Xocalı soyqırımı ermənilərin xalqımıza qarşı təcavüzkar siyasətinin nəticəsidir

Xocalı soyqırımı ermənilərin xalqımıza qarşı təcavüzkar siyasətinin nəticəsidir

Fevralın 26-da Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Dövlət İmtahan Mərkəzində (DİM) tədbir keçirilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, mərasim Xocalıda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirdə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Xocalı soyqırımının başvermə səbəblərindən danışıb, bu qətliamın təcavüzkar erməni millətçilərinin əsrlərboyu xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin nəticəsi olduğunu qeyd edib. O, faciəni Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi xarakterizə edib. Sədr əlavə edib ki, bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli mənsubiyyətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi Xocalı faciəsinin məhz soyqırımı olduğunu təsdiq edir.

Daha sonra DİM-in Direktorlar Şurasının sədr müavini Namiq Babayev çıxış edərək Xocalı soyqırımının ermənilərin əsrlərboyu öz havadarları ilə birlikdə türklərə və azərbaycanlılara qarşı həyata keçirdikləri təcavüzkar siyasətin nəticəsi kimi qiymətləndirib. O, bəşəriyyətə qara ləkə olan faciənin təkcə Azərbaycan xalqına deyil, bütövlükdə insanlığa qarşı törədilmiş cinayət olduğunu vurğulayıb. Sədr müavini bildirib ki, Xocalı soyqırımını törədənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq və şəhidlərimizin ruhu rahatlıq tapacaq.

Tədbirdə çıxış edən DİM-in digər əməkdaşları bildiriblər ki, erməni silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı üzərinə ağır hərbi texnika yeridib, dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutublar. Hərbi-siyasi təcavüz zamanı yüzlərlə soydaşımız həlak olub, mindən artıq insan girov götürülüb. Bu cinayət cəzasız qalmamalıdır və beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına siyasi-hüquqi qiymət verməlidirlər.

Mənbə: azertag.az