Böyük ehtiramın yüksək səviyyədə etirafı

Böyük ehtiramın yüksək səviyyədə etirafı

Mehriban Əliyevanın beynəlxalq aləmdə böyük nüfuzu var. Məhz öz fəaliyyəti nəticəsində bir çox ölkələrin ən yüksək dövlət mükafatları və ordenləri ilə təltif edilibdir. Eyni zamanda, on ildən artıqdır ki, Mehriban Əliyeva UNESKO-nun və ISESKO-nun xoşməramlı səfiridir. Dünyada ikinci belə şəxsiyyət yoxdur ki, hər iki mötəbər təşkilatın eyni zamanda, səfiri olsun. Bu, eyni zamanda, onun dinlərarası, sivilizasiyalararası dialoqa verdiyi töhfə ilə ­bağlıdır. Bu töhfə ölkəmizin siyasətinin təzahürüdür. Çünki bu gün Azərbaycan dünya miqyasında sivilizasiyalar­arası dialoqa ən çox töhfə verən ölkələrdən biri kimi tanınır.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan dünyada dini dözümlülük və tolerenatlıq nümunəsi olan ölkə kimi nüfuz qazanmışdır. Xüsusilə də Heydər Əliyev Fondunun ölkəmizdə və xaricdə dini abidələrin qorunması və bərpasına yardım göstərməsi Azərbaycanın dinlərarası dialoqun gücləndirilməsində oynadığı rolun daha da artmasına səbəb olmuşdur. Dinlərarası və sivilizasiyalararası dialoqa töhfələrilə bütün dünyada böyük rəğbətlə qarşılanan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülməsi fondun çoxşaxəli fəaliyyətinə verilən beynəlxalq dəyər olmaqla yanaşı, həm də ölkəmizin tolerantlıq məkanı olmasının bir daha təsdiqidir. Bu mükafat, sözsüz ki, həm də Azərbaycanın birinci xanımının bəşəri dəyərlərə göstərdiyi böyük ehtiramın yüksək səviyyədə etirafıdır.

Heydər Əliyev Fondunun xeyirxah məqsədləri arasında dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstəyin verilməsi öncül yerlərdən ­birini tutur. Birinci vitse-prezident Mehriban xanım Əliyeva həmişə görüş və çıxışlarında müxtəlif dinlərə mənsub olan insanların əsrlər boyu Azərbaycanda dostluq şəraitində yaşadıqlarını vurğulayaraq, ölkəmizdə insanlara dininə, dilinə, milliyyətinə, irqinə görə fərq qoyulmadığını və bunun, həm Azərbaycan xalqının, həm də dövlətin digər dinlərə və millətlərə olan münasibətinin göstəricisi kimi diqqətə çatdırır. Dini və milli tolerantlığın indiyə kimi qorunub saxlanılmasında xalqımız və İslam dini misilsiz rol oynamışdır. Məhz dini dözümlülük ənənəsinin olması və dövlət tərəfindən atılmış addımlar sayəsində bu gün Azərbaycanda dövlət-din münasibətlərinin özünəməxsus modeli formalaşmış, bütün dünyaya nümunə göstərilən örnək halına gəlmişdir.
Əlbəttə, Azərbaycanda dini tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsində Birinci vitse-prezidenti Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və ISESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın misilsiz xidmətləri var. Xüsusilə də ölkəmizdə dini abidələrin qorunması və bərpasına yardım etməsi, fondun dəstəyi ilə ­Bakıdakı pravoslav və Müqəddəs Məryəm kilsələrində də təmir-bərpa işlərinin aparılması, yəhudi uşaqları üçün təhsil və mədəniyyət mərkəzinin tikintisinə hər zaman dəstək verməsi beynəlxalq aləmdə böyük rəğbətlə qarşılanır. Bundan başqa, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Azərbaycan – tolerantlıq ünvanı” layihəsi çərçivəsində Bakıda Pir Həsən ziyarətgahı, “Müqəddəs Məryəm – mövlud” pravoslav kilsəsi və Müqəddəs Mirodaşıyan Qadınlar Kafedral Kilsəsi, Şamaxıda Cümə məscidi və Gəncədə “Həzrəti Zeynəb” məscidindən tutmuş Fransanın müxtəlif bölgələrində kilsələrin, Strasburqda XIV əsr Kafedral Kilsəsinin vitrajlarının bərpasına, habelə Həştərxanda Knyaz Vladimirə abidə ucaldılmasına qədər müxtəlif dini obyektlərdə bərpa işlərinin aparılması da ­xüsusi alqışlara səbəb olur.
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Müqəddəs Roma katakombalarının bərpa olunması xristian aləmində böyük rəğbət doğurmuşdu. İslam ölkəsi olan Azərbaycanın xristian aləminin müqəddəs sayılan abidələrinin qorunub saxlanılmasına belə qayğının göstərilməsi yüksək qiymətləndirilmişdi. Təsadüfi deyil ki, dünya mədəniyyətinə qayğı və diqqətinə, həmçinin Azərbaycan mədəni irsinin yaşadılması sahəsindəki töhfələrinə görə ­Mehriban xanım Əliyeva 2008-ci ildə UNESKO-nun gümüş xatirə medalı, 2010-cu ildə isə UNESKO-nun “Qızıl Motsart” medalı ilə təltif olunmuşdur.
Bu, bir həqiqətdir ki, Mehriban xanım Əliyevaya təqdim olunan mükafatlar bir nəcib azərbaycanlı xanımın beynəlxalq aləmdə nüfuz və böyük şöhrətə malik olduğunun göstəricisidir. “Yaqut Xaç” ordeninə, “Şərəf Legionu” ordeninə, “Qızıl ürək” beynəlxalq mükafatına, “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeninə, “Türk dünyasına xidmət” mükafatına, “2014-cü ilin ən nüfuzlu qadını” adına və onlarca digər mükafat və adlara layiq görülməsi ­Mehriban xanım Əliyevanın çoxşaxəli əməyinin qiymətidir. Fevralın 22-də isə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ­Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə – IX Piy Ordeninin Böyük Xaçına (Dama di Gran Croce dell’ordine Piano) layiq görülməsi isə Azərbaycanın birinci xanımının bəşəri dəyərlərə göstərdiyi böyük ehtiramın yüksək səviyyədə etirafı oldu.
Birinci vitse-prezident ­Mehriban xanım Əliyeva bu ordenə mədəniyyətin, o cümlədən, Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə layiq görülmüşdür. 1847-ci ildə təsis edilmiş bu ordenlə kilsə və cəmiyyət qarşısında xidmətləri olan şəxslər təltif olunmuşlar. Xüsusilə qeyd etmək lazımdır ki, Böyük Xaç – dövlət başçılarına və yüksək vəzifəli dövlət xadimlərinə təqdim olunan xüsusi dərəcədir. İtaliya ­Prezidenti Sercio ­Mattarella, İtaliya dövlətinin bir sıra sabiq rəhbərləri, o cümlədən Corcio ­Napolitano, həmçinin tac qoyulmuş şəxslər – İsveç kralı XVI Qustav, Lüksemburqun Böyük Hersoqu Anri, İspaniya Kralı Xuan Karlos və Belçika Kralı II Albert bu ordenə layiq görülənlər sırasındadır. Bu, Böyük Xaçın nə qədər böyük mükafat olmasının təsdiqidir.
Tarix boyu sivilizasiyaların, mədəniyyətlərin, dinlərin qovuşuğunda yerləşən Azərbaycanda müxtəlif dinlərin, mədəniyyətlərin, millətlərin, etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində bir ailə kimi yaşamışlar. Azərbaycan minilliklərlə cəmiyyətimizdə formalaşan tolerantlıq və dözümlülük ənənələrini müstəqilliyimizi bərpa etdikdən sonra da qoruyub saxlamış və daha da möhkəmləndirməyə çalışmışdır. Dünyəvi ölkə olan Azərbaycanın həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvü olması nadir sayılan xüsusiyyətlərdəndir. Bununla yanaşı, ənənələrə, köklərə, tarixə çox böyük hörmətlə yanaşılan Azərbaycanda bütün xalqların, bütün dinlərin, bütün etnik qrupların nümayəndələri eyni hüquqlara malikdirlər. Tolerantlıq ənənələrinin qorunub saxlanmasının dövlət siyasətinin əsas prioritetlərindən biri olan Azərbaycanda məscidlərin, katolik, pravoslav kilsələrin, sinaqoqların təmiri və tikintisini dövlət öz üzərinə götürür və bu sahədə heç bir ayrı-seçkilik yoxdur. Məhz belə siyasətin nəticəsidir ki, Azərbaycan son illər multikulturalizm, sivilizasiyalararası dialoq, mədəniyyətlərarası dialoq mövzularına həsr olunmuş beynəlxalq tədbirlərin keçirildiyi ölkə adını qazanmışdır.
Hələ 2013-cü ildə Parisdə keçirilən “Azərbaycan – tolerantlıq məkanı” sərgisində iştirak edən fransalı senator Jan-Mari Bokelin Azərbaycandakı tolerantlığı belə qiymətləndirmişdi: “Bu gün multikulturalizmi siyasi dövriyyədən çıxarmağa çalışan bir sıra Avropa dövlətlərindən fərqli olaraq, dini və mədəni tolerantlığı dövlət siyasətinin mühüm elementinə çevirə bilmiş Azərbaycanı bu nailiyyətlərinə görə yalnız alqışlamaq olar”. Katolik Kilsəsinin rəhbəri Papa Fransisk də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşdə bildirmişdir ki, dünyanın bir çox yerlərində gərginlik və münaqişələrin artdığı, bəzi dairələrin dini amildən istifadə edərək ədavəti və nifaqı daha da yaymağa çalışdığı bir vaxtda Azərbaycan əsl tolerantlıq nümunəsidir. Azərbaycan hökumətinə, xüsusilə də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirən Roma Papası fondun layihələri sayəsində Vatikanda bir çox tarixi abidələrin, o cümlədən katakombaların bərpa olunmasının heç vaxt unudulmayacağını diqqətə çatdırmışdır.
Göründüyü kimi, katolik aləminin ən ali din xadiminin Azərbaycan dövləti və Birinci vitse-prezident barədə dediyi bu xoş sözləri ölkəmizin dünyada sivilizasiyalar və dinlər arasında münasibətlərin inkişaf etdirilməsində oynadığı ­xüsusi rola yüksək dəyər kimi də qiymətləndirmək olar.

 

Mənbə: xalqqazeti.com