Xocalı Soyqırımına görə Azərbaycan niyə Beynəlxalq Məhkəməyə müraciət etmir? – XİN-dən ZİDDİYƏTLİ CAVAB

Xocalı Soyqırımına görə Azərbaycan niyə Beynəlxalq Məhkəməyə müraciət etmir? – XİN-dən ZİDDİYƏTLİ CAVAB

Bu gün Xocalı soyqrımının 28-ci ili tamam olur. Ancaq soyqırımla bağlı hələ də bəzi suallar cavabsız qalır.

Hər il başda BMT olmaqla, dünyanın beynəlxalq təşkilatlarını, böyük dövlətləri Xocalı soyqırımını tanımadığına, bu akta hüquqi qiymət vermədiyinə görə tənqid edirik.

Ancaq bilmədiyimiz məsələ odur ki, dünyanın Xocalı soyqırımına hüquqi qiymət verməsi üçün Azərbaycan hansısa instansiyalara müraciət edibmi?

Soyqırımı faktının hüquqi tərəfinə nəzər saldıqda bəzi boşluqlar diqqət çəkir. Azərbaycan tərəfinin soyqırımla bağlı BMT kimi nəhəng beynəlxalq quruma müraciət edib-etməməsi bəzi sualları cavabsız qoymaqdadır.

Əgər Azərbaycan məsələ ilə bağlı BMT-yə müraciət edibsə, o zaman niyə cavab verilməyib? Yaxud da əksinə, müraciət edilməyibsə, buna səbəb nədir?

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Modern.az-a açıqlamasında bildirib ki, Xocalı soyqırımı ilə bağlı BMT-yə müraciət etməyə ehtiyac yoxdur:

“Çünki digər beynəlxalq qurumlar da var və bunlar insanlığa qarşı hansısa cinayətləri bu və ya digər şəkildə öyrənib ona qiymət verirlər. Problem ondan ibarətdir ki, beynəlxalq kriminal məhkəməsi və insanlığa qarşı olaylarla bağlı qurumlar Xocalı soyqırımından sonra yaradılıb. Yeganə problem odur ki, bunların hadisələrə qiymət vermək imkanları da yoxdur”.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva da məsələ barədə Modern.az-a danışıb.

XİN rəsmisinin sözlərinə görə, Xocalı soyqırımı ilə bağlı hər il Azərbaycanın BMT nümayəndəliyi yanındakı rəhbərliyi tərəfindən Baş katibə məktublar ünvanlanır:

“Bu məktublar BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının sənədləri kimi yayımlanır. Məktublarda, müraciətlərdə Xocalı soyqrımının mahiyyəti, sübutlar, beynəlxalq müşahidəçilər, o cümlədən KİV-də işıqlandırılmaqla bağlı məqamlar öz əksini tapır”.

Leyla Abdullayevanın sözlərinə görə, Beynəlxalq Ədalət Məhkəməsi və Beynəlxalq Cinayət Məhkəməsi soyqırım məsələsində fərqli yanaşma sərgiləyir:

“BMT-nin tərkibində ayrıca Beynəlxalq Ədalət Məhkəməsi var. Beynəlxalq Ədalət Məhkəməsi 1946-ci ildə yaradılmış strukturdur. Ədalət Məhkəməsi dövlətlərarası münasibətlərdə suverenlik məsələlərinə baxır. Amma fərdi şəxslərin soyqrımı və insanlıq əleyhinə cinayətlərlə bağlı müraciətinə baxmır. Bu məsələlərə Beynəlxalq Cinayət Məhkəməsi baxır. Beynəlxalq Cinayət Məhkəməsi isə müstəqil qurumdur. Onun BMT-dən asılılığı yoxdur. Onun da yurisdiksiyasını nə Azərbaycan, nə də Ermənistan tanıyır. Heç bir dövlət onun yurisdiksiyasını tanımır.

Azərbaycan bu məsələlərlə bağlı istər BMT, istərsə də digər beynəlxalq qurumlarda sənədlərin tanınması, məlumatlandırma, həqiqətlərin çatdırılması kimi məsələləri ön plana qoyur”.

Leyla Abdullayeva Azərbaycanda Xocalı soyqrımının milli səviyyədə qəbul olunduğunu da qeyd edib. Milli Məclisin 1994-cü il fevral tarixli qərarı ilə Xocalı hadisələrinin soyqırım kimi elan olunduğunu deyib.

Mənbə: www.dia.az