Tehranda seçkilərdə təhlükəsizliyi 14 min polis əməkdaşı təmin edir

Tehranda seçkilərdə təhlükəsizliyi 14 min polis əməkdaşı təmin edir

Tehranda parlament seçkilərində 4 min 552 seçki məntəqəsində təhlükəsizliyi 14 min polis əməkdaşı təmin edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Tehran şəhər polis idarəsinin rəisi, general Hüseyn Rəhimi deyib.

O bildirib ki, polis seçki prosesinə qarışmır və onlar üçün ayrılmış xüsusi yerlərdə növbə çəkirlər. Hazırda Tehran polisi gücləndirilimiş iş rejimində işləyir.

General nəzərə çatdırıb ki, seçki məntəqələri səhər saat 8:00-dan açılıb və bir çox məntəqələrdə səs vermək üçün uzun növbələr yaranıb. Seçicilərin fəallığı müşahidə edilir. Bu saata (13:00) qədər məntəqələrdə hər hansı bir insident baş verməyib.

Qeyd edək ki, Prezident Həsən Ruhani də səsvermədə iştirak edib. O jurnalistlərə bildirib ki, İran xalqının seçkidə iştirakı dövlətlə xalq arasında ixtilaf salmaq istəyənlərə tutarlı cavabdır.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Mənbə: azertag.az