İranda parlament seçkisi: ABŞ-a münasibət, fərqli məqsədlər... (ŞƏRH)

İranda parlament seçkisi: ABŞ-a münasibət, fərqli məqsədlər... (ŞƏRH)

"İrandakı bütün siyasi qüvvələr sözdə Amerikaya qarşı mübarizədə vahid mövqe nümayiş etdirsələr də, mühafizəkarların və şərti adı islahatçılar olan qüvvələrin seçkidə fərqli məqsədləri var”.

Qaynarinfo xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bu gün İranda keçirilən parlament seçkisini şərh edərkən deyib. O, qeyd edib ki, seçki qonşu ölkə üçün çox ağır şəraitdə keçir:

"Birincisi, Amerikanın İrana qarşı sanksiyaları getdikcə sərtləşir və bu qonşu ölkənin iqtisadiyyatına mənfi təsirini artırır. İkincisi, Tehran Qasım Süleymaninin intiqamını hələ ala bilməyib, ancaq mühafizəkarlar Amerikaya qarşı növbəti həmlədən də imtina etməyiblər. Üçüncüsü, Çində yayılan ölümcül virus qəfildən İranı da vurdu. Ən maraqlısı odur ki, ölüm virusuna yoluxan İran vətəndaşlarının heç birinin çinlilərlə ünsiyyəti olmayıb. İraq virusun yayılması qorxusuna görə artıq İranla sərhədi bağlayıb, yaxın günlərdə biz də eyni qərarı vermək məcburiyyətində qala bilərik”.

Elxan Şahinoğlu bildirib ki, 285 deputat yerinə 7 minə yaxın namizəd iddia edir:

"İrandakı bütün siyasi qüvvələr sözdə Amerikaya qarşı mübarizədə vahid mövqe nümayiş etdirsələr də, mühafizəkarların və şərti adı islahatçılar olan qüvvələrin seçkidə fərqli məqsədləri var. Ali dini lider Əli Xamaneyinin simasında mühafizəkarlar "Amerikaya ölüm” şüarıyla seçkidə daha çox səs əldə etməyə çalışırlar. Prezident Həsən Ruhaninin simasında isə islahatçılar əksinə, Amerika ilə mübarizə adı altında daha çox tərəfdarın seçki günü səsverməyə gələcəyinə çalışırlar. Ruhaninin bu çağırışı səbəbsiz deyil. 2016-cı ildə keçirilən parlament seçkisində islahatçılar məhz gənclərin seçici fəallığına görə parlamentdə mövqelərini gücləndirmişdilər. Ancaq rəy sorğularına görə, Tehranın cəmi 21 faizi bugünkü seçkiyə qatılacağını açıqlayıb. Bu, mühafizəkarların işinə yaraya bilər”.

Bahar Rüstəmli

Mənbə: qaynarinfo.az