Rusiya və Türkiyə arasında iplər qırılır - Nəticəsiz müzakirələr davam edir

Rusiya və Türkiyə arasında iplər qırılır - Nəticəsiz müzakirələr davam edir

Dünən Türkiyə və Rusiya diplomatları Moskvada İdlibdəki mövcud vəziyyəti müzakirə ediblər.

BAKU.WS xəbər verir ki, İdlibdə hökumət qüvvələrini dəstəkləyən Rusiya və müxalifləri dəstəkləyən Türkiyə nümayəndələri görüş keçirərək yaranmış gərginliyin azaldılması yolları barədə fikir mübadiləsi aparıblar.

Hər iki tərəfin son iki ildə yüksələn qrafiklə davam edən siyasi və iqtisadi əməkdaşlığı İdlib məsələsinə qırılma nöqtəsinə çatıb.

Ötən həftə Rusiya nümayəndə heyətinin Ankarada türk rəsmilərlə görüşü, ardınca Türkiyə və Rusiya prezidentləri, həmçinin Xarici İşlər nazirləri arasındakı telefon görüşmələri də gərginliyin azaldılmasına kömək etməyib.

Türkiyə tərəfi İdlibdəki təhlükəsizlik zonasındakı əsgərlərinə hücumların davam edəcəyi təqdirdə fevralın sonuna qədər əməliyyatları genişləndirəcəyini açıqlayıb. Türkiyə hökuməti Soçi razılaşmasına əsasən tərəflərin öz sərhədlərinə çəkilməli olduğunu açıqlayıb.

Dünən Moskvada baş tutmuş görüşdə də hələlik irəliləyiş əldə edilməyib. Müzakirələrin bu gün də davam etdiriləcəyi bildirilir.

Məsələni şərh edən politoloq Rusif Məmmədsoy hesab edir ki, Rusiyan Suriyadakı öhdəliklərinə görə Türkiyə ilə açıq və ya gizli şəkildə qarşı-qarşıya da gəlməyə hazırdır:

“Təsadüfi deyil ki, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov ötən gün açıqlamasında bildirdi ki, “Türkiyə ilə müəyyən əməkdaşlıq edə bilərik. Lakin, bu o demək deyil ki, hər məsələdə eyni mövqe sərgiləməliyik”. Heç kimə sirr deyil ki, Suriya faktiki olaraq Rusiyanın vassalıdır. Bu mənada Rusiya Bəşər Əsədi qorumaqla yanaşı, bu bölgələrlə bağlı öz planları var. Həmin planlar isə Suriyanın sərhəd bütünlüyünü bərpa etdikdən sonra mümkündür”.

Politoloq sözlərinə əlavə edib ki, Rusiya ilə Türkiyə arasında hər zaman fikir ayrılıqları olacaq:

“Bu yalnız Suriyada deyil, eyni zamanda Aralıq dənizində də müşahidə edilir. Lakin, səbəb yalnız bu deyil. Türkiyə Rusiyanı çox yaxın buraxmaq istəmir. Hesab edirəm ki, Kanal İstanbul boğazı da bu məsələdə əhəmiyyətli dərəcədə rol oynayır. Çünki Türkiyə bununla Montre anlaşmasını bitirmiş olur. Bundan əlavə Türkiyə bir NATO ölkəsidir. Son illər müəyyən soyuqluq yaranıb, amma istənilən halda Türkiyə üzv ölkələr üçün əvəzedilməz tərəfdaşdır. Bu səbəbdən də NATO bu vəziyyətdən istifadə etməyə çalışacaq. NATO baş katibi Yens Stoltenberqin son çıxışları da təsadüfi deyil. ABŞ ilə də münasibətlərdə yumşalma hiss edilir. Artıq həm Qərb, həm də Rusiya yaxşı başa düşür ki, Suriya məsələsi Türkiyə ilə əməkdaşlıq üçün “açar” rolunu oynayır”.

Rusiya və Türkiyə arasındakı əməkdaşlığın elə söz olaraq qalacağını deyən Rusif Məmmədsoy bunun meydanda hiss edilməyəcəyini bildirib:

“Türkiyə Suriyada söz sahibi olarsa, bu, birbaşa Rusiyanın maraqlarına ziddir. Bu mənada bu əməkdaşlığın uzun sürəcəyini düşünmürəm. Təbii ki, sual oluna bilər ki, bəs iki dövlət arasındakı müqavilələr, anlaşmalar necə olacaq? Rusiya və Türkiyə arasında hazırda əsas anlaşma “Akkuyu AES”lə bağlıdır. Hansı ki, uzun illərdən sonra Rusiya Türkiyəyə belə bir imkan yaratdı. Bununla da Türkiyə xaricdən enerji almalı olmayacaq. Lakin, bu anlaşma ötən il qüvvəyə minsə də ilkin razılaşmalar hələ 2010-2011-ci illərə söykənir. Sonradan məlum helikopter vurulması məsələsi əngəl törədirdi. Bu dəfə də ABŞ və Türkiyə arasındakı soyuq münasibətlərdən istifadə edən Rusiya bundan istifadə etdi”.

Bu arada, “musavat.com” yazır ki, Rusiya və İranın dəstəklədiyi Suriya ordusu Hələbin böyük qismini müxaliflərdən alıb. Fevralın 16-sı axşama yaxın rejim qüvvələri 2012-ci ildən bəri ilk dəfə olaraq Hələb ətrafındakı kənd və kiçik şəhərlərin hamısına nəzarəti ələ alıblar.

Bu hücumdan qabaq isə Əsəd qüvvələri üsyançıları Hələb və Dəməşqi birləşdirən M5 magistral yolundan çıxarıb.

Bununla da Suriyanın iki böyük şəhəri arasında ən sürətli yol illərdən sonra yenidən açılıb. Bu, Əsəd rejimi üçün böyük strateji uğur sayılır.

Artıq Suriya ordusu İdlibi ələ keçirmək üçün də son əməliyyata artıq başlayıb. “Reuters” yazır ki, Suriya hökumətinin bu şəkildə irəliləməsi Ankara ilə Moskva arasında onsuz da kövrək əməkdaşlığı daha da mürəkkəbləşdirir.

Politoloq Ramiyə Məmmədova bildirib ki, Əsədin 8 il sonra Hələbi demək olar ki, tamamilə götürməsi bu bölgədə müharibənin təzədən şiddətlənməsi ilə nəticələnəcək:

“Bu hadisədən sonra Türkiyə və Rusiyanın Suriya böhranı ilə bağlı qarşıdurması daha da dərinləşəcək. İdlib məsələsinə görə onsuz da tərəflərin münasibətləri gərgin idi, Əsəd qüvvələrinin Hələbi götürməsi Moskva-Ankara əlaqələrini bir az da pisləşdirəcək. Məncə, müharibə bitməyib, Suriyada proses davam edəcək. Lakin geriyə dönüş olduğu göz qabağındadır, Əsəd hökuməti ölkədə sabitliyi bərpa etmək üçün çırmanıb”.

Mənbə: baku.ws