Slovakiyanın ölkəmizdəki səfirliyində beynəlxalq müsabiqənin qalibləri təltif edilib

Slovakiyanın ölkəmizdəki səfirliyində beynəlxalq müsabiqənin qalibləri təltif edilib

Yanvarın 23-də Slovakiyanın Azərbaycandakı səfirliyində ötən ilin iyun ayında Slovakiyanın Banska-Ştiavnisa şəhərində keçirilən “Dünya irsi – Gəncliyin baxışı – 2019” beynəlxalq bədii müsabiqəsinin qaliblərinin təltifetmə mərasimi təşkil olunub. Azərbaycanı bu müsabiqədə Respublika İncəsənət Gimnaziyasının yetirmələri təmsil ediblər.

AZƏRTAC xəbər verir ki, tədbiri Slovakiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Milan Layçak açıb. İlk növbədə qalibləri təbrik edən Milan Layçak onlara müvəffəqiyyətlər arzulayaraq, deyib ki, Azərbaycan dövləti sürətlə inkişaf edir, burada istedadlı və perspektivli gənclər üçün bütün şərait yaradılıb. Diplomat əlavə edib ki, ötən il Azərbaycanda Slovakiya səfirliyinin açılması iki xalqın yaxınlaşması yolunda atılan böyük addımdır.

Milan Layçak diqqətə çatdırıb ki, müsabiqənin əsas mövzusu UNESKO abidələri olub. Dünyanın hər yerindən olan iştirakçılar yüksək ustalıq səviyyəsi və bu mədəniyyət nümunələrinə dair öz təsəvvürlərini nümayiş etdiriblər.

Sonra qaliblərə diplomlar və xatirə hədiyyələri verilib.

Mənbə: azertag.az