Harada və necə çəkiliş aparmaq olar? - Qanun nə deyir?

Harada və necə çəkiliş aparmaq olar? - Qanun nə deyir?

İctimai-siyasi proses və hadisələrin videogörüntüyə alınması ciddi müzakirəyə çevrilib.

Qanunvericilikdə şəxsi həyata müdaxilə istisna olunmaqla, bununla bağlı hər hansı qadağanın olub-olmaması maraq doğurur. Belə müzakirələr 9 fevral növbədənkənar parlament seçkisindən sonra daha aktiv müzakirəyə çıxarılıb. Seçki məntəqələrində çəkilən görüntülər sosial şəbəkələrdə yayılır, Mərkəzi Seçki Komissiyası tərəfindən yüzlərlə görüntü araşdırılır.

Seçki Məcəlləsində məntəqələrdə müşahidəçi, media mənsubları və ya seçicilərin prosesdə baş verən hər hansı pozuntunu görüntüyə alması barədə qadağa yer almayıb. Dəfələrlə bu məsələyə toxunan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov əslində sosial şəbəkələrdə seçki pozuntuları ilə bağlı yayılan görüntülərin qurumun işinə çox yardımçı olduğunu bildirib.

Ümumiyyətlə, ictimai proses və hadisələrdə istənilən şəxsin baş verən hər hansı halı görüntüyə almasına qadağa varmı? Qanunvericilikdə bu məsələ necə tənzimlənir?

Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev Cebhe.info-ya açıqlamasında məsələni belə izah edib:

“Son zamanlar çox müzakirə olunan görüntülərə, yəni Jalə Bayramova ilə bağlı görüntülərə mən də baxmışam. O, ümumi prosesi, yəni məntəqədə olan vəziyyəti görüntüyə alırdı. Məntəqədə olan xanım görüntüyə özü düşüb. Məntəqə ictimai yerdir. İctimai yerdə ictimai hadisənin çəkilişini aparmaq qadağan deyil. Bu, şəxsi həyata müdaxilə deyil. Sadəcə, həmin xanım onun çəkilişinin qarşısında dayanıb. O, kadrlara öz istəyilə düşüb. Burada çəkilişin şəxsi həyata müdaxilə kimi qiymətləndirilməsi, Konstitusiya ilə qadağan olunması yanaşması düzgün deyil. Çünki o, ictimai hadisəni görüntüyə alıb və orada iştirak edən şəxslərin kadra düşməsi qanun pozuntusu deyil. Əksinə, müşahidəçi qismində iştirak edən Jalə Bayramovaya fiziki zor və təzyiq göstərilməsi seçki prosesinə müdaxilə kimi qiymətləndirilməlidir. Bu da cinayət məsuliyyəti yaradır”.

Vəkil bildirib ki, qanunvericilikdə şəxsin özünün razılığı olmadan çəkilişin aparılması qadağan edilib:

“Amma mən ictimai yerdə çəkiliş aparıramsa, orada insanlar varsa, bu qadağan deyil. Kimsə görüntüyə düşmək istəmirsə, hadisə yerindən kənara çəkilə bilər və kameraya düşməməyə cəhd edər. Əgər çəkiliş aparan şəxs kimisə tapıb, açıq-aşkar çəkirsə, razılığı olmadan belə çəkilişi davam etdirirsə, bu, qanunla qadağandır. Bu, ictimai proseslərə, yerlərə və hadisələrə aid deyil”.

Mənbə: www.dia.az