Son doqquz ildə səkkiz minədək əcnəbi terrorçu Türkiyədən deportasiya edilib

Son doqquz ildə səkkiz minədək əcnəbi terrorçu Türkiyədən deportasiya edilib

İstanbul, 18 fevral, AZƏRTAC

Son doqquz ildə - 2011-ci ildən etibarən 102 müxtəlif millətin nümayəndəsi olan 7898 terrorçu Türkiyədən deportasiya edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Miqrasiya Xidmətinin rəhbəri Abdullah Ayaz məlumat verib.

O bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində həyata keçirdiyi “Sülh çeşməsi” antiterror əməliyyatının başladığı vaxtdan indiyədək Türkiyədən deportasiya edilən əcnəbi terrorçuların sayı isə 229 nəfərdir. Terror təşkilatları ilə əlaqəsi aşkarlanan 150 müxtəlif millətin nümayəndəsi olan 94 min xarici vətəndaşın Türkiyəyə girişinə qadağa qoyulub.

Türkiyədəki qanunsuz miqrasiya ilə bağlı danışan A.Ayaz qeyd edib ki, ötən il ölkə ərazisində 454 minə yaxın qanunsuz miqrant saxlanılıb. Onların 118 mini İstanbulda ələ keçirilib. Bu istiqamətdə 2019-cu ilin iyulundan etibarən İstanbulda miqrantlarla bağlı yeni qərarlar qəbul edilib və əməliyyatlar aparılır. Hazırda şəhərdə 7 minə suriyalı qanunsuz miqrant var.

A.Ayaz Türkiyədə 3 milyon 573 min suriyalının qeydiyyatda olduğunu bildirib. Diqqətə çatdırıb ki, Suriyanın terrordan təmizlənən bölgələrinə indiyədək 395 mindən çox şəxs geri göndərilib.

Hazırda Suriya ərazisində davam edən müharibə şəraitindən qaçan 350 mindən çox insanın Türkiyə sərhədlərinə doğru gəldiyini bildirən A.Ayaz qeyd edib ki, onlar böyük ehtimalla Suriya sərhədləri daxilində Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən qurulacaq yeni qaçqın düşərgələrində saxlanılacaqlar.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Mənbə: azertag.az