Azərbaycan da elektron seçki sisteminə keçə bilər: Zamana ehtiyac var - RƏY

Azərbaycan da elektron seçki sisteminə keçə bilər: Zamana ehtiyac var - RƏY

Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov Estoniyada və Rusiyanın bir hissəsində elektron seçki sisteminin tətbiqinə başlanıldığını deyib. O bildirib ki, bu ölkələr sistemin tətbiqindən məmnunluq ifadə etsələr və vətəndaşların səslərinin ifadəsində yaxşı bir metod olduğunu qəbul etsələr, Azərbaycanda da elektron səsverməni tətbiq etmək olar.

“Burada gizli bir şey yoxdur. Biz istəmişik ki, ən mütərəqqi metodları Azərbaycanda tətbiq edək. Daha yaxşısı olacaqsa, tətbiq edəcəyik. Amma biz eksperiment keçirmək niyyətində deyilik. Hesab edirəm ki, hazırki seçki qanunvericiliyi Avropa standartlarına uyğundur. Fikrimcə, bizim indiki standartlar seçkinin şəffaf və ədalətli keçirilməsinə yetərlidir. Biz dünyada inkişaf etmiş, müasir çağırışlara cavab verən bir dövlətik. Yeni qaydaların da tətbiq olunmasında heç bir problem yoxdur”.

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Sherg.az-a bildirib ki, inkişaf etmiş demokratik ölkələrdə səsvermənin onlayn formasından istifadə olunur.

Onun sözlərinə görə, elektron səsvermə sisteminə keçidin müsbət cəhətləri var:

“Əlbəttə ki, informasiya kommunikasiya texnologiyaları inkişaf etdikcə insanların rahatlığını təmin etmək və qərarların qəbul edilməsi prosesində iştirak etmək üçün elektron üsullardan istifadə olunur. Estoniyada elektron səsvermə uğurla tətbiq oluna bilər. Çünki bu gün Estoniya informasiya texnologiyalarına görə dünyanın lider ölkələr qrupundadır. Orada demək olar ki, bütün sahələr elektronlaşıb. Nəinki elektronlaşma, hətta smart sistemə keçid də tətbiq olunur. Hətta Azərbaycan informasiya sahəsində Estoniya təcrübəsini öyrənir və ölkəmizə buradan mütəxəssislər dəvət edilmişdi.

Əliməmməd Nuriyev: “Elektron səsvermə üçün vərdişlər yaratmaq əsasdır. İnsanlar səsverməni yerinə yetirməyi bacarmalıdır”

Elektron səsvermə insanlar üçün rahatlıq yaradır və onlar səsvermə məntəqələrinə getmədən onlayn qaydada səs verə bilirlər. Elektron sistem seçki aktivliyini yüksək səviyədə təmin edir. İnsanların fəal şəkildə layiq bildikləri namizədə səs vermə imkanları genişlənir”.

Ə.Nuriyev qeyd edib ki, elektron səsvermə sistemi eyni zamanda saxtakarlığın aradan qaldırılması üçün də əhəmiyyətlidir:

“Amma ölkəmizdə elektron səsvermənin tətbiqi üçün zamana ehtiyac var. Çünki səsvermənin həyata keçirilməsinə tam infrasturuktur imkanları, həmçinin vərdişlər lazımdır. Bəlkə elektron səsvermənin proqram təminatını daha sürətli yaratmaq mümkün ola bilər. Çünki digər ölkələrin təcrübəsində bu var. Lakin elektron səsvermə üçün vərdişlər yaratmaq əsasdır. İnsanlar səsverməni yerinə yetirməyi bacarmalıdır. Bunun üçün də xeyli vaxt lazımdır. Əlbəttə ki, pilot olaraq layihəni ölkəmizdə tətbiq etmək olar. Məsələn, əvvəlcə hansısa dairə və yaxud bir neçə məntəqə üzrə elektron səsverməni keçirmək mümkündür. Beləliklə müəyyən zaman içində seçicilər arasında vərdişlər yaranacaq”.

Ə.Nuriyevin sözlərinə görə, ölkəmizdə elektron səsvermənin tətbiqi üçün qanunvericilik dəyişikliklərinə də ehtiyac var:

“Çünki səsvermənin gizli olması olduqca vacib məsələdir. Onlayn sistemdə ən mühüm və çətin məqam səsvermənin gizliliyinin təmin olunmasıdır. Seçkilərə müdaxilə imkanları bu sistemdə də az olmaya bilər. Məlumdur ki, dünyanın bir çox ölkələrində elektron kəşfiyyat yaradılıb. Kompyuter proqramları vasitəsilə müəyyən risklər və müdaxilələr ola bilər. Bu riskləri gözə almaq lazımdır. Tam və etibarlı layihə hazırlandıqdan sonra ölkəmizdə elektron səsverməni tətbiq etmək olar”.

Mənbə: sherg.az