Həbsə aparan qanunsuzluq: Məmurlar niyə dərs götürmür? - İLGİNC

Həbsə aparan qanunsuzluq: Məmurlar niyə dərs götürmür? - İLGİNC

Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, rayonun bir sıra idarə-müəssisələrinin rəhbərləri, Bərdə İdarəetmə və Texnologiya Kollecinin direktoru Xaləddin Ələkbərov, müavini İlqar Dursunovun rüşvət aldıqları üçün müvafiq dövlət orqanları tərəfindən həbs olunmasına dair rəsmi məlumat verilib.

Bu məlumatlar eyni formada yayılan ilk informasiyalar deyil, dəfələrlə qanunsuz fəaliyyətlə bağlı icra başçısı və digər yüksək vəzifəli məmurların cəzalandırılmasının şahidi olmuşuq. Çünki ölkə qanunvericiliyində rüşvətlə bağlı müddəalar sərt cəza tədbirlərini nəzərdə tutur.

Konstitusiyaya görə, rüşvət iki hissəyə ayrılır: Passiv və aktiv rüşvətxorluq. 311-ci maddədə açıq şəkildə rüşvət almanın (passiv rüşvətxorlu) cəzaları göstərilib. 311.1-ci maddəyə görə, vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi rüşvət alma anlamına gəlir. Cəzası isə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmədir. 311.2-ci maddəyə görə isə vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət almaya görə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cəzalandırılır.

312-ci maddədə isə rüşvət verməklə bağlı cəzalar qeyd olunub. Əsas Qanunun 312-ci maddənin 1-ci bəndinə görə, rüşvət vermə (aktiv rüşvətxorluq) xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsidir. Cəzası isə beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmədir. 312-ci maddənin 2-ci bəndində isə göstərilir ki, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə görə səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəza nəzərdə tutulur.

Qeyd: Rüşvət verən şəxs vəzifəli şəxs tərəfindən tətbiq edilən hədə-qorxu nəticəsində rüşvət verdikdə və ya rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdikdə, cinayət məsuliyyətindən azad edilir.

Xatırladaq ki, hər iki - 311 və 312-ci maddələrdə əvvəl əmlakı müsadirə olunmaq məsələsi var idi. Sonradan qanuna müəyyən redaktələr edilib və bu bənd (əmlakı müsadirə olunmaqla) qanunvericilikdən çıxarılıb. Amma görünən odur ki, bəzi məmurların qanunvericiliyin bu tələblərindən ya xəbəri yoxdur, ya da özlərini bilməzliyə vururlar. Çünki hələ də bəziləri rüşvətin qanunla qadağan olunan, cinayət məsuliyyəti yaradan əməl olduğunu anlamır. Nəinki qanunu gözardı edir, hətta bir müddət əvvəl Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov, Yevlax rayonu İcra Hakimiyyətinin keçmiş başçısı Qoca Səmədovun da həbsi onlara dərs olmayıb. İllərlə yüksək vəzifələr tutmalarına baxmayaraq, qanunvericilikdən xəbərsiz kimi davranmaqla cinayət məsuliyyəti yaradacaq əməllərə əl atırlar. Halbuki ortada məhz bu ittihamlarla cəzalandırılan çox sayda məmurun təcrübəsi var və bu təcrübədən dərs almaq zamanı çoxdan çatıb.

Ölkə başçısının iradəsi ortadadır. Prezident qəti şəkildə bildirir ki, heç kimə güzəşt edilməyəcək! İlham Əliyev dəfələrlə müşavirələrdə rüşvətə son qoyulması ilə bağlı fikirlər səsləndirib, aparılan işlərə, atılan addımlara birbaşa nəzarət edir. Amma verilən tapşırıqlara əməl etməyən bəzi məmurlara digərlərinin təcrübəsi nəinki görk olmur, əksinə özlərini toxunulmaz saymaqla cəzasılığa ümid edirlər. Bir icra başçısı qanunsuz əməllərinə görə həbs olunur, digər icra başçıları bundan nəticə çıxarmır. Bir müəssisənin direktoru rüşvətə görə həbsə göndərilir, digərləri anlamazlıqdan gələrək eyni davranışı təkrarlayırlar. Təkcə 2018-ci ildə 28 nəfər vəzifəli şəxs korrupsiyaya görə cinayət məsuliyyətinə cəlb olunub. Onlar ümumilikdə 51 milyon manat rüşvət almaqda ittiham olunur. Ötən ilin rüşvət cinayətləri ilə bağlı statistikası isə belədir: 101 şəxs barəsində 59 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 69 şəxs barəsində 55 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 36 şəxs barəsində 18 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 52 şəxs barəsində 20 iş rüşvət alma (passiv rüşvətxorluq), 68 şəxs barəsində 43 iş rüşvət vermə (aktiv rüşvətxorluq) və şəxsi rüşvət verməyə təhrik etmə, qalanları isə digər korrupsiya cinayətləri ilə bağlı məsuliyyətə cəlb olunub.

Dərs çıxarmaq üçün kifayət qədər ciddi rəqəmlərdir. Məmurlar baş verənlərdən dərs götürməlidirlər. Əks təqdirdə, dövlət başçısının iradəsi ilə onların çoxunu belə həbs gözləyir.
 

Mənbə: www.dia.az