Münhen debatı çox önəmli müzakirələrlə yadda qaldı - POLİTOLOQ

Münhen debatı çox önəmli müzakirələrlə yadda qaldı - POLİTOLOQ

“Münhen debatı ideoloji və diplomatik baxımdan çox önəmli müzakirələrlə yadda qaldı”.

Bunu Publika.az-a açıqlamasında politoloq, Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov bildirib.



Politoloq debatın əhəmiyyətini belə izah edib: “Bu tip debatların əhəmiyyəti ondan ibarətdir ki, açıq ideoloji mübarizədə kimsə qalib gəlməlidir. Ölkə başçısı tarixi aspektləri şərh edərək dünya ictimaiyyətinə sübut etdi ki, Azərbaycanın səsi haqq səsidir. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır və bu istiqamətdə dövlətimiz əlindən gələni edəcək ki, ərazi bütövlüyü bərpa olunsun. Azərbaycan Prezidentinin tarixi faktları qarşısında Paşinyan əsassız uydurmaları ilə çarəsiz vəziyyətdə qaldı. Ermənistanın baş naziri vurğuladı ki, guya 400 il bundan əvvəl Qafqazda ermənilərdən başqa heç kim yaşamayıb, həmin dönəmdə başqa bir erməni dövləti olub və s. Bunlar təbii ki, gülünc ifadələrdir. Bunu heç kəs ciddi qəbul edə bilməz. Çünki Paşinyanın səsləndirdiyi iddiaların hamısı uydurma və əsassızdır. Onun ziddiyətli fikirlər səsləndirməsi zəifliyindən, təcrübəsizliyindən və dəlillərin gətirilməsində saxtakarlıqla məşğul olmasından irəli gəlir. İşğal olunmuş torpaqlar Azərbaycanındır. Hazırda Dağlıq Qarabağda bizimlə üzbəüz vuruşanlar isə erməni əsgərləridir. Onlardan biri Paşinyanın oğludur. Kimə qarşı vuruşurlar, kimi müdafiə edirlər? Paşinyan çeynənmiş, əsassız qondarma “Dağlıq Qarabağ Respublikası” iddialarının cavabını dəfələrlə alıb. Amma israrla yenidən təkrar edir. Helsinki sənədlərində konkret olaraq yazılıb ki, münaqişə tərəfləri Ermənistan və Azərbaycan icmalarıdır. Hər iki icma bu məsələ ilə bağlı imza atıb. Bu sənədlər isə faktlara söykənir. Seperatçı rejimin danışıqlara cəlb edilməsi hüquqa tamamilə ziddir. Dövlət başçısı xatırlatdı ki, Dağlıq Qarabağda 50 minə yaxın azərbaycanlı yaşayıb. Onlara qarşı etnik təmizləmə siyasəti həyata keçirilib. Bu həqiqətlər çox düzgün və yerində səsləndirilib. Münhen debatı ideoloji və diplomatik baxımdan çox önəmli müzakirələrlə yadda qaldı. Debatdan sonra Ermənistanda Paşinyana qarşı mədəniyyət xadimləri, siyasətçilər, müxalif qruplar və bir sıra politoloqlar çıxış edib. Onu Prezident İlham Əliyevə uduzmaqda günahlandırırlar. Azərbaycan heç vaxt işğal faktı ilə razılaşmayacaq. Bu məsələdə mövqe qəti və prinsipialdır”.

Məhərrəm Əliyev

Mənbə: publika.az