Analitik: Prezident İlham Əliyev Nikol Paşinyanı mat vəziyyətinə saldı

Analitik: Prezident İlham Əliyev Nikol Paşinyanı mat vəziyyətinə saldı

Fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan debatlar diplomatiya tariximizə növbəti uğurlu səhifələrdən biri kimi yazıldı.

Bunu analitik Ehtiram Aşırlı AZƏRTAC-a açıqlamasında deyib.

O bildirib ki, bütün dünyaya birbaşa yayımlanan debatlarda Prezident İlham Əliyev işğalçı ölkənin baş naziri Nikol Paşinyana bir çox istiqamətlər üzrə master-klas keçərək onu mat vəziyyətinə saldı. Dövlətimizin başçısının həm yüksək natiqlik qabiliyyəti, həm ingilis dilində səlis danışması, həm də ayrı-ayrı məsələlərə məntiqi və faktlar əsasında yanaşması Azərbaycan diplomatiyasının peşəkarlığının bariz nümunəsidir. Nikol Paşinyan isə tarix bilgilərinin və ingilis dili səviyyəsinin nə qədər bərbad olduğunu hər cümləsində göstərməklə nəinki siyasi səhnədə, ümumiyyətlə, heç bir sahədə Prezident İlham Əliyevə rəqib ola bilməyəcəyini bir daha ortaya qoymuş oldu. Dövlətimizin başçısı işğalçı ölkənin baş nazirinin keçmiş Şaumyan rayonunun (indiki Goranboy) guya Dağlıq Qarabağa aid olduğu, Xocalı soyqırımı və Xankəndi ilə bağlı söylədiyi yalan və tarixi təhriflərlə dolu fikirlərinə tutarlı arqumentlərlə cavab verərək bütün dünyanın gözü qarşısında Nikol Paşinyana tarix dərsi keçdi.

Mənbə: azertag.az