"Prezident çox ciddi məsələlərə toxundu və mövqeyini ortaya qoydu" ÖZƏL-MÜNASİBƏT

"Prezident çox ciddi məsələlərə toxundu və mövqeyini ortaya qoydu"  ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan baş naziri Nikol Paşinyanla görüşündə onu sözün həqiqi mənasında çətin duruma salması, onu beynəlxalq ictimaiyyət qarşısında çıxılmaz vəziyyətə salması Ermənistan xarici siyasətinin rüsvayçı duruma düşməsi demək idi". Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib.

Onun sözlərinə görə, bu təkcə Ermənistanın baş nazirinin düşdüyü vəziyyət deyildi, eyni zamanda bu Azərbaycan Prezidentinin tarixi faktları Paşinyanın üzünə sillə kimi çırpması idi: "Bu bir daha onu göstərdi ki, Azərbaycan öz haqq yolunda istənilən beynəxalq tədbirdə öz mübarizəsindən geri çəkilmir. Ölkə başçısı təsadüfi olaraq demədi ki, Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdə uzun müddətdir saxlanılır və əlbəttə ki, bu belə davam edə bilməz. Bütün dünyanın gözü qarşısında Azərbaycan Prezidenti çox məntiqlə, tarixi faktlara söykənərək Ermənistan baş nazirini çox çətin bir duruma saldı. Təsadüfi deyil ki, bu görüşdən sonra Paşinyanın nə qədər yazıq duruma düşməsi, rüsvay olması Ermənistan mətbuatının gündəmində ön yerdə durur. Əlbəttə ki, dünya mətbuatında da ölkə başçımızın bu cür mövqeyi haqqında çox geniş məlumatlar gedir. Bütün dünya, beynəxalq təşkilatlar, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həllinə vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Amma bunlar Ermənistana təzyiq mexanizmlərini işə salmaqdan çəkinirlər. Ölkə başçımız çox ciddi şəkildə bu məsələlərə toxundu və mövqeyini ortaya qoydu".

Mənbə: sia.az