"Paşinyanın ictimai təzyiq qarşısında müqaviməti yoxdur" ÖZƏL-MÖVQE

"Paşinyanın ictimai təzyiq qarşısında müqaviməti yoxdur" ÖZƏL-MÖVQE

"Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı debatdan sonra Ermənistanın baş naziri Nikol Paşinyan siyasi müvazinətini bərpa edə bilmir və bir-birini təkzib edən ziddiyyətli bəyanatlar verməkdə davam edir. Bütövlükdə isə əvvəldən bəri küçə demokratiyasının lideri kimi səciyyələndirilən bu adam siyasi məntiq etibarilə və siyasi ardıcıllıq etibarilə diqqəti cəlb etmir. Ona görə ki, Paşinyan başından bəri siyasi proseslərdə daha çox “əhval-ruhiyyə siyasətçi”si kimi tanınır". Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, Paşinyanın ictimai təzyiq qarşısında müqaviməti yoxdur. Çünki o ictimaiyyət tərəfindən dəstəklənmir, beynəlxalq təşkilatlarda ciddi qəbul edilmir və davranış qaydalarını bilmir. Ona görə də Paşinyan xaricdə başqa cür, daxildə isə tamam başqa cür bəyanat verir və tez-tez öz fikirlərini dəyişir. Bu isə get-gedə onun bir siyasətçi kimi tamamilə siyasi arenadan getməsini sürətləndirir. Paşinyanın müxtəlif fikirlərinə, mövqelərinə baxmayaraq əsas fikir, mövqe Azərbaycan Prezidentinin, Paşinyanı danışıqlar masasına gəlməyə məcbur etməli olan və problemi həll etməli olan beynəlxalq təşkilatların mövqeyidir. Düşünürəm ki, Azərbaycan mütləq buna nail olacaq və öz ərazi bütövlüyünü bərpa edəcək”.

Mənbə: sia.az