Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında alimlərin də üzərinə mühüm vəzifələr düşür

Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında alimlərin də üzərinə mühüm vəzifələr düşür

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şəki Regional Elmi Mərkəzində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbir keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə mərkəzin direktoru Yusif Şükürlü çıxış edərək erməni hərbiçiləri tərəfindən xüsusi amansızlıqla və ağılasığmaz vəhşiliklə həyata keçirilmiş Xocalı soyqırımının mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətindən danışıb, bu işdə alim və ziyalıların üzərinə mühüm vəzifələr düşdüyünü söyləyib.

Mərkəzin baş elmi işçisi, professor Firədun İbrahimov, Landşaftşünaslıq şöbəsinin müdiri Hüseyn Mustafabəyli, Tut ipəkqurdunun seleksiyası şöbəsinin müdiri Qüdrət Bəkirov, Tarixi irs və etnoqrafiya şöbəsinin müdiri Rahim Həsənov və başqaları çıxış edərək Xocalı soyqırımının Azərbaycan xalqının yaddaşına yazılan ən dəhşətli faciə olduğunu bildiriblər. Çıxış edənlər faciənin günahkarlarının dünya ictimaiyyətinə tanıdılması istiqamətində səylərin birləşdirilməsinin vacibliyini vurğulayıblar.

Sonda Xocalı faciəsindən bəhs edən videoçarx nümayiş etdirilib.

Mənbə: azertag.az