Səfirliklərlə diaspor qarşıdurması: GƏRGİNLİKDƏN KİMLƏR QAZANDI

Uzun illər idi ki, xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərimizlə diaspor fəaliyyətini tənzimləyən Diasporla iş üzrə Dövlət Komitəsi arasında yaşanan “soyuqluq” özünü azrbaycanlıların pərakəndəliyində açıq büruzə verirdi. Heç şübhəsiz ki, yaranmış vəziyyətdən daha çox Azərbaycana qarşı olanlar, xüsusilə də erməni diasporu yararlanırdı.

Ancaq son iki ildə demək olar ki, Azərbaycan diasporu öz fəaliyyətini diplomatik nümayəndəliklərimizlə birgəlik üzərində qurub.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov dəfələrlə bəyan edib ki, onlar bütün ölkələrdə səfirliklərimizə birgə işləyirlər. Dövlət Komitəsinin sədri bunun alternativi olmadığını söyləyib.

Bəs, birgə fəaliyyət hansı nəticələr verir?

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirib ki, bu birgə fəalliyyətdə Koordinasiya Şuralarının rolu əvəzsizdir:

 

“Düzü, səfirliklərlə diaspor təşkilatlarının fəaliyyətini mütəmadi olaraq izləmirəm. Ancaq onu deyə bilərəm ki, gərgin münasibətlər həmişə olub. Bu gərginlik də müxtəlif təşkilatlarda müxtəlif adamların təmsil olunmasından irəli gələ bilər.

Millətin birliyi naminə səfirliklər və diaspor təşkilatlarının birgə fəaliyyəti çox önəmlidir. Cənab Prezident tərəfindən təyin olunan səfirin siyasi mövqeyində də diaspor təşkilatları ilə birgə çalışmaq əsas olmalıdır.

Həmçinin, Koordinasiya şuralarının yaradılması çox vacibdir. Koordinasiya Şuraları təkcə diaspor təşkilatlarının yox, həm də iki qurumun qüvvələrinin toplanması üçün çox yaxşı şərait yaradır. Xarici İşlər Nazirliyinin adını ona görə qeyd edirəm ki, xaricdəki səfirliklərimizin fəaliyyəti çox genişdir. Onların xarici ölkələrə işçiləri ezam olunub. Birbaşa əlaqələrin yaradılması üçün səfirliklərin daha geniş imkanları var. Diaspor Komitəsinin nümayəndələri isə mütəmadi olaraq xarici ölkələrə gedib-gələ bilmir. Amma xarici ölkələrdə rəsmi olaraq səfirliklər mövcuddur. Koordinasiya Şurasının mövcud olması isə əlaqələri daha da möhkəmləndirməyə imkan verir. Ona görə də səfirliklərimiz və diaspor təşkilatları birgə fəaliyyət göstərə bilirlər. Bu istiqamətdə son zamanlar Diaspor Komitəsinin atdığı addımlar açıq hiss olunur və milli maraqlar üçün bu, çox vacibdir”.

Belçika-Niderland Azərbaycanlılarının Korrdinasiya Şurasının Əlaqələndiricisi, Avropa Azərbaycanlıları Media Qrupunun rəhbəri Emil Əliyevin sözlərinə görə, Niderlandda birgə fəaliyyət həmişə olub:

“Vurğulamaq istəyirəm ki, Niderlandda səfirliklə diaspor təşkilatları arasında hər hansı gərginliyə rast gəlməmişəm. Hansısa anlaşılmazlıq, yaxud da təşkilatlar arasında ciddi problemlər olmayıb. Əksinə, hər zaman biri-birlərinə dəstəyin şahidi olmuşam. Niderlandda keçirilən bütün tədbirlərdə səfirlik nümayəndələri iştirak ediblər. Lazım olan texniki dəstəyi də əsirgəməyiblər. Təbii, əvvəllər bəzi ölkələrdəki səfirlik və diaspor təşkilatları arasındakı gərginlik barədə bizim də məlumatımız olub. Hesab edirəm ki, indi bu cür gərginliklər tam aradan qaldırılıb. Çünki Koordinasiya Şuralarının yaranması daha sıx və birgə işləməyə xidmət edir. Koordinasiya Şurasının əlaqələndiricisi olaraq deyə bilərəm ki, səfirliklə sıx əlaqədə çalışırıq. Həmişə qarşılıqlı dəstək olub”.

Modern.az

ƏVVƏLKİ XƏBƏR

İnsanın heyvana çevrilə bilməsi barədə Quranda nə deyilib?..

SONRAKI XƏBƏR

Fransada 200 milyonluq villa aldı - Video