Elxan Şahinoğlu: "ABŞ-ın səfirliyinə hücum sıradan bir hadisə deyil"

Elxan Şahinoğlu: "ABŞ-ın səfirliyinə hücum sıradan bir hadisə deyil"

İraqın paytaxtı Bağdadda dövlət binaları və xarici diplomatik missyaların yerləşdiyi qapalı "yaşıl zona" adlı əraziyə 5 raket atılıb. Raketlərdən 3-ü ABŞ-ın Bağdaddakı səfirliyinin ərazisinə düşüb. Xəsarət alanlar barədə məlumat verilməsə də, səfirliyin əməkdaşlarının təxliyə olunduğu bildirilir. Daha əvvəl də ABŞ səfirliyi atəşə tutulsa da, mərmilər ətraf ərazilər düşürdü. Hələlik hücum edənlərin kimliyi bilinmir. Ancaq ötən ilin dekabrında ABŞ səfirliyinə hücum edən bir qrup səfirliyin qarajına daxil olmuşdu.

Bu hadisələr İraqda Amerika əleyhinə etirazların və İranla gərginliyin artdığı bir dövrdə baş verir. Ötən həftənin cümə günü Bağdadda ABŞ əleyhinə "milyonluq" aksiya keçirilib.
Vaşinqton qüvvələri İraqdan çıxarmayacağını bildirsə də, ötən həftə Davosda İraqın kürd liderləri ilə görüşən ABŞ prezidentinin gündəmində Ərbil və ətrafında yeni hərbi bazalar qurulması ilə bağlı danışıqların aparıldığı iddia olunurdu. Ehtimal ki. Vaşinqton Bağdadda vəziyyətin gərginləşəcəyi halda hərbi gücünü Ərbilə köçürmək variantı üzərində işləyir. Bu isə İraqda qarşıda ciddi gərginlik və yeni xaos olma ehtimalını gücləndirir.

Bununla bağlı Sonxeber.az-a danışan politoloq Elxan Şahinoğlu son illər İraqda xaosun yaşandığını qeyd edib:

"İraqda dövlət quruluşu ləğv edilib, mərkəzi hökümət çox proseslərə nəzarət edə bilmir. "Yaşıl zona"da bilirsiniz ki, dövlət binaları, səfirliklər yerləşir. Qalan zonalara isə polis və ordu nəzarət etməkdə çətinlik çəkir. Ona görə də bu dövlətdə xaos yaşanır. Kürdlər öz bildiklərini edir, sünni və şiə qruplaşmaları arasında qarşıdurma olur. Üstəlik də işsizlik və iqtisadi, sosial vəziyyətin ağırlığı insanları küçələrə çıxmağa sövq edir. Bununla da toqquşmalar yaşanır. Son statiskada sosial çağırış və çıxışlar zamanı 500 nəfərə yaxın şəxs qətlə yetirilib. İndi də səfirliklərə müyyən hücumlar olunur.
İraqda təkcə anti-Amerika əhval-ruhiyyəsi yox, eyni zamanda İran əleyhinə də şüarlar səslənir".

Politoloq mərkəzi hökümətin ölkəyə nəzarət edə bilmədiyinə görə İraqda müxtəlif toqquşma, dağılma proseslərinin davam edəcəyini açıqlayıb:

"İndi İraqda Amerikanın hərbi bazaları var. ABŞ prezidenti Davosda İraq prezidenti ilə görüşdü. İraqın iqtisadiyyatı dirçəldə biləcək müəyyən qədər neft yataqları var. Amma görürük ki, İraq mövcud problemlərini təkbaşına həll edə bilmir. Ona görə də bir çox dövlətin maraqları İraqda parçalanır. Sonda da belə toqquşmaların yaşandığı görünür.
ABŞ-ın səfirliyinə hücum sıradan bir hadisə deyil. Adətən Amerika belə hadisələrə çox sərt reaksiya verir. Bildirim ki, Amerikanın səfirliyinə edilən hücumla bağlı hansısa bir cavab aksiyası həyata keçirməyi də gözləniləndir".

 

 

 

 

Mənbə: sonxeber.az