Prezident İlham Əliyev Paşinyanın bütün iddialarını darmadağın etdi

Prezident İlham Əliyev Paşinyanın bütün iddialarını darmadağın etdi

Bir neçə gün əvvəl Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirak etdiyi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri keçirildi. Hazırda bu məsələ Azərbaycan və Ermənistanda əsas müzakirə mövzusuna çevrilib. Hər iki ölkənin ictimai-siyasi dairələri, politoloqları, jurnalistləri bu fikirdədirlər ki, Azərbaycan ­Prezidenti Nikol Paşinyana əsl tarix və hüquq dərsi keçdi. Ermənistanda baş nazirin mat vəziyyətində qalmasından böyük məyusluq hökm sürməkdədir. Məsələ ilə bağlı tarix elmləri doktoru Nizami SÜLEYMANOV öz fikirlərini belə ifadə etdi:

– İlk növbədə qeyd etməliyəm ki, debat zamanı Prezident İlham Əliyev özünü tarixin və beynəlxalq hüququn dərin bilicisi kimi göstərdi. O, nəinki müasir tarixə, hətta antik dövrə çox cəsarətlə rekurs edərək Paşinyana tutarlı cavablar verdi, onun təkcə siyasi kütlüyünü deyil, həm də tarixi və hüquqi savadsızlığını üzə çıxardı.
Diqqətçəkən məqamlardan biri Azərbaycan liderinin “Erməni xalqı öz müqəddəratını artıq təyin edib. Onların erməni dövləti var. Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!”–deməsi Paşinyan üçün çox sanballı zərbə oldu.
Çox maraqlıdır ki, Ermənistan baş nazirinin düşdüyü acınacaqlı vəziyyət erməni politoloq Andranik Tevanyanın da diqqətindən yayınmayıb. O, özünün “Facebook” səhifəsində yazıb: “Paşinyan beynəlxalq auditoriya qarşısında belə bir ehtiyat və görüntü ilə danışaraq, bir daha sübut etdi ki, dövlət başçısı kostyumu onun üçün çox böyükdür! Çox!”
Paşinyanın antik dövrə istinad edərək “Böyük Tiqranın dövründə bizim regionda yalnız iki millət var idi: ermənilər və gürcülər”–kimi arqumentinə isə İlham Əliyev yalnız replika ilə cavab verdi: “Ermənilər və ermənilər”. Paşinyanın bu ifadələri də erməni ictimaiyyətini məyus edib. Ermənistanın keçmiş müdafiə naziri Artak Zakaryan öz “Facebook” hesabında yazıb ki, Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə uduzdu.
Prezident İlham Əliyevin Dağlıq Qarabağın Azərbaycana məxsusluğu ilə bağlı söylədiyi tarixi həqiqətlər qarşısında Paşinyanın eramızdan əvvəlki dövrə mücərrəd və dolayı ekskursu auditoriyanı çaşdırmaq cəhdindən başqa bir şey deyildi. Əgər Paşinyan, həqiqətən də, Dağlıq Qarabağın ermənilərə məxsus olduğunu sübut edən hər hansı bir fakta, sənədə malik olsaydı, mütləq şəkildə bunu açıqlayardı. Əslində, o, yaxşı bilir ki, tarixdə ermənilərin pul vahidi, bayrağı, gerbi, əlifbası, digər dövlətçilik atributları barədə heç bir fakt yoxdur.
Buna görə də Paşinyan Prezident İlham Əliyev tərəfindən səsləndirilən tarixi həqiqətlər və təqdim olunan faktlar qarşısında çox aciz durumda qaldı.

 

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”

Mənbə: xalqqazeti.com