"Paşinyan özünü uşaq kimi aparırdı" — Xocalı sakini

"Paşinyan özünü uşaq kimi aparırdı"     — Xocalı sakini

Ramil Məmmədli: "Münhen görüşü 2016-cı ildən sonra Ermənistana vurulan növbəti zərbə oldu"

"Yüzlərlə zərərçəkən, girovluqdan və əsirlikdən qayıdan azərbaycanlı olduğu halda Ermənistanın baş naziri Nikol Paşinyanın Xocalıda ermənilərin törətdiyi soyqırımı üzərilərindən atmaq cəhdi yumşaq desək tərbiyəsizlikdir".

Bunu Demokrat.az-a açıqlamasında Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü, Xocalı şəhər sakini Samirə Hüseynova deyib.
O bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında Ermənistanın baş naziri Nikol Paşinyanla debatında erməni dövlət başçısının Xocalıda, ümumiyyətlə Qarabağda azərbaycanlılara qarşı həyata keçirilən qətliamları gizlətmək cəhdi uğursuz siyasi gediş idi
"Paşinyan özünü sanki uşaq kimi aparırdı. Qətliamlar, işğal faktı, 1988-ci ildən bu günə kimi azərbaycanlılara qarşı Ermənistanın törətdiyi cinayət hadislərini gizlətməyə başqa ad vermək olmaz. Mənim ailəm, qohumlarım, erməni işğalından bilavasitə zərər görüb. Atam Bakir Hüseynov, əmim Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseynov, babam və nənəm, o cümlədən onlarla yaxın qohumum Xocalının ermənilər tərəfindən işğalı zamanı şəhid olublar. Bütün bunları necə gizlətmək olar?! Nikol Paşinyan öz cəmiyyətini aldada bilər, amma faktlar hər şeyi olduğu kimi diqtə edir".

S. Hüseynovanın sözlərinə görə, Nikol Paşinyanın və Ermənistandakı hakimiyyət təmsilçilərinin bu kimi açıqlamaları Xocalıda qətlə yetirilən yüzlərlə günahsız azərbaycanlıların ruhuna həqarətdir.
Ermənistanın inkarçılıq siyasətinə, faktları gizlətmək cəhdlərinə beynəlxalq təşkilatlar, əsasən də ATƏT-in Minsk qrupu öz mövqeyini bildirməlidir. Əks təqdirdə erməni həyasızlığının qarşısını almaq mümkün olmayacaq.

Hərbi-siyasi icmalçı Ramil Məmmədli Demokrat.az-a deyib ki, Münhen Təhlükəsizlik Konfransında Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla debatda Azərbaycan lider faktlara əsaslanan hücum taktikası nümayiş etdirib:
"Bu 2016-cı ildən sonra Ermənistana vurulan növbəti zərbə oldu. Əgər ermənilər 2016-cı ildə hərb meydanında ciddi zərbə aldılarsa, növbəti belə məğlubiyyəti Münhen Təhlükəsizlik Konfransında Azərbaycan prezidenti İlham Əliyev tərəfindən siyasət cəbhəsində yaşadılar. Bu hücum siyasətinin arxasında güclü Azərbaycan Ordusu dayanır. Ordumuzun yüksək döyüş qabiliyyətinə malik olması siyasi arenada həm dövlət başçısının, həm də diplomatiyamızın mövqelərini gücləndirir".

R. Məmmədlinin sözlərinə görə, prezident İlham Əliyevin həmin debatda Ermənistana müharibə ilə bağlı xəbərdarlığı da bunu deməyə əsas verir.
Hərbi icmalçının fikrincə, debatdan da görünür ki, Ermənistan hakimiyyətində işğal faktının aradan qaldırılması üçün hər hansı addım atılacağına dair ehtimal yoxdur:
"Ermənistan siyasi arenasında Azərbaycan ərazilərini azad edə biləcək iradə nümayiş etdirə bilən lider yoxdur. Erməni cəmiyyəti də buna hazır deyil. Görünən odur ki, yeganə yol ərazilərimizin hərbi yolla işğaldan azad edilməsidir".
Zaur Hacılı
Demokrat.az

Mənbə: demokrat.az