Ankarada Xocalı soyqırımı mövzusunda konfrans keçirilib

Ankarada Xocalı soyqırımı mövzusunda konfrans keçirilib

Ankara, 18 fevral, AZƏRTAC

Ankaradakı Beynəlxalq İnsan Hüquqları və Demokratiya Dərnəyində (BİHDD) Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransı giriş sözü ilə açan BİHDD-nin sədri Rəmzi Çayır tədbirin məqsədinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalıda törətdikləri soyqırımının beynəlxalq hüquq və insan haqları aspektləri baxımından müzakirə etmək olduğunu bildirib.

Sonra çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim konfransın mahiyyətini yüksək dəyərləndirib.

Daha sonra Karabük Universitetinin tədqiqatçısı Mərziyyə Məmmədli saxta “erməni məsələsi”nin tarixi və keçdiyi cinayətkar yol haqqında məruzə edib. Təkzibolunmaz faktlarla diqqətə çatdırıb ki, ermənilər Xocalıda törətdikləri vəhşiliklərin eynisini XX əsrin əvvəllərində Anadolunun müxtəlif yerlərində də həyata keçiriblər.

Türkiyə Vəkillər Kollegiyasının İnsan Hüquqları Mərkəzinin üzvü, “2018-ci il hərəkatı” təşkilatının üzvü Səidə Ekmen çıxışında Xocalıda baş verənlərin hüquqi aspektlərini təhlil edib, 28 il bundan əvvəl baş verənləri soyqırımı kimi qiymətləndirib.

Digər çıxış edənlər bəşəriyyətə qarşı törədilmiş cinayət olan Xocalı soyqırımının dünyanın heç bir yerində təkrarlanmaması üçün həmin qanlı hadisənin müəlliflərinin cəzalandırılmasının vacibliyini vurğulayıblar.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Mənbə: azertag.az