İnternat məktəblərində qanuna uyğun psixoloji yardım həyata keçiriləcək

İnternat məktəblərində qanuna uyğun psixoloji yardım həyata keçiriləcək

Nazirlər Kabineti “Ümumtəhsil internat məktəblərinin nümunəvi əsasnaməsinin təsdiq edilməsi haqqında” qərara dəyişiklik edib.

"Report" xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərarda qeyd olunub ki, ümumtəhsil internat məktəblərində psixoloji xidmət fəaliyyət göstərir və "Psixoloji yardım haqqında" qanunun tələblərinə riayət edilməklə, psixoloji yardım həyata keçiriləcək. Psixoloji xidmətin təşkili qaydaları Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Qeyd edək ki, ümumtəhsil internat məktəbləri aztəminatlı, zəruri sosial-məişət şəraiti olmayan ailələrdən qəbul edilmiş, yetim və valideyn himayəsindən məhrum, sağlamlığının bərpasına ehtiyacı olan uşaq və yeniyetmələrin təlim-tərbiyəsinin təşkilində, onların xalqımızın milli ənənələri ruhunda böyüməsi və layiqli vətəndaşlar kimi yetişməsində mühüm əhəmiyyətə malik təhsil müəssisələridir.

Bu məktəbləri imkan və şərait nəzərə alınmaqla, əsas və ya orta təhsil bazasında təşkil olunur.

Ümumtəhsil internat məktəbləri rayon (şəhər) təhsil şöbələrinin, habelə Təhsil Nazirliyinin tabeliyində olur. Xüsusi ümumtəhsil internat məktəbləri bilavasitə Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Mənbə: report.az