Amerikalı ekspert Xocalı soyqırımında əli olan erməni siyasətçi və generallarını ittiham etdi

Amerikalı ekspert Xocalı soyqırımında əli olan erməni siyasətçi və generallarını ittiham etdi

Keçmiş postsovet məkanı olan Ermənistanla Azərbaycan arasındakı münaqişə hələ çox qədim tarixə dayanır. 1988-ci ildən başlayaraq ermənilər Qarabağı qanunsuz və birtərəfli qaydada Azərbaycandan qorparmaqla Azərbaycana qarşı təcavüzkar fəaliyyət planlarını həyata keçirdilər. Ancaq ətraflı araşdırılsa, açıq görmək olar ki, münaqişənin kök səbəbləri əsrlər boyu davam edən Ermənistanın Azərbaycana qarşı tarixi ərazi iddialarına dayanır. Ermənilər, əslində, Sovetlər quruluşundan əvvəl Azərbaycan torpaqlarında ərazilərinin olması iddiasını formalaşdıraraq buna inanmağa başladılar. Sovet rejiminin tərkib hissəsində 70 il birgə yaşamalarına baxmayaraq, düşmənçilik hisslərini öz mənfur ideologiyalarında qoruyub saxlayan erməni millətçiləri 1991-1992-ci ilin əvvəllərində Azərbaycana qarşı silahlı hücumları daha da gücləndirdilər. Nəticədə Dağlıq Qarabağ bölgəsində ümumi sahəsi 940 kvadrat kilometr olan və 7000 nəfərlik əhalisi olan Xocalı rayonu erməni hərbi əməliyyatının hədəfinə çevrildi.

1991-ci ilin oktyabrında Xocalı tamamilə erməni qüvvələri tərəfindən mühasirəyə alındı ​​və 30 oktyabrda nəqliyyat yolu qəsdən məhv edildi, bunun nəticəsində yalnız helikopterlər nəqliyyat vasitəsi oldu. Daha sonra qanlı erməni təcavüzkarları mülki şəxsləri daşıyan helikopterləri hədəfə aldılar və nəhayət onlardan biri Şuşa şəhəri üzərində vurularaq içərisində 40 nəfərlə birgə məhv edildi. 1992-ci ilin yanvar ayında qəsəbədə elektrik enerjisi kəsildi.

1992-ci ildə Xocalını işğal etmək Ermənistana strateji üstünlüklə yanaşı, Qarabağ bölgəsinin digər şəhərlərini ələ keçirmək üçün əlverişli şərait yaratdı. Erməni təcavüzkarları törətdiyi vəhşiliklərlə azərbaycanlılara psixoloji təsir edərək, ardıcıl olaraq həyata keçirmək istədiyi hərbi əməliyyatlara mane olan yerli sakinlərdə fobiya yaratmağa başlayırdı. Xocalı soyqırımının Qarabağda etnik təmizlənmə və Xocalını yer üzündən silmək cəhdi olduğu danılmaz bir həqiqətdir. Bununla belə, Xocalıda və ətraf ərazilərdə silinməz qalan izlər hələ də Ermənistanın ərazi iddialarını təkzib edən tarixi sübutlardır.

Bundan əlavə, bu gün dünyanın dörd bir yanından gələn ekspertlərin, tarixçilərin, jurnalistlərin və hərbi müxbirlərin, hətta müharibədə iştirak edənlərin, dünyaya çatdırmaq üçün əllərində bir çox dəlillər var. Bu gün Amerikadan olan daha bir ekspert Xocalı soyqırımını yenidən araşdıraraq Eurasia Diary ilə fikirlərini bölüşür.

Peter Tase, müstəqil jurnalist və ABŞ-dakı Paraqvay Tədqiqatlar və Latın Amerikası münasibətləri üzrə araşdırmaçı alimdir. O, həmçinin Cənubi Qafqazdakı geosiyasi məsələləri, xüsusən də Azərbaycanla Ermənistan arasındakı Qarabağ münaqişəsini tədqiq edir.

Peter Tase bildirib ki, Xocalıda törədilən cinayətlərə görə Ermənistan Respublikasının, onun siyasi və hərbi rəhbərliyinin, eləcə də tabeliyində olan yerli silahlı dəstələrin məsuliyyət daşıması çoxsaylı faktlarla təsdiqlənir. Buraya istintaqa dair materiallar, məruzələr, şahid ifadələri, beynəlxalq media mənbələrindəki sübutlar, hökumətlərarası və qeyri-hökumət təşkilatlarının hesabatları daxildir.

"Avropa İnsan Hüquqları Məhkəməsi, 22 aprel 2010-cu il tarixli qərarında Xocalıda törədilən cinayətlərlə əlaqədar əhəmiyyətli bir nəticəyə gəldi, hücumu həyata keçirən şəxslərin davranışlarını "müharibə cinayətləri və ya bəşəriyyətə qarşı cinayətlər hesab ediləcək xüsusi ağır cinayətlər" olaraq müəyyən etdi. Avropa Məhkəməsinin bu qeydi cinayətin təsnifatı ilə bağlı hər hansı şübhəyə yer qoymur və buna görə məsuliyyət daşındığını göstərir: “Hesabatlar göstərir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalının işğalı, erməni əsgərləri tərəfindən qəsəbəyə hücum nəticəsində yüzlərlə azərbaycan əsilli mülki şəxs şəhərdən qaçmaq istədikləri vaxt öldürülmüş, yaralanmış və ya girov götürülmüşdür".

"Xocalı Soyqırımı İkinci Dünya Müharibəsi zamanı Almaniya işğalı altında olan Avropada yəhudi xalqına qarşı baş verənlərə bənzər şəkildə törədilərək Azərbaycan xalqına çox böyük acı və iztirab gətirdi. Nasist Almaniyasının Silahlı Qüvvələri tərəfindən törədilən Holokost hadisəsi Ermənistan Silahlı Qüvvələrinin 1992-ci ilin fevral ayında Xocalıda törətdiyi cinayətə çox oxşayırdı. Buna görə Beynəlxalq ictimaiyyət, xüsusən Avropa və Atlantik akeanı boyu bütün demokratik hökumətlər, hər il Ermənistan Silahlı Qüvvələri və onun dəstəyi ilə təşkil olunan bəşəriyyətə qarşı törədilən dəhşətli cinayət kimi Xocalı Soyqırımını qeyd etməlidirlər.

Ermənistan Respublikası otuz ildən artıqdır ki, Azərbaycanın suveren ərazilərinin 20 faizini işğal etmişdir və işğal olunmuş torpaqlarda Xocalı soyqırımı daxil olmaqla azərbaycanlı günahsız mülki şəxslərə qarşı etnik təmizləmə siyasəti həyata keçirmişdir. Ermənistan hökuməti və silahlı qüvvələrinin rəhbərliyi tərəfindən Şuşa, Kəlbəcər, Füzuli və Dağlıq Qarabağ ərazisinə bitişik işğal olunmuş digər rayonlarda aparılan kampaniya nəticəsində bütün Azərbaycan vətəndaşları etnik təmizləməyə məruz qalmışdır. Ermənilər ələ keçirdikləri Azərbaycanın suveren ərazisi olan bütün torpaqlarda Azərbaycanın mədəni irsini məhv ediblər. Dünya bilməlidir ki, Dağlıq Qarabağ heç vaxt Ermənistanın mədəni, dini və tarixi irsi olmamışdır; bu ərazi (Dağlıq Qarabağ) Azərbaycanın doğma diyarı, qədim mədəniyyəti və tarixinin ayrılmaz bir parçasıdır".

Elnur Ənvəroğlu,

Jurnalist, Eurasia Diary-nin baş redaktoru

Eurasia Diary

Mənbə: ednews.net