Serj Sarkisyan korrupsiya ittihamı ilə mühakimə olunur

Serj Sarkisyan korrupsiya ittihamı ilə mühakimə olunur

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan tərəfdarlarının siyasi sifarişli hesab etdiyi korrupsiya iddiası üzrə məhkəmə qarşısına çıxarılıb.

2008-ci ildən bəri iki dəfə ardıcıl olaraq Ermənistan prezidenti vəzifəsini icra edən Sarkisyan 2018-ci ildə istefa vermişdi. Həmin ərəfədə onun baş nazir vəzifəsində qalmaq planı sonradan baş nazir vəzifəsini tutan sabiq jurnalist Nikol Paşinyanın lideri olduğu kütləvi etirazlara səbəb olmuşdu.

"Ümid edirəm ki, Ermənistanda hələ də ədalətin üstün olduğunu düşünən hakimlər var" deyən Serj Sarkisyan onlarla tərəfdarının müşayiəti ilə məhkəmə binasına yollanıb.

"Bütün bu iş Serj Sarkisyanın aktiv siyasi fəaliyyətlə məşğul olmasının qarşısını almaq üçün uydurulub" – deyə, onun vəkili Amram Makinyan France Press xəbər agentliyinə bildirib.

Çərşənbə axşamı dinləmələri əsas etibarilə prosedur məsələlərinə həsr olunub. İş üzrə rəsmi fəaliyyət bir neçə həftə və ya hətta bir neçə aydan sonra başlayacaq.

İstefa verdikdən sonra Sarkisyan uzun müddət arxa planda qalmışdı, amma keçən ildən o, Paşinyanı fəal şəkildə tənqid etməyə başlamışdı.

Ötən ilin dekabrında 65 yaşlı Sarkisyan vəzifəli şəxslərin zənginləşməsinə kömək etdiyi korrupsiya sxemini təşkil etməkdə ittiham edilmişdi. Onun ölkəni tərk etməsinə qadağa qoyulmuşdu. Təqsirli olacağı təsdıqlənərsə, sabiq prezident səkkiz ilədək həbs cəzası ilə üzləşə bilər.

Mənbə: www.amerikaninsesi.org