Xocalı sakini Fiqurə Rüstəmova: Şəhidlərin qanı yerdə qalmayacaq

Xocalı sakini Fiqurə Rüstəmova: Şəhidlərin qanı yerdə qalmayacaq

Xocalı faciəsi tariximizin qanlı səhifəsidir. O dəhşətli gündən 28 il ötür. Lakin ermənilərin Xocalıda törətdikləri qırğın heç zaman yaddan çıxmayacaq. Soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib.

Xocalı hadisəsi gözümün qarşısında olub. Mən o qanlı gecəni, müsibətləri görmüşəm. Qardaşım, Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmov da Xocalı döyüşlərində qəhrəmancasına həlak olub.

Bu sözləri xalqımızın azadlığı, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gələn, Xocalı sakini, Bakıda fəaliyyət göstərən Xocalı şəhər 2 nömrəli tam orta məktəbin direktoru Fiqurə Rüstəmova AZƏRTAC-a müsahibəsində deyib. O qeyd edib ki, şəhidlər doğma Vətən, torpaq yolunda canlarından keçiblər. Şəhidlər ölməzlərdir, onların əziz xatirəsi əbədiyaşardır.

Xocalı qırğınından, erməni qəddarlığından danışan F.Rüstəmova axıdılan qanların yerdə qalmayacağını deyib. O, düşmən tərəfindən zəbt olunmuş torpaqlarımızın Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində tezliklə azad ediləcəyinə əminliyini vurğulayıb.

Mənbə: azertag.az