Rubrika: Səhra həkimləri: Lənətə gəlmiş müharibə, heç vaxt unudulmayan acı xatirələr, müharibə arzulayan qadın..

Rubrika: Səhra həkimləri: Lənətə gəlmiş müharibə, heç vaxt unudulmayan acı xatirələr, müharibə arzulayan qadın..

Yarımcan qalan Vətən var ortada-hamının dərdinin dərmanı olan Vətən... Əzizini, doğmasını itirənlərin ağlaya-ağlaya qələbə xəbərinə sevinmək ehtiyacı var... Vətəndən nigaran qalan şəhid ruhlarının rahatlıq tapacağı zəfər müjdəsinə möhtacdır o da hamı kimi...

Gənclik illərində Bakıda Eksperimental Cərrahlıq İnstitutunda işləyirdi... Hələ SSRİ süqut etməsə də, Azadlıq hərəkatı getdikcə geniş vüsət alırdı. İnstitutda işdən çıxıb tez-tez meydan hərəkatına qoşulan ağ xalatlı bu qız, insan selinin axınında səhhətinin zəifliyinə ram olanlara yardıma qaçardı həmişə...

Bir tərəfdən də Qarabağ bölgəsində ermənilər günahsız insanları öldürür, evləri yandırır, kəndləri xaraba qoyurdular. Bəlkə də kimsə ona yolunun müharibədən keçəcəyini, taleyinin ən məşəqqətli günlərinin yaxında olduğunu desəydi, inanmazdı...

Müharibəyə aparan həyat yolu

 

Rada Abbasova böyüyüb boya-başa çatdığı Ağcabədidən paytaxta tibbi təhsili almağa gəlmişdi. Cərrahiyə işinin bəzi sirrlərinə yiyələndikdən sonra əmək fəaliyyətinə başlamışdı.

“Necə oldu ki, müharibəyə getdiniz?” sualımıza sükutla ara verib danışmağa başlayır:

 

 

- Heç nə təsadüfi deyil... 1988-ci ildi. Ermənilərin Qarabağın Ermənistana birləşdirmək iddiasına qarşı çıxmaq üçün paytaxda və bölgələrdə mitinqlər keçirilirdi. Həmin ərəfədə Qafandan təhqir olunub qovulmuş insanların bir qismi bizim kəndə gəlib çıxmışdı. Onda qaçqın qadınları görüncə anam infarkt keçirdi. Özüm də tibb işçisi idi. Bakıda Eksperimental Cərrahlıq İnstitutunda işləyirdim. Təcili və təxirəsalınmaz cərrahiyyə şöbəsində tibb bacısıydım. Həmin il fevral ayından may ayının sonuna qədər kəndimizlə Bakının arasında yollarda qaldım. Anam xəstə olduğu üçün onu şəhərə apara bilmirdim. İşimi də itirmək istəmirdim... Ona görə rayonda çox qalmağım mümkün olmurdu. Çətinliklə anamı vəziyyətdən çıxarıb yanıma gətirdim.

 

Televiziyada eşitdim ki, ermənilərə qarşı müqavimət hərəkatı yaranıb. O vaxt “Azərbaycan Gəncləri” jurnalı var idi. Jurnalda tez-tez gənclər hərəkatı haqda məlumatlar dərc olunurdu. Mən də hərəkat yaradan ziyalı gənclərə qoşuldum. Hazırda Azərbaycan Respublikası prezidenti yanında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi şurasında işləyən Səfər Alışarlı, indi Milli QHT forumunun idarə heyətinin üzvü Aydın Kərimli, bir də Qorxmaz İbrahimli o dövrün fəal adamlarından idi.

Bir dəfə Aydın Kərimov dedi ki, mitinqlərdə insanların sıxlıqdan, ayaq üstə durmaqdan və əsəb gərginliyindən tibbi köməyə ehtiyacı olur, camaat arasında olmağın çox xeyirli olar. Beləcə, onun təklifi ilə, meydan hərəkatına qoşuldum.

O gündən mitinqlərdə tibb bacısı kimi fəaliyyətə başladım. Tribunada həmişə sağ tərəfdə dayanan ağ xalatlı qız mən idim.

Güllə altında köməyə tələsən qız...

 

20 Yanvar hadisələrini isə heç cür unuda bilmirəm. Cərrahi əməliyyat blokunda da, küçədə də anbaan yaşamışam o günləri. Eksperimental Cərrahıyyə İnstitutundan çıxıb meydan hərəkatının qərargahına getmişdim. Evə qayıtmaq istəyirdim. Gecə saat 12-yə qalırdı, çıxıb evə getmək üçün avtobusa mindim. Qəfildən küçələr, adamlar güllə-baran edilməyə başlandı. Heç kim güllənin qarşısından qaçmırdı, heç kim gizlənmirdi. Yaxınlığımda insanlara güllə dəydi, yaralananlar oldu. Küçələrdə barrikadalar qurulmuşdu. Evə getmək olmazdı daha... Nə olur olsun “Semaşko” kimi tanıdığımız 1 saylı Bakı şəhər xəstəxanasına çatdırmalıydım özümü. Mən ora yetişəndə artıq çoxlu yaralı vardı... O faciəni başqa xalq, başqa millət yaşasaydı bir də öz evindən bayıra çıxmazdı. Amma Bakı yenilmədi...

İlk səhra hospitalı, müharibəyə icazəsi gedən tibb bacısı

 

 

1991-ci ilin sonlarına yaxın ilk hərbi səhra hospitalı yaradıldı. O hospital dəmiryol relsinin üstündə sanitar vaqonlarda qurulmuşdu və adı belə yazılırdı: “Ağdam hərbi səhra cərrahiyyə hospitalı”. Amma hərbi hissə olaraq nömrəsi 223 idi (indi ləğv olunub). Xidmətə 1992-ci ilin mart ayında həmin vaqon-hospitalda başladım. Çox hörmət etdiyim savadlı, ləyaqətli həkim, elmlər doktoru rəhmətlik Şakir Hacıyev bir gün məni yanına çağırıb dedi ki, Ağdamda vəziyyət çox ağırdır. Ürək cərrahımız Eldar Əliyev də oradadı. Tibb bacısı baxımından köməyə ehtiyacımız var.

 

Həmin söhbətdən sonra növbəti gün əşyalarımı götürüb evdən çıxdım. Əmimin övladı yox idi deyə, məni öz balası kimi əzizləyib saxlayırdı. Ona heç nə demədim. Bilirdim ki, müharibəyə getməyimə razı olmayacaqdı. Ona görə də, heç kimə heç nə demədən gəldim Müdafiə Nazirliyinə. O vaxt nazirliyin tibb xidmətinin ağırlığını 5-6 nəfər öz çiyinində daşıyırdı. Dağlar Abdullayev, Xanlar müəllim, Yusif müəllim və sayrə...Yusif müəllimə dedim ki, səhra hospitalında işləmək üçün Ağdama getmək istəyirəm. Fikrim qəbul olundu. Eləcə yollandım dəmir yol üzərindəki vaqon-hospitala. Çatdığım gündən işə başladım və həyatımın 11 ilini hərbi tibb işçisi kimi yaşadım: yarısını həmin hospitalda, qalanını isə Bakı qarnizonunda xidmət elədim.

Rada Abbasova deyir ki, o dövrdə, cərrahi əməliyyat üçün normal otaq şəraiti yox idi. Peşəkar cərrahiyyə tibb bacısı çatışmırdı. Amma buna baxmayaraq, ilk səhra hərbi hospitalının təzə formalaşan personalı bütün çətinliklərə rəğmən yaralıların həyatını xilas etmək üçün, onların yenidən həyata, xidmətə qayıtması üçün əlindən gələni edirdi.

Xəstələriylə ölən həkimlər...
- Tibb bacısı kimi cəbhə bölgəsində işə başladığınız ilk gün yadınızda necə qalıb?

 

- Çox ağrılı xatirələrlə... Ümumiyyətlə, tibb işçiləri hər dəfə ölən xəstə ilə ölürlər... Yəni öldü deyə bilmirsən. Təəssüflənirsən. Bu qədər əziyyətin sonunda yaralının dünyaya göz yummasını qəbul etmək çətin işdir. Adamı bir sual narahat edir: “İndi onun doğmalarına nə cavab verək?” Heç kim o insanların kədərini, dəhşətini görmək istəmirdi... Döyüş bölgəsində hər günün, hər anın kədərli dramı var. Çünki bir saat öncə söhbət etdiyin adam indi yaralı kimi sağ qalacağına ümid bəsləyir və ya artıq həlak olub... Hansı ki, özü bir-iki saat əvvəl yaralı silahdaşını gətirib onun sağ qalması üçün qan verir, canfəşanlıq edirdi... O mənzərələri təsvir eləmək çətindi.

- İlk yaralı və şəhid gördüyünüz günü necə xatırlayırsınız?

 

 

- Hələ Ağdama getməmişdən biz Eksperimental Cərrahiyyə İnstitutunda Qarabağdan gələn yaralıları əməliyyat edirdik, tibbi xidmət göstərirdik. Xocalı hadisələrində ayaqlarını don vurmuş, o fəlakəti yaşamış, psixikası pozulmuş insanları görmüşdük. Amma təbii ki,cəbhədə hər şey tamam fərqlidir. Bakıya gəlib çıxan yaralıların əksəriyyəti əməliyyat olunmuş, üst-başının qanı təmizlənmiş, geyimi dəyişdirilmiş şəkildə olurdu. Biz onu xəstə kimi qəbul edirdik. Amma Ağdamda hərbi geyimdə, qanın içində, ağır vəziyyətdə olurdu yaralılar... Əsgəri, döyüşçünü o vəziyyətdə görəndə nə edəcəyini unudursan, çaşırsan. Elə olub ki, günlərlə yeməyə iştahamız olmurdu, tamam taqətdən düşəndə bilirdik ki, sutkalarla, saatlarla ayaq üstəyik... Nə olur olsun, vəzifəmizi yerinə yetirməliydik. Əməkdaşımız az idi... Xəstəxanada təmizlik, səliqə-sahman, hər an əməliyyata hazır olmaq, cərrahiyə alətləri, sarğı vasiətləri, dərmanların yerbəyer edilməsi, bir sözlə, hər şey sayca az olan kollektivin öhdəsinə düşürdü. Hər işi özümüz görməliydik. Çünki yeni gələn hər bir yaralının ümidi, pənah yeri yalnız və yalnız hospitalın həkimləri və tibbi personal olurdu... Biz də buna həm fiziki, həm də mənəvi cəhətdən hazır olmalıydıq.

Ölümdən ağır Şuşasızlıq... Vətən üçün yaşayan qızlar
- Ən ağrılı an, ən dəhşətli hadisə nə olub fəaliyyətiniz boyu?

 

 

- Biz sanitar vaqonda çox çətinliklər yaşayırdıq. Vaqon Ağdam rayonunun girişində idi. Düşmən artilleriyasına hədəf olmamaq üçün müəyyən vaxtlarda Bərdəyə və ya Yevlaxa gedib qayıdırdı. Bizi hər an vura bilərdilər. Sonradan Ağdam rayonunun Mahrızlı kəndinə köçdük. Rahib Məmmədov adına məktəbin bir hissəsi yataqxanamız idi. Hospital yaxınlıqdakı kəndin xəstəxanasında yerləşirdi. Oradakı ən ağır günüm Şuşanın işğal günüdür. O gün, utancımdan, xəcalətimdən, təəssüfümdən, ifadə edə bilməyəcəyim mənəvi ağrılardan qurtula bilmək üçün ölmək istəyirdim...

 

Şəxsi həyatımda çox uğursuzluqlar olub. Onların heç biri Şuşanın işğal günü yaşadığım dəhşətlə müqayisə oluna bilməz...

- Müharibə dövrü, komandirlərin münasibəti necə idi tabeliyində olanlara?

 

- Mən indiyədək ideal kollektiv nümunəsi kimi bizim hospitalın əməkdaşlarını görürəm. Rəisimiz əvvəlcə Qurban Camaloviç idi. Allah ona rəhmət eləsin. O sonra Tərtər hospitalına getdi. Bizim hospitalda komandir və baş həkim kimi Qurbanlı Alı qaldı. Alı hospitalda çalışan hər kəsə ata, böyük qardaş kimi yanaşırdı. Mahrızlıda artıq bizim 40 nəfərdən çox qadın əməkdaşımız vardı. Onlardan ikisi hələ də həmin hospitalda çalışır - Tünzalə ilə Xalidə. Ağdam hospitalında işə onlarla birgə başlamışdıq... İkisi də indiyədək ailə qurmayıb... Həyatlarını bu Vətən üçün yaşadı bizim qızlar...

Növbəti uğursuzluq... Güllə altında yetişən peşəkarlar...
- Bəs sizin şəxsi həyatınız?

 

 

- Mən ailə qurdum. Yoldaşım da müharibə görmüşdü. Bir oğlumuz oldu. Amma evliliyimiz uzun sürmədi. İkimizdə də müharibə sindromu var idi. Münasibətimiz pozulmağa başladı. Anlayırdıq ki, müharibə və ondan yadigar qalan sarsıntılar bizi rahat buraxmır. Nə özümü, nə də onu qınaya bilmirdim... Daha dünyasını dəyişib. Allah rəhmət eləsin.

- Həkimlərin peşəkarlıq səviyyələri nə yerdə idi?

 

 

- Ora təcrübəsiz insanlar buraxılmırdı. Alı həkim yüksək ixtisaslı travmatoloq, Çingiz həkim ümumi cərrah, Eldar həkim isə döş qəfəsi və ürək cərrahı idi. Hətta təcrübəsiz insanlar getsələr belə təcrübəlilər, onları elə yetişdirirdilər ki, 2-3 ayın içində lazımi səviyyəyə çatırdılar. Çünki orada iş həddən artıq çox idi. Kurs da açmışdıq. Dəqiq bir saatımız olmasa da, döyüş olmayan günlərdə gənc əməkdaşlarımızı yığıb nəsə öyrədirdik. Bizim xadimələrimiz venaya düşməyi, əməliyyatda dayanmağı bilirdi, tibb bacılarımız xadimənin işini, cərrahımız tibb bacısının, sanitarın işini bilirdi. İdeal bir kollektiv formalaşdırmışdıq. Hər kəs maşın sürməyi, silahdan istifadə etməyi bacarırdı. İmkan olanda 5 nəfər hospitalda qalırdı. Növbələşib poliqona təlimlərə gedirdik. Bizim kollektivdə o vaxt döyüş bölgəsində işləyə bilən 50 nəfərə qədər tibb bacısı yetışib. Yanımıza könüllü gələn tələbələr bir müddətdən sonra peşəkar olurdular.

 

Məleykə adlı bir qızımız varıydı, sarğı otağının tibb bacısı idi. İşini çox yaxşı bilirdi. Bir-birimizdən öyrəndiklərimiz çox oldu. O, travmatalogiyada işləmişdi. Sınıqları düzgün sarımaqda, gips, langet qoymaqda usta idi. Allah ona rəhmət eləsin...

Həkim, tibb bacısı, ana, bacı, xadimə, dərzi qızlar...

 

Elə olub ki, qızlarımız özlərinin yun paltarlarını söküb əsgərlərə corab toxuyurdu. Biz yaralıların ayaqqabısını, paltarını atmırdıq. Cırıq-söküklərini tikirdik. Özümüzün paltartikən maşınımız da var idi, dərzimiz də. Çünki o vaxt bəzən geyim çatışmırdı.

 

Elə olurdu ki, əməliyyatlar qurtarandan sonra vedrədə su götürüb şəhidlərin yanına gedirdim. Onların əllərinin, üzlərinin qanını yuyurdum.... Paltarlarını, üst-başlarını düzəldirdim. Fikirləşirdim ki, bu, bir ananın övladıdır, bəlkə ana son dəfə oğlunun üzünə baxmaq istədi.. Düzdür, həmişə belə edə bilmirdim... Çünki döyüş bölgəsində şəhid olanlar çox olurdu... Orada qorxu hissi də ölmüşdü, yorğunluq hissi də, gülmək hissi də. Ağdam işğal ediləndə biz beş gün ac qaldıq. Köçdük Ağcabədi rayonunun Sarıcalı kəndinə. Yerləşdiyimiz binanın həyətində artezian var idi. Nə xəstələrin paltarını yuyan var idi, nə palataların təmizliyinə baxan. Hər işi özümüz görürdük. Beləcə xidməti borcumuzun öhdəsindən gəlmək üçün nə bacarırdıq, edirdik... Özüm ağır vəziyyətdə olan 7 nəfərə qan vermişəm.

Bakıya dönəndə, evimizdə bir böyük güzgü vardı, o güzgünün qarşısından keçəndə üzümü çevirirdim ki, özümü görməyim. Tamam əldən düşmüşdüm. Daha çox ruhən, mənən sarsılmışdım.... Hələ də o haldayam. Deyirlər, zaman hər dərdin, hər yaranın məlhəmidir. Amma elə dərdlər var ki, onu heç kim, heç nə sağalda bilmir... Şuşasız, Ağdamsız, Qarabağsız hansı yara sağalar ki?!... Heç biri...

 

Ehtiyaclar içində boğulan rəşadət... - Dərman preparatları, ləvazimatlar çatışırdımı?

 

 

- Çatmırdı. Yalnız vətənpərvər adamların, ürəyi Azərbaycan Ordusunun yanında olan insanların dəstəyi ilə bizə ara-sıra kömək gəlirdi. Dərman, sarğı vasitələri, tibbi alətlər və sayrə ləvazimatlar, ərzaq gətirirdilər. Amma yenə də çatmırdı. Biz üçqat maaş alırdıq. Özümüz pul yığıb dərman, sistem, iynə, cuna alırdıq. Ölkənin pis vaxtı idi. Sovet İttifaqının cəngindən qurtardığımız bir vaxtda, Qarabağ müharibəsinin də yükü düşdü üstümüzə... Beş ölkə ilə döyüşürdü Azərbaycan. Ermənilər Suriyadan, Livandan, Fransadan, Amerikadan muzdlular yığıb gətirmişdilər. Hələ digərləri kimlər idi? Onu bilmirəm...

- Tibb xidmətinin keyfiyyət səviyyəsi baxımından ölənlər olurdumu?

 

 

- Bəli, olurdu. Niyə olurdu? Əvvəla, işçi qüvvəsi çatmırdı. Döyüş meydanında yaralanan əsgəri həmən sarıyıb, mobilizasiya edib, ağrıkəsici vurub, həkiməqədərki yardımı edib göndərənlər demək olar ki, Yoxuydu. Olanların da ixtisaslıları, bacarıqlıları çox az idi. Yaralılar ”KamAz”larda, zirehli döyüş texnikalarında gətirilirdi hospitala. Bu vəziyyətdə silkələnə-silkələnə, sarğı qoyulmamış, ağrıkəsici vurulmamış gətirilən yaralı şoka düşürdü və geridönməz proseslər başlayırdı. Onu şokdan çıxarmaq, itirdiyi qanı əvəzləmək, yaralanmış daxili orqanların funksiyasını bərpa etmək, infeksiyaların qarşısını almaq çox çətin olurdu. Həm də bu hal çox olanda, gələn xəstəni darhal əməliyyata götürə bilmirsənsə, buna yerin yoxdursa nələrin baş verdiyini təsəvvür etmək o qədər də çətin deyil... Amma həkim səhlənkarlığından, tibb işçilərinin diqqətsizliyindən ölüm halı mövcud ola bilməzdi... Qan olmayanda öz qanımızı verirdik. Sonralar Mahrızlı və Qaradağlı kəndinin camaatı da qan verməklə yaralı əsgərlərə kömək edirdilər (kövrəlir). Bu, o zaman üçün çox böyük yardım idi. Yerli sakinlər yemək bişirib hospitala gətirirdi.

 

Sutka ərzində saatlıarla cərrəhiyyə əməliyyatında olurduq. Təəssüf ki, o qədər çalışmağımza rəğmən nəticəsiz qalan əməliyyatımız da olurdu...

 

Özünü korluğa vuran dünya

 

“Bizimçün dünyanın gözündə haqq-ədalət üzüldü... Heç kim eşitmədi səsimizi... Özü də deyirlər, haqq nazilər üzülməz. Harda idi o haqq ki, milyonlarla insanı evindən, eşiyindən qovdular. Qadınlar, uşaqlar girov düşdü. Bu gün də girovluqdadılar. Çoxunun daxili orqanlarını satdı erməni cəlladları. Bəs o uşaqların, ahılların haqqı üzülmədimi? Üzüldü. İndi də dünya bizi eşitməyə, haqq səsimizə səs verməyə çalışmır.

Demək ki, dünyanın insan haqqlarını qoruyan böyük təşkilatları görüntü üçün yaradılıb”, - nəzərlərini məchul bir nöqtəyə zilləyib sanki bizimlə söhbət etdiyini unudubmuş kimi öz-özünə yarıpıçıltı ilə danışır...

“Bu haqsız dünyanın üzü qara olsun. Bəs mənim haqqım? Bəs mən nə vaxt insan olaraq ləyaqətlə, insan kimi öz ata-baba yurdumda, doğma ocağımın istisində yaşamağa başlayacam? Torpaq işğal altındadı, yeraltı, yerüstü sərvətlərimiz talanır...” - deyib, dərindən ah çəkir...

Yenilməyən kollektiv... Ordu olmayan ordu...
- Başqa daha hansı çətinlikləriniz olurdu?

 

- İstilik yox, isti su yox, azacıq da olsa, şəraitə malik hamam yox, odun yox, qaz yox, dərman yox, ləvazimat yox... bir vaxt Moskvadan aldığım mikrocərrahiyyə dəstini özümlə aparmışdım hospitala. Eksperimental Cərralıq İnstitutunda tibbi alət qalmamışdı. O qədər çatışmazlığımız var idi ki, hamısını yığıb aparmışdım Ağdama.

 

Adi döşəküzü belə çatmırdı. Yuyucu vasitə, əlcək, işlənən hər şeyə ehtiyacımız var idi. Təminat çox az idi. Dövlətin elə məqamı idi ki... Amma bu gün çox şükür elə şeylər yoxdur. Hər şey müqayisəolunmaz şəkildə dəyişib.

 

- Ordunun o vaxtkı vəziyyəti necə idi?

 

- Ordu var idimi? O ordu deyildi. Könüllü döyüşə gəlib, ölümün üstünə əliyalın gedən insanlar idi. Ordunu formalaşmasına mane olanlar da bir tərəfdən...

 

- Müharibə Sizdən nəyi aldı, Sizə nəyi verdi?

 

- Sağlamlığımı aldı, şəxsi həyatımı aldı, Vətənimi aldı, qürurumu aldı, ürəkdən sevinmək hissini aldı. Amma mənə heç vaxt əvəz olunmayacaq dostlar verdi.

 

Gülməyi unudan qadın, bir ömürə sığmayan xatirələr - Bəs Sizə nəyi öyrətdı?

 

 

- Gülməməyi. Həmişə kədərli olmağı.

- Bu sizə nə verir ki?

 

 

- Heç nə. Təkcə xəstəliyə sürükləyir... Amma yaxşı ki, çox sədaqətli dostlarım var. Müharibə yoldaşına olan münasibətin, sevgin nə övlada olan sevgi, nə ata-anaya, nə də başqa doğmalara olan münasibətə bənzəmir. Beyninin də, ürəyinin də fərqli bir hissəsindədir o sevgi. Mən müharibə yoldaşlarımı görəndə keçirdiyim hissləri belə ifadə edə bilmirəm. Bir də müharibə mənə bilirsiz nə verdi? Bu gündən sonra 10 il oturub nəvələrimə, dostlarıma, yaxınlarıma xatirələrimi danışsam bitməz... Heç bitməz. Bu gün Azərbaycanı təbliğ edən adamlara arxiv lazım deyil. Bizlər varıq. Nə qədər ki, zaman var həyat yolu müharibədən keçmiş adamların xatirələrini salnaməyə çevirmək lazımdı.

- Deyirlər qadınlar zərif cinsdir, amma müharibədə qadınların rolu danılmazdı. Güllə altında çalışmaq və zəriflik...

 

 

- Qadına fiziki cəhətdən gücü az olduğuna görə zərif deyirlər. Ümumiyyətlə, hərbdə elə sahələr var ki, orda qadınların rolu danılmazdı. Kargüzarlıq, tibb, siyasi işlər, vətəndaşlarla əlaqə sahələri, hətta döyüş bölgəsində belə qadınların rolu danılmazdır. Döyüşə gedən hərbi hissədə, bölmədə, qrupda bir qadın varsa həmin döyüş tamam fərqli olur. Çünki o qadını qorumaq hissi hamıya beşqat güc verir.

 

Kim nə deyir desin, Ali Baş Komandan yenidən əmr versə, mən yenə müharibəyə gedəcəm. Məni heç kim saxlaya bilməz. Oğlum böyüyüb, tələbədir. O yaşda Bakıda kimsiz-kimsəsiz oxuyurdum. Mənimçün hamıdan öndə bir Vətən var. Canımdan da əziz olan Vətən!

 

Səngərdə yaşayan ailə, qərargahı xatırladan ev... - Müharibə illərində ən çox kim üçün darıxırdınız?

 

 

- Heç kimdən ötrü darıxmırdım. İki qardaşım var: Yaşar və Vüqar. Mənimlə birlikdə müharibədə idilər. Atam-anam vaxtaşırı, bəlkə də hər gün çörək, yemək, ərzaq, meyvə alıb gətirirdilər bizim xidmət etdiyimiz yerlərə. Evimiz döyüş bölgəsinə çox yaxın idi, qərargahı xatrıladırdı. Üç hərbi hissənin əsgəri, qardaşlarımın döyüşçü yoldaşları Yaşarla, Vüqarla gedib bizim evdə yuyunurdu, bizim evdə yeyirdi, üst-başlarını sahmana salırdılar. Əmim də Bakıdan bizə tez-tez yardım gətirirdi. Hamımız müharibənin içində idik deyə, darıxacağım kimsə yox idi. Doğmalarım yanımda olmasalar belə, yenə darıxmazdım. Çünki orda darıxmağa, kimisə xatırlamağa imkan yox idi...

Təsəlli xatirinə danışılan yalan.... Vücudu yarımçıq dəfn edilənlər...
- Həyatınızda müharibə hansı rolu oynadı?

 

 

- Müharibə mənim həyatımda ağrı-acı dolu izlər qoydu. Xatırlanması acı verən xatirələr bağışladı. Ayaqları, qolları kəsilmiş, gözləri kor olmuş oğlanların gözlərimdən çəkilməyən şəkillərini çəkdi yaddaşımda... Hamilə yoldaşı qapıda ərinin sağalacağını gözləyən, amma özü içəridə şəhid olan oğlanların ruhunu əmanət verdi bizə müharibə... Övlad üzü görmədən ölənlər, övladsız qalanlar... Beş oğlu şəhid olan ata gördüm. Vücudunun yarısı Ağdamda, yarısı Bakıda basdırılan Gültəkini gördüm.

 

Haqsızlıqları gördüm, qaçqınları gördüm. Hərdən, yaşadığım ağrılardan qurtulmaq üçün çıxıb hospitalın həyətində hayqırmaq istəyirdim ki, görəsən, səsim Allaha çatarmı? Bilirdim ki, çatmaz. Elə bil, Allahdan da küsmüşəm.

 

- Təbii ki, döyüşənlərin mütləq əksəriyyəti gənc oğlanlar və kişilər idi. Onlardan kimsə şəhid olanda, meyiti tapılmayanda onların ana-bacılarını, həyat yoldaşlarını, qızlarını necə təsəvvür edirdiniz? O anda onlara nə demək istəyərdiniz?

 

- O qədər acı bir şey idi. Onların gözünə görünmək belə istəmirdik. Bəziləri şəhid olanda meyitləri tapılmırdı... Təsəlli xatirinə deyirdik ki, bəlkə girov düşüb, bəlkə bir gün dönəcək?!. Amma bilirdik ki, elə deyil... dönməyəcək. Bax, o ağrını, o dəhşəti yaşamaq ayrı bir faciədir...

 

Mənbə: ordu.az