Xocalı soyqırımı - Azərbaycan tarixində ən qanlı hadisə

Xocalı soyqırımı - Azərbaycan tarixində ən qanlı hadisə

Fevralın 26-da AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən elmi müəssisənin direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli Xocalı soyqırımının Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söyləyib. Diqqətə çatdırılıb ki, xalqımıza qarşı törədilmiş soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca qəddarcasına qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Həmin gecə 1275 nəfər dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Qeyd olunub ki, bu faciəyə ilk dəfə hüquqi-siyasi qiymət dahi rəhbər, ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra verilib. Direktor müavini ermənilər tərəfindən işğal olunmuş torpaqlarımızın Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində tezliklə azad ediləcəyinə əminliyini vurğulayıb.

Professorlar İsmayıl Məmmədli, İlhami Cəfərsoy, İdris Abbasov, filologiya üzrə fəlsəfə doktorları, dosentlər Şahlar Məmmədli, Füzuli Mustafayev, Elçin İsmayılov və Arzu Hüseynova vurğulayıblar ki, Xocalı qırğınlarını Azərbaycan xalqı heç vaxt unutmayacaq. Xocalı soyqırımının tanınması ilə bağlı əldə olunan təqdirəlayiq nəticələr onu deməyə əsas verir ki, bu qətliamı törədənlər gec-tez ədalət mühakiməsi qarşısına çıxacaq, öz dəhşətli cinayətlərinə görə cavab verməli olacaqlar. Beynəlxalq hüquq və sağlam düşüncə məhz bunu tələb edir.

Mənbə: azertag.az