Türkiyənin İdlib dalanı və mümkün nəticələr - Təhlil

Türkiyənin İdlib dalanı və mümkün nəticələr - Təhlil

Cari ilin fevral ayında Suriyada tərəflər arasındakı müharibə yeni bir mərhələyə girdi. Daha əvvəl Rusiya dəstəkli rejim qüvvələri və Türkiyə dəstəkli müxalifət arasındakı döyüşlər, artıq rejim qüvvələri və Türkiyə ordusu arasındakı toqquşmalara çevrildi. Türkiyənin son 2 həftə ərzində Suriyada 14 əsgərini itirməsi, 45 əsgərinin isə yaralanması və qaşılığında 101 Suriya əsgərinin həlak olduğunu açıqlaması hadisələrin yeni mərhələyə daxil olduğunu göstərir. Müharibənin üçüncü və ən dəhşətli mərhələsi regionda Rusiya-Türkiyə toqquşması olar ki, hər iki tərəf də bundan ehtiyat edir.
2017-ci il may ayında Rusiya-Türkiyə liderlərinin Soçi görüşü sonrasında Suriyanın 4 bölgəsində, Dəra, Şərqi Quta, Həma və İdlibdə toqquşmaların dayandırılması barəsində razılığa gəlsələr də, keçən müddət ərzində Rusiya dəstəkli Suriya qüvvələri İdlib istisna, digər bölgələri öz nəzarəti altına ala bildi. Həmin bölgələrdən köç edən müxtəlif silahlı qrupların İdlibə gəlməsi üçün də şərait yaradıldı. Bu qrupların vahid bir şəkildə koordinasiya edilməməsi və vaxtaşırı öz aralarında toqquşmaları Suriya qüvvələrinə əlavə üstünlük qazandırır. Qeyd edək ki, İdlib bölgəsinin əsas hissəsi uzun müddətdir ki, Türkiyənin də terrorçu qrup olaraq tanıdığı əl-Qaidəyə bağlı Heyət Təhrir Şam qruplaşmasının nəzarətindədir. İdlibin Türkiyə sərhədlərinə yaxın hissələrini isə Türkiyə dəstəkli müxalif qüvvələr nəzarət edir. Daha əvvəl, bu iki qrup arasında baş verən toqquşmalar zamanı Təhrir Şam qruplaşması müxalif qüvvələri mərkəzə yaxın kənd və qəsəbələrdən çıxara bilmişdi. Hazırda Təhrir Şam qruplaşmasına aid bölgədə 30 min silahlı olduğu ehtimal edilir.
Rusiyanın Türkiyə qarşısında qoyduğu əsas öhdəlik isə İdlibdə Təhrir Şam kimi qrupların ağır silahlarını geri çəkmələri və bölgəni tərk etmələri idi. Ağır silahlar geri çəkilsə də, bölgəni tərk etməyən qruplar, Rusiyanın iddialarına görə Rus hərbi bazalarına da silahlı dronlarla hücumlar həyata keçirirdilər. 2019-cu ilin sonunda yenidən başlayan İdlib əməliyyatları cari ilin fevral ayında böyük sürət qazandı. Hələb və İdlib şəhərlərini birbirinə bağlayan M5 nəqliyyat yolunun nəzarətini hədəfləyən rejim qüvvələri bu hədəflərinə çatdı.Türk hökumətinin əsas narahatlığı isə hərbi əməliyyatlar nəticəsində İdlibdə yaşayan əhalinin Türkiyəyə köç etmələri ilə əlaqədardır. Cari ilin 3 fevralında Ərdoğan verdiyi açıqlamada, Suriya hökumət qüvvələrinin hərbi əməliyyatlarından qaçan 1 milyona yaxın İdliblinin Türkiyə sərhəddinə doğru gəldiyini bildirərək Türkiyənin yeni köç dalğasına tab gətirə bilməyəcəyini ifadə etdi.
Digər tərəfdən Suriyaya daxil olan Türk silahlı karvanının Suriya qüvvələri tərəfindən vurulması Rusiyadan Türkiyəyə verdiyi açıq bir mesaj olaraq dəyərləndirilməlidir. Belə ki, hadisələrin gərginləşdiyi bir vaxtda Ərdoğanın Ukraynaya səfəri və qarşı tərəfə hərbi məqsədlərlə maliyyə krediti ayrılacağını ifadə etməsi, şübhəsiz ki, ruslar tərəfindən cavabsız qala bilməzdi. Türk tərəfi hərəkət istiqamətini əvvəlcədən Rusiyaya bildirdiklərini ifadə etsələr də rus tərəfi bundan məlumatları olmadığına diqqət çəkdi. Bir çox siyasi təhlilçiyə görə, Əsəd qüvvələri də Rusiyanın razılığını aldıqdan sonra Türk hərbi nəqliyyat karvanına hücum təşkil etdi.
Hadisələrin bu istiqamətdə inkişaf etdiyi bir vaxtda ABŞ hökuməti Türkiyəyə açıq dəstəyini bildirdi. Şübhəsiz ki, Türkiyənin son dövrdə Rusiya ilə yaxınlaşmasını narahatlıqla qarşılayan ABŞ üçün İdlib problemi böyük bir fürsətdir. ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceymis Ceffri (James Jeffrey) Ankaraya səfər edərək Ərdoğanın mətbuat katibi İbrahim Kalın və Türkiyə Xarici İşlər Nazirliyinin əmakdaşları ilə görüşdü, Türkiyəyə dətəklərini yenilədi və Türk tərəfinə kəşfiyyat dəstəyi ilə yanaşı, bəzi ləvazimatların da veriləcəyini bildirdi.Digər tərəfdən, Brüsseldə toplanan NATO müdafiə nazirləri də İdlib məsələsini müzakirə etdi. Toplantı ərəfəsində ABŞ müdafiə naziri Mark Esper ilə Türkiyə müdafiə naziri Hulusi Akar hadisələrin gedişatı ilə bağlı fikir mübadiləsi apardılar.

Mümkün Nəticələr

İdlib problemi Türk-Rus münasibətləri üçün ən ağır sınaq olacaq. İki ölkə arasında əməkdaşlığın gücləndiyi, ortaq layihələrin həyata keçirildiyi bir vaxtda hər iki tərəf də soyuqqanlı davranmağa çalışır. Lakin, Rusiyanın Türk tərəfini danışıqlar masasına öz istədiyi şərtlər əsasında oturmağa məcbur etməsi, rəsmi Ankaranın NATO kartını yenidən oynamağa vadar edir. Suriya üzərindən Aralıq dənizinə çıxışını təmin edən Rusiya üçün Əsədin səlahiyyətlərinin azaldılaraq parlamentin gücləndirilməsi müzakirə mövzusu olsa da, Əsədin getməsi qəbul edilməz olaraq qalır. Türk və rus əsgərlərinin Ayn əl-Ərəb bölgəsində uzun müddətdir icra etdikləri ortaq patrul xidmətindən Türk tərəfinin 13 fevral tarixində imtina etməsi gərginliyin və inamsızlığın hələ də davam etdiyini göstərir. Ərdoğanın 12 fevral tarixində Ədalət və İnkişaf partiyasının qrup toplantısında xitabı zamanı “Türk əsgərinin qanının töküldüyü yerdə, özünü nə qədər böyük görürsə görsün, heç kim əmin-amanlıqda deyildir”, - sözləri Rusiyanı hədəf almışdı. Ərdoğan daha öncə də, Rusiyanın Soçi və Astana anlaşmasına sadiq olmadığını dilə gətirmişdi. Bundan əlavə, Ərdoğan çıxışında Türk əsgərinə hər hansı bir zərər dəyəcəyi halda, Suriya hərbçilərini sadəcə İdlibdə deyil, bütün Suriyada vuracaqlarını ifadə etməsi məsələnin ciddiliyini göstərir. Ərdoğan, Suriya tərəfinə Soçi anlşmasında müəyyən olunan ərazilərə Suriya ordusunun geri dönməsi üçün fevral ayının sonuna qədər vaxt verdiyini ifadə edərək, bundan sonrakı hadisələrə göz yummayacağına diqqət çəkdi.

Hazırda Türkiyə Silahlı Qüvvələri bölgəyə ağır texnika göndərməyə davam edir. Burada əsas məqsəd qarşı tərəfə öz qərarlılığını göstərmək və çəkindirici bir güc kimi bölgədə varlığını davam etdirməkdir. Şübhəsiz ki, həm rus, həm də türk tərəfi genişmiqyaslı hərbi əməliyyatların başlamasından ehtiyat edərək danışıqlara davam edəcək. Lakin, məsələyə real aspektdən baxdıqda, Suriyada bu iki ölkənin ortaq məxrəcə gəlmə ehtimalı olduqca azdır. Türk tərəfi İdlibdə istədiyini əldə edə bilməyəcəyi halda, Rusiya qarşısında çəkindirici bir qüvvə olaraq ABŞ ilə yenidən əməkdaşlığı dərinləşdirə bilər. Nəzərə alaq ki, Suriyanın şimal-şərq regionunda kürd silahlı dəstələri olan YPG-PYD qüvvələrinin nəzarətində olduğu ərazilərdə hazırda ABŞ silahlı qüvvələri mövcuddur. Belə bir seçim isə Türkiyənin Rus-İran blokundan ayrılmasına səbəb olacaq.
B.Əsədin getməsi barəsində ABŞ ilə həmfikir olan Türkiyənin, Rusiya ilə müqayisədə NATO “müttəfiqi” ilə ortaq məxrəcə gəlməsi daha real görünür. Həm rus, həm də amerikan tərəfi ilə görüşən YPG-PYD-nin isə Türkiyə-ABŞ yaxınlaşması olduğu halda yenidən Rusiyaya yanaşacağını ehtimal etmək olar. Digər tərəfdən, Yaxın Şərqdə İranın təsirindən narahat olan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi də Türkiyənin Rus-İran blokundan ayrılması üçün Türkiyəyə “dəstək” xarakterli mövqe sərgiləcəkləri də istisna olunmur.
Nəticə etibarı ilə, İdlib probleminin həlli Rusiya-Türkiyə münasibətləri üçün ağır bir sınaq olacaqdır. Hazırda iqtisadi əlaqələri hər il daha da dərinləşən, bu iki ölkə ən azından yaxın gələcək üçün bu problemin dondurulması üzərində razılaşa bilər. Lakin, bu iki ölkədən biri öz mövqeyini dəyişməsə, uzun müddətli əməkdaşlıq da şübhə altındadır. Türkiyə və Rusiya sadəcə Suriyada deyil, Liviyada, Ukraynada, Balkan və Qafqaz bölgələrində də birbirinə zidd mövqelərə sahibdirlər.
Rusiya ilə gərginliyin yaşandığı bir ərəfədə ABŞ Xarici İşlər Nazirliyindən verilən açıqlamada ilk dəfə olaraq Türkiyənin Liviyada qanuni hökumətə verdiyi dəstək təqdirəlayiq hesab edilib. Açıqlamada Rusiyanın Liviyada hərbi varlığına qarşı Türkiyənin regiona daxil olması tərəflər arasında balansın yaranmasına səbəb olduğuna yer verilir. Bununla da, ABŞ-ın Liviya problemində də ilk dəfə Türk tərəfini dəstəklədiyinin şahidi oluruq. Aralıq dənizində rus varlığını özü üçün böyük təhdid hesab edən NATO bu problemlərin həllində Rusiya qarşısında sərt mövqe sərgiləyəcəyi labüddür. İdlib məsələsində isə, ABŞ-ın Rus sistemlərinə qarşı siqnal qarışdıran xüsusi qurğuları regiona yerləşdirəcəyi barəsində iddialar var. Bununla da, Rusiyaya qarşı Türkiyə müəyyən dərəcədə də olsa texnoloji balansı qazanmış olacaq.
İdlib probleminin şiddətləndiyi bir vaxtda, 13 fevral tarixində Türkiyə Müdafiə Naziri Hulusi Akarın verdiyi açıqlamalar böyük əhəmiyyət kəsb edir. Akar İdlibdə bütün müxalif qüvvələrin bir koordinasiya mərkəzindən idarə ediləcəyi, qarşı çıxan qrupların məhv ediləcəyini bildirdi. İdlib və türkiyə nəzarətində olan bölgələrdə ümumilikdə yüz mindən artıq silahlı qruplar var. Bu qrupların birləşməsi halında Suriya qüvvələrinin ciddi problemlərlə üzləşəcəyi qaçılmazdır.

Hafiz Məmmədov

Mənbə: Eastnews.org

Mənbə: eastnews.org