DTX-nın HƏBS ETDİYİ CASUS ZABİTƏ ƏN AĞIR CƏZA – Ömürlük azadlıqdan məhrum edildi!

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılaraq istintaqı aparılmış daha bir cinayət işi üzrə məhkəmə qərarı elan olunub. Söhbət Azərbaycanın keçmiş Milli Təhlükəsizlik Nazirliyində mühüm vəzifələrdə çalışmış İsmayılov Zakir Əlibala oğluna qarşı cinayət işindən gedir. O, dövlətə xəyanətdə ittiham olunur.

İstintaqla müəyyən edilmişdir ki, xarici xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində, xüsusi təxəllüs verilməklə məxfi əməkdaşlığa cəlb edilmiş Azərbaycan Respublikasının vətəndaşı, 1959-cu il təvəllüdlü İsmayılov Zakir Əlibala oğlu keçmiş Milli Təhlükəsizlik Nazirliyində şöbə rəisi və digər məsul vəzifələrdə işlədiyi dövrdə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və milli maraqları zərərinə fəaliyyət göstərərək, tutduğu vəzifələrə görə ona məlum olan, habelə əldə edə bildiyi əks-kəşfiyyat fəaliyyəti üzrə sənədlər, şəxsi heyət barədə və digər məxfi məlumatları, eləcə də 2015-ci ildən etibarən təqaüddə olduğu dövrdə keçmiş əlaqə və imkanlarından istifadə edərək təhlükəsizlik orqanlarında baş verən dəyişikliklər barədə məlumatları, Azərbaycan xüsusi xidmət orqanlarına qarşı kəşfiyyat işlərinin mümkün üsulları barədə təhlillərini müntəzəm xarici xüsusi xidmət orqanına təqdim etməklə dövlətə xəyanət etmişdir.

“AzPolitika.info”-ya daxil olan məlumata görə, Zakir İsmayılovun məhkəmə istintaqı yekunlaşıb və Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə o, ömürlük azadlıqdan məhrum edilib.

“AzPolitika”

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

iPhone-lardakı bu Instagram funksiyası Android-lərdə də əlçatan olacaq

SONRAKI XƏBƏR

“Qış möcüzəsi” fotomarafonunun Masallı rayon turunun qalibi müəyyənləşib