakı dövrdə keçmiş prezidentin ailəsi toxunulmazlıq təminatını aldı. Ancaq başa düşürük ki, Vladimir Putin SSRİ-nin qlobal fəlakətə çevrilən dağılmasından təəssüflənir.

İndi Mixail Qorbaçov siyasi elitadan kənarlaşdırılıb. Liberallar onu dəvət edir, o Almaniyaya uçur... Ancaq Vladimir Putin Mixail Qorbaçovun dağıdıcı rolunu çox gözəl başa düşür.

Vladimir Putin Mixail Qorbaçovu çoxdan daxilən uzaqlaşdırıb. Ancaq indi onu məsuliyyətə cəlb etməyi vacib saymır. Bunu Qorbaçovun ölümündən sonra, bəlkə də, başqa insanlar edəcəklər.

- SSRİ-nin dağılmasının səbəblərindən biri 1990-cı il yanvarın 20-də Bakıda baş verən hadisələr oldumu?

- Belə deyərdim: Bakıda, Tbilisidə, Baltikyanı ölkələrdə, Almatıda baş verən hadisələr imperiyanın süqutunun başlanğıcının nəticəsi idi. SSRİ buna kobud, ənənəvi, kifayət qədər primitiv şəkildə reaksiya verdi. Bütün baş verən faciələrə səbəb olaraq Bakıya qoşun yeridilməsi nə deməkdir? İmperiya yox olmaq istəməsə də, artıq zəifləmişdi. Hər şey mülki şəxslərin və hərbçilərin döyülməsi, ölümü ilə başa çatdı.

Lakin Azərbaycan müstəqillik, suverenlik qazandı. Anlamaq lazımdır ki, 20 Yanvar şəhidləri müstəqil Azərbaycanın ilk vətəndaşları oldular. Onlar ölərkən vətəndaşlıq aldılar.

- Amma Mixail Qorbaçovun günahı danılmazdır...

- ... Bu bir sıra məsələlərdə aydındır! O, çiçəklənən Sovet Azərbaycanının tərkibində olan bir dövləti məhv etdi. O, insanların ölümündə günahkardır. Onun hətta Dövlət Fövqəladə Hallar Komitəsinin (SSRİ-də cəmi dörd gün davam edən, 1991-ci il avqustun 18-dən 21-dək özünü elan edən orqan - red.) yaradılmasında rolu oldu.

Dövlət Fövqəladə Hallar Komitəsinin üzvlərinin siyahısı şəxsən Mixail Qorbaçov tərəfindən təsdiqlənib, mən onlarla ünsiyyətdə olduğum üçün bunu dəqiq bilirəm. Bu, Sovet İttifaqını məhv etmək üçün son xüsusi əməliyyat idi. Bir neçə ay sonra Boris Yeltsin “Belovejski Sazişi”ni imzaladı və SSRİ ləğv edildi.

Mixail Qorbaçov məsuliyyətə cəlb edilməlidir. O, tarix qarşısında məsuliyyət daşıyır. Qorbaçov Rusiyada ən çox nifrət edilən şəxsdir.

Mənbə: www.oxu.az