Ermənilər özlərinə saxta tarix yazdıqları vaxtda Akademiyanın Tarix İnstitutunda Deportasiya şöbəsini kim və niyə ləğv etdi...

Ermənilər özlərinə saxta tarix yazdıqları vaxtda Akademiyanın Tarix İnstitutunda Deportasiya şöbəsini kim və niyə ləğv etdi...

Azərbaycan xalqının yaşadığı deportasiya və soyqırım aktları tariximizdən qanlı xətlə keçir. XX əsrdə erməni daşnakları tərəfindən başımıza gətirilən soyqırım və deportasiya aktları unudulmamalı, xalqımıza qarşı olan bu qanlı terror xüsusi mərkəzlər, elmi qurumlar tərəfindən dərindən araşdırılmalı, tədqiq edilməli, kitablar şəklində hazırlanıb müxtəlif dillərdə elektron resurslarda yerləşdirilməlidir.

Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırım və deportasiya tarixinin araşdırılması ən ümdə məsələlərdən biridir. Vaxtilə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda görkəmli tədqiqatçı, tarix elmləri namizədi İsrafil Məmmədovun rəhbərliyi ilə Deportasiya və Soyqırım şöbəsi fəaliyyət göstərirdi, indi sözügedən institutda bu adda şöbə yoxdur. Heç bir şəraiti olmayan buz kimi otaqda fəaliyyət göstərən şöbənin açılmasında məqsəd ermənilərin XX əsrdə xalqımıza qarşı etdiyi mənfur əməllərin qaynağının, nəticələrinin araşdırılması idi.

Şöbənin sabiq əməkdaşı: “İqrar Əliyev rəhmətə getdikdən sonra akademik Yaqub Mahmudov Tarix İnstitutuna direktor oldu və həmin dövrdə institutda bəzi şöbələrin bağlanması...”

Ləğv edilmiş Deportasiya və Soyqırım şöbəsinin adının çəkilməsini istəməyən keçmiş əməkdaşlarından biri bizimlə söhbətində bildirdi ki, mərhum professor Vaqif Arzumanlının rəhbərlik etdiyi Beynəlxalq Münasibətlər İnstitutu ləğv edildikdən sonra onun əməkdaşları akademiyanın müxtəlif institutlarında yerləşdirilib, onların bir qismi isə həmin dövrdə akademik İqrar Əliyevin rəhbərlik etdiyi Tarix İnstitutunun müvafiq şöbələrində işlə təmin edilib. Həmin dövrdə isə Deportasiya və Soyqırım şöbəsi yaradılır və İsrafil Məmmədov bu şöbəyə müdir təyin edilir. Buna səbəb kimi İ.Məmmədovun erməni dilini yaxşı bilməsi və Ermənstanda müxtəlif vəzifələrdə işləməsi, bu yöndə tədqiqat işləri aparması göstərilir. Yəni o, mütəxəssis olduğu üçün bu şöbəyə rəhbərlik ona tapşırılıb. Hətta İ.Məmmədov AMEA-nın Rəyasət Heyətində çıxış edərək tədqiqat işlərinin daha da genişləndirilməsinin, soyqırım və deportasiya tarixi ilə bağlı ayrıca muzey yaradılmasının və abidə qoyulmasının vacibliyini qeyd edirdi. Amma bu reallaşmayıb. “İqrar Əliyev rəhmətə getdikdən sonra akademik Yaqub Mahmudov Tarix İnstitutuna direktor oldu və həmin dövrdə institutda bəzi şöbələrin bağlanması barədə qərar qəbul edildi və nəticədə Deportasiya və Soyqırım şöbəsi bağlandı. İqrar Əliyevin rəhbərliyi dövründə yaradılan Deportasiya və Soyqırım şöbəsinin Yaqub Mahmudovun rəhbərliyi dövründə bağlanması bu gün də tarixçilər arasında suallarla qarşılanır” - deyə bildirən keçmiş şöbənin keçmiş əməkdaşı qeyd etdi ki, Deportasiya və Soyqırım şöbəsininin müəmmalı şəkildə bağlanması, yaxud şöbənin heç onunla əlaqəsi olmayan şöbə ilə birləşdirilməsi ciddi narazılıq yaratsa da, buna qarşı açıq etiraz edənlər az olub.

Ermənilərin özlərinə saxta tarix yaratdıqları bir dövrdə, o saxta tarixləri haqqında cild-cild saxta araşdırmalar aparılması, kitablar yazılması üçün böyük elmi mərkəzlər, institutlar yaratdıqları bir vaxtda AMEA-nın Tarix İnstitutunda Deportasiya və Soyqırım şöbəsinin müstəqil şöbə kimi ləğv edilərək başqa bir şöbəyə birləşdirilməsinə nə ad vermək olar? Əslində, deportasiyaya və soyqırıma məruz qalan bir xalq olaraq deportasiya, soyqırım tarixini araşdıran şöbələr, xüsusi mərkəz və institutlara sahib olmalıyıq. 2003-cü ildən sonra qapadılan bu şöbə bir də müstəqil şöbə kimi “Azərbaycan xalqına qarşı soyqırımları tarixi şöbəsi” adı altında bir də 2015-ci ildə açılıb. Təxminən 12 il bu şöbə fəaliyyət göstərməyib. Tarixçinin verdiyi məlumata görə, ölkə üçün çox böyük strateji əhəməyyəti olan bir şöbənin vaxtilə ləğv edilməsi deportasiya və soyqırımlar tarixinin daha mükəmməl, məzmunlu şəkildə yazılmasına əngəl oldu. Bu mövzularda kitabların yazıldığını, tədqiqatların aparıldığını deyən müsahibimiz qeyd etdi ki, amma uzun müddət bu iş pərakəndə şəkildə görüldü.

Natiq Məmmədzadə: “Deportasiya və Soyqırım şöbəsinin ləğv edilməsi, əslində, sırf texniki məsələlər idi”

Akademiyanın Tarix İnstitutunun “Azərbaycan xalqına qarşı soyqırımları tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Natiq Məmmədzadənin sözlərinə görə isə Deportasiya və Soyqırım şöbəsinin ləğv edilməsi sırf texniki məsələ idi: “Deportasiya və Soyqırım şöbəsinin ləğv edilməsi, əslində, sırf texniki məsələlər idi. Əslində, bu şöbə bağlanmamışdı, Demoqrafiya və əhali tarixi şöbəsinin tərkibində soyqırım tarixləri üzrə qrup fəaliyyət göstərirdi. Sonra isə 2015-ci ildə şöbə yeni adla bərpa olundu. Əvvəl soyqırımlar və deportasiya tarixləri üzrə qrup adlandırılırdı, 2015-ci ildə isə “Azərbaycan xalqına qarşı soyqırımları tarixi” şöbəsi adlandırıldı. Bu şöbəyə hər şey daxil oldu. Deportasiyalar da soyqırım siyasətinin tərkib hissəsi olduğundan, artıq deportasiya sözünü vurğulamağa ehtiyac olmadı. Azərbaycan xalqına qarşı soyqırım və deportasiyanın bütün təzahürləri, tarixi hadisələr, qətliamlar, deportasiya aktları və s. bütün bu qəbildən olan məsələlər bu şöbədə araşdırılır”.

Ləğv edilən Deportasiya və Soyqırım şöbəsinin əvvəlcə qrup şəklində, sonra isə müstəqil şöbə kmi fəaliyyət göstərdiyini deyən müsahibimizn sözlərinə görə, bu şöbə 1998-ci ildə Heydər Əliyevin qərarından sonra yaranmışdı. Bu şöbənin Y.Mahmudov tərəfindən bağlanmasına dair məlumatlara gəlincə, N.Məmmədzadə bunu təkzb etdi. O bildirdi ki, şöbəni Y.Mahmudov bağlamayıb: “Bu şöbənin Yaqub Mahmudov tərəfindən bağlanması tamamilə yanlış məlumatdır. Söhbət konkret şəxsiyyətlərdən getmir, obyektiv münasibətdən, yanaşmadan gedir. Əksinə, o, 1918-ci ildə baş verən hadisələrin soyqırım kimi qiymətləndirilməsində böyük rol oynayıb. Bir də elə məsələlər var ki, onlar AMEA-nın Rəyasət Heyəti tərəfindən gəlir”.

O, həmçinin, vurğuladı ki, istənlən elmi-tədqiqat institutunda hansısa bir şöbənin yaradılması, yaxud bağlanması haqqında qərarı institut rəhbərləri yox, AMEA-nın Rəyasət Heyəti verir.

N.Məmmədzadə vurğuladı ki, şöbədə soyqırımlar və deportasiyalar tarixinin öyrənilməsi istiqamətində böyük işlər görülür, kitablar nəşr edilir.

İradə SARIYEVA

Mənbə: www.baki-xeber.com