Popular Resistance: ABŞ İran ilə düşmənçilik siyasətini hərbi bazalarını Yaxın Şərqdə saxlamaq üçün davam etdirir

Popular Resistance: ABŞ İran ilə düşmənçilik siyasətini hərbi bazalarını Yaxın Şərqdə saxlamaq üçün davam etdirir

ABŞ İran ilə düşmənçilik siyasətini ona görə davam etdirir ki, hərbi bazalarını Yaxın Şərq regionunda uzun müddət saxlaya bilsin.

AZƏRTAC xəbər verir ki, bu fikir ABŞ-ın “Popular Resistance” adlı informasiya portalında dərc olunan məqalədə yer alıb. Ərəb dilinə tərcümə edilən məqalə İraq mətbuatında böyük maraq doğurub.

Analitik məqalədə bildirilib ki, ABŞ-ın dünyanın müxtəlif regionlarında 800 hərbi bazası var. Təkcə 2019-cu ildə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Yaxın Şərqə 20 min hərbçi göndərib. Birləşmiş Ştatların İran ilə istənilən hərbi toqquşması Pentaqonun büdcəsinin artırılmasına səbəb olacaq və Ağ Ev Administrasiyası həm ictimaiyyəti, həm də Konqresi regionda hərbi bazaların saxlanılmasının vacibliyinə inandıracaq.

İraq parlamentinin deputatı Mehdi Tağı Əmirəli məsələ ilə əlaqədar bildirib ki, ABŞ hərbçilərinin qanuni yolla İraqdan çıxarılması istiqamətində fəaliyyət göstərilir. O vurğulayıb ki, ABŞ hərbçilərinin İraqa sabitlik və demokratiya gətirəcəyini düşünənlər tam yanılırlar. Hər şey göz qabağındadır.

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq regionundan hərbçilərin çıxarılacağını dəfələrlə bəyan etməsinə baxmayaraq, əksinə, regionda amerikalı hərbçilərin sayı ildən-ilə artır. Bu isə onu deməyə əsas verir ki, Birləşmiş Ştatlar İraq xalqının və burada yaşayan digər etnik qrupların və dini təriqətlərin istəyinə zidd olaraq, hərbi bazalarını uzun müddətdə bölgədə saxlamaq niyyətindədir.

Mənbə: azertag.az