Sumqayıt hadisələri: haqq nazilsə də, üzülmədi

Sumqayıt hadisələri: haqq nazilsə də, üzülmədi

Bu gün Sumqayıt Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzi və dünyanın 19 şəhəri ilə qardaşlıq əlaqələri olan bir şəhərdir. Amma cəmi bir qərinə əvvəl Sumqayıt əksər beynəlxalq hesabatlarda əsl ekoloji fəlakət zonası və 1988-ci ildə erməni sakinlərinin qətlinə səbəb olan qanlı aksiyaların ünvanı kimi tanınmışdı. Sovet dönəmində bu şəhərdə ekoloji tarazlığın pozulduğunu həmin dövrün acı reallığı kimi etiraf etməli olsaq da, ermənilərin ölümü ilə nəticələnən hadisələrdə Sumqayıtın suçlandırılması ilə heç cür razılaşa bilmərik. Çünki bu, əsl həqiqətin siyasi məqsədlərlə təhrifindən, erməni və sovet təbliğat maşınının “məhsul”u olmaqdan başqa bir şey deyil.

Xatırladaq ki, sovet dövründə Sumqayıt bütün ölkədə beynəlmiləl şəhər kimi şöhrət qazanmışdı. Xəzərin sahilindəki bu gözəl şəhərdə 83 millətin nümayəndələri bir ailə kimi yaşayıb işləyir, xalqların dostluğunu hər vasitə ilə gücləndirirdilər. Gənclik şəhərində “Sülh”, “Dostluq”, “Rustavi”, “Çerkassı”, “Kirovakan” adlı küçələrin, “Rusiya” kinoteatrının, sülh rəmzi “Göyərçin” abidəsinin, 15 sovet respublikasının qardaşlığını əks etdirən “Birlik” monumentinin olması bu baxımdan xarakterik idi. Hətta o vaxtlar burada fəaliyyət göstərən “Xalqlar Dostluğu” muzeyində Əfqanıstanda ölmüş bir sumqayıtlı erməni əsgərin xatirəsinə ayrıca guşə də yaradılmışdı. “Sumqayıtın fəxri vətəndaşı” adına layiq görülmüş 28 nəfərdən üçü isə – SSRİ Kimya Sənayesi naziri Leonid Kostandov, inşaatçı Otanes Arutyunyan və şahmatçı Harri Kasparov məhz “zavallı” millətin nümayəndələri idi.
Göründüyü kimi, Sumqayıtı erməni qətllərinin törədildiyi bir məkan kimi təqdim etmək cəhdi əslində yalanla yoğrulmuş, müvəqqəti də olsa, riyakarların işinə yarayan siyasi təxribat idi. Daşnaklar qəsdən antierməni iğtişaşları törətdikdən sonra “Sumqayıtda erməni genosidi!” deyə bağıraraq, bu şəhəri və bütövlükdə Azərbaycanı dünya ictimaiyyətinin gözündən salmağa çalışıb və ardınca da məsələ qaldırıblar ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması təhlükəlidir, onu Ermənistana birləşdirmək lazımdır. Elə bu təxribatın davamı olaraq, çox keçmədən Ermənistandan azərbaycanlıların mütəşəkkil surətdə, silah gücünə qovulmasına start verildi. 1988-ci il noyabr ayının 28-dən dekabrın 7-dək erməni separatçıları və millətçiləri basqın edib azərbaycanlılar yaşayan 22 rayonun 185 yaşayış məntəqəsinin sakinlərini kütləvi şəkildə ata-baba yurdlarından çıxartdılar. Həmin günlərdə 217 nəfər azərbaycanlı öldürülüb ki, onlardan 57-si qadın, 5-i uşaq, 18-i isə yeniyetmə olmuşdur. Qırğın Ermənistanın 19 rayonunda və 11 şəhərində törədilib. Quqark, Vardenis (Basarkeçər), Masis (Zəngibasar) bölgəsində daha çox azərbaycanlı qətlə yetirilib.
Sonrakı mərhələdə isə Dağlıq Qarabağ münaqişəsi alovlandırılıb, muxtar vilayətə daxil olan 5 və onun ətrafında yerləşən 7 rayon Ermənistan tərəfindən işğala məruz qalıb, 1 milyon soydaşımız doğma yurd-yuvasından qaçqın düşüb.
Azərbaycan Respublikasının ­Prezidenti İlham Əliyev 2019-cu il noyabrın 21-də Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş tədbirdəki nitqində bir daha həmin hadisələrin mahiyyətinə, ermənilərin qanlı aksiyalarının əslində nəyə xidmət etdiyinə aydınlıq gətirmişdir: “Sumqayıt hadisələri erməni millətçilərinin təxribatı idi. Biz bunu açıq deməliyik. Çünki artıq neçə ildir ki, erməni millətçiləri Sumqayıt şəhərinə qara yaxmaq, ləkə vurmaq istəyirlər. Tamamilə əsassızdır və cəfəngdir. Tam məsuliyyətlə deyirəm ki, Sumqayıt hadisələrini törədən erməni millətçiləridir və erməni dəstələridir. Biz hamımız yaxşı bilirik ki, on nəfərə yaxın ermənini öldürən milliyyətcə erməni Qriqoryan və onun quldur dəstəsi idi”.
Dövlətimizin başçısı bir daha Sumqayıt hadisələrinin pərdəarxası məqamlarını açaraq bəyan etmişdir ki, erməniləri öldürən qatil Qriqoryan Ermənistan rəhbərliyi tərəfindən ona görə azadlığa buraxılıb ki, onların tapşırıqlarını icra edirdi. Sumqayıt hadisələrindən istifadə edilməklə Azərbaycana qarşı qarayaxma kampaniyası daha geniş vüsət alıb və nəticə etibarilə Dağlıq Qarabağ münaqişəsi başlanıb.
Statistik məlumatlara görə, 1988-ci ilin yanvarın 1-də Sumqayıtda müxtəlif millətlərdən olan 258200 nəfər yaşayırdı ki, onların da 14208 nəfəri erməni idi. Bu ermənilərin bir qismi separatçı “Qarabağ” və “Krunk” təşkilatlarına üzvlük haqqı verməkdən imtina edən, bu təşkilatların millətçi siyasətlərini qəbul etməyən adamlar idi. Çox güman ki, Kremldə Mixail ­Qorbaçovun başçılığı altında hadisələrin ssenarisi tutularkən 1961-ci il mayın 1-də Sumqayıt şəhərində Sov.İKP MK-nın Baş Katibi Nikita Xruşşovun “şəxsiyyətə pərəstiş siyasəti”nin əleyhinə etiraz nümayişinin baş tutduğu da nəzərə alınmışdı. Üstəlik, təşkilatçıların şəhərdə yaranmış gərgin ekoloji vəziyyətdən, sənaye müəssisələri ilə əhatə edilən ərazidəki “gecəqondu”larda antisanitariya şəraitində yaşamağa məcbur olan yüzlərlə ailənin narazılığından da “qığılcım” kimi istifadə etmək niyyəti vardı...
İstintaq materialları ilə sübut edilib ki, hadisələri törədənlərin ön cərgəsində xüsusi hazırlıq keçmiş erməni təxribat qrupu gedib. Talan və qətllərə təhrik olunan cinayətə meylli ünsürlərə, hələ yetkinləşməmiş gənclərə spirtli içkilər və narkotik vasitələr verərək onları, necə deyərlər, özlərindən çıxaran, sonra da “Erməniləri öldürək!”, “Qarabağ bizimdir!”, “Ardımca gəlin!” şüarları ilə ermənilərin mənzillərinə istiqamətləndirən “quldurbaşı” əvvəllər 3 dəfə mühakimə olunaraq 9 ildən çox həbsxana həyatı yaşamış qatı cinayətkar, “Paşa” ləqəbli erməni Eduard Qriqoryanla üç qardaşı – Albert,Tiqran və Ernest Qriqoryanlar əsas icraçılar kimi təsbit ediliblər.
Sumqayıt hadisələrinin tədqiqatçısı olan həmkarım, Əməkdar jurnalist Eyruz Məmmədovun bildirdiyinə görə, “Təşkilatçı” kimi qələmə verilən və Qriqoryana öz göstərişləri ilə yaxından kömək göstərən “Nalyotçik” (“Basqınçı”) qrupunun daha 31 erməni üzvü olub. Onlardan biri Bakı, 22-si Sumqayıt sakini idi. Bakılı Valeri Markaryan idarə etdiyi avtobusla Sumqayıtda dörd azərbaycanlını vuraraq öldürüb və şəhəri tərk edib. Bu sətirlərin müəllifi həmin “qəza”nın şəxsən şahidi olub. Yeri gəlmişkən, “Nalyotçik” siyahısındakı ermənilərdən biri də, sən demə, Sumqayıtın 6-cı mikrorayonunda mənimlə eyni binada yaşayan, Albert Minasyan imiş. Minasyan “Qarabağ” komitəsində fəallıq göstərib və hansı mənzillərə hücum olunacağı haqqında gənclərə əvvəlcədən istiqamət verib.
“Nalyotçik” qrupunun qalan üzvləri isə Dağlıq Qarabağ Muxtar Vilayəti Dövlət Təhlükəsizlik İdarəsinin əməkdaşı Levon Saturyan (Sumqayıtda “Krunk” cəmiyyətinin fəalları ilə mütəmadi əlaqə saxlayır, informasiya toplamaqla məşğul olurdu, milli zəmində baş verən hadisələrin təşkilatçılarından biri idi), “Qarabağ” komitəsinin fəal üzvü Suren Sərkisyan (vəzifəsi “Krunk” cəmiyyətinə üzvlük haqqı ödəməyənlərin siyahısına əsasən gəncləri onların evlərinə basqın etməyə səsləmək idi, hadisələrdən sonra dərhal Daşkənd şəhərinə köçüb), həmçinin iğtişaş səhnələrinin video çəkilişlərini təşkil edənlər – erməni dilində “Kommunist” qəzetinin müxbirləri Eduard Mosesov, Artur Qriqoryan və Qriqori Aqadlanyan, Ermənistanın Abovyan şəhər sakini Konstantin Pxakadze, DQMV Stepanakert şəhər sakini Suren Sərkisyan və 1988-ci ildə Moskvada cinayət törədərək Azərbaycana yollanan, haqlarında Ümumittifaq axtarışı elan edilsə də, DTK-nın köməyi ilə Sumqayıta maneəsiz daxil olan Petrosyan və Poqosyan olublar.
Eyruz Məmmədovun dediklərindən:
- Burada bir məsələyə də toxunmaq istəyirəm. 1988-ci ilin fevral hadisələrində Qriqoryana ekstremist qrupu ilə yanaşı, erməni millətindən olan xüsusi xidmət orqanlarının əməkdaşları yaxından kömək etmişdilər. “Bakinski raboçi” qəzeti 1 mart 2011-ci il tarixli sayında yazırdı: “Dövlət Təhlükəsizlik Komitəsinin arxiv materiallarından aydın olur ki, Dağlıq Qarabağda separatçı qüvvələrdən olan Sarkisyan, Osipyan və başqaları SSRİ Dövlət Təhlükəsizlik Komitəsənin agentləri olublar. Onlar Sumqayıt hadisələrində fəal iştirak etmiş, sonra Orta Asiya respublikalarına ezam olunmuşdular. Bu agentlərin izi Özbəkistanda və Qırğızıstanda baş verən iğtişaşlarda üzə çıxmışdır. Bu fakt bir daha sübut edir ki, Sumqayıtda, Fərqanədə, Oşda, Taşlakda baş verən təxribatlar bir mərkəzdən təşkil edilmiş və həyata keçirilmişdir”.
Sumqayıtda baş verən hadisələrdə 32 nəfər insan qətlə yetirildi. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı idi. “Nalyotçik” ekstremist qrupu Sumqayıtda öz “vəzifə”sini yerinə yetirdikdən sonra Moskvadan gələn SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları təcili olaraq şəhəri tərk etdilər. Moskvaya qayıdan orqan işçilərinin rütbələri artırılmış, onların hər biri vəzifəcə yüksəlmişdir. Rusiya Federasiyasının keçmiş prezidenti B.Yeltsinin vaxtında nazir, baş nazir olmuş, “FSB”-də məsul vəzifələrdə işləmiş Stepaşini, Çernenkonu, Nikolayevi və başqalarını misal göstərmək olar.
SSRİ Baş Prokurorluğu, kütləvi informasiya vasitələri Sumqayıt hadisələrində bilavasitə iştirak edən erməni ekstremistlərin adlarını gizlətmişdilər. Bütün cinayət hadisələri azərbaycanlıların üzərinə atılmalı idi. “Nalyotçik” qrupunun fəaliyyətinin ifşa edilməsində Azərbaycanın hüquq-mühafizə orqanlarının xüsusi xidməti olmuşdur.
Daha bir maraqlı fakt: hüquq-mühafizə orqanlarının arxiv materiallarından məlum olur ki, Eduard Qriqoryan 1988-ci ilin əvvəllərində Stepanakertdə, sonralar Ermənistan Respublikasının prezidenti olan Serj Sarkisyanla, “Krunk” cəmiyyətinin fəalları Manuçarovla, Dədəmyanla görüşmüşdü. Görəsən, qatı millətçi Serj Sarkisyanın tüfeyli həyat sürən Eduard Qriqoryanla Stepanakertdə nə işi ola bilərdi? Cavab aydındır. Dağlıq Qarabağ məsələsi düyünə düşmüşdü. Bu düyünü açmaq üçün isə Sumqayıt variantından istifadə etmək lazım idi.
SSRİ-nin və Ermənistanın xüsusi xidmət orqanlarının “Nalyotçik” kodu adı altında keçirdikləri əməliyyat, demək olar ki, “uğur”la yerinə yetirildi. Erməni millətçiləri dünya ictimaiyyətinə azərbaycanlıları başkəsən, bandit və soyğunçu kimi qələmə verməyə çalışdılar. Böhtan xarakterli təbliğat mexanizmi var gücü ilə işə salındı. Lakin ermənilərin iftira və böhtanları gec də olsa ifşa edildi. Sumqayıtda baş verən hadisələrdə əsl günahkarların kim olduğu geniş ictimaiyyətə məlum oldu...
Həmkarım sonda bildirdi ki, bu hadisələrin Kremlin göstərişi ilə əvvəlcədən hazırlanmış ssenari üzrə ermənilər və ermənipərəst qüvvələr tərəfindən törədildiyini təsdiqləyən bir çox başqa faktlar da var.
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdəki geniş nitqində o vaxtkı Azərbaycan rəhbərliyinin respublikanı idarə edə bilmədiyinə, xalq ilə hakimiyyət arasında dərin uçurum yarandığına da diqqəti cəlb etmişdir: “Mən dəfələrlə bunu demişəm, əgər, Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt Dağlıq Qarabağ münaqişəsi baş verməzdi, heç vaxt torpaqlarımız işğal altına düşməzdi”.
Ulu öndər 1982-ci ildə Moskvaya gedəndən sonra Azərbaycana rəhbərlik edən şəxslər Dağlıq Qarabağdan boy göstərən separatizm meyllərinə, təəssüf ki, çox biganə yanaşır, öz məsuliyyətlərini dərk etmirdilər və beləliklə, vəziyyəti nəzarətdən buraxmışdılar. Eyni zamanda, erməni millətçiləri Sumqayıtda da kök sala bilmiş və marığa yatmışdılar. 1987-ci ildə Heydər Əliyev Moskvada tutduğu yüksək vəzifədən istefa verdikdən sonra Azərbaycan daha açıq şəkildə ermənilərin hədəfinə çevrildi. Fransa Erməni İnstitutunun və Erməni Veteranları Assosiasiyasının təşkil etdiyi qəbulda akademik Abel Aqanbekyan mənfur niyyətlərini çəkinmədən dilə gətirdi: “Mən istərdim ki, respublikanın şimal-qərbində yerləşən Qarabağ Ermənistanın olsun, o, Azərbaycana nisbətən Ermənistana daha çox bağlıdır. Mən bu istiqamətdə bir təklif irəli sürmüşəm. Ümidvaram ki, yenidənqurma, demokratiya şəraitində həmin problem öz həllini tapacaqdır”. Mixail Qorbaçovun əlaltısının bu çıxışı 1987-ci ilin noyabrında Parisdə nəşr olunan “Humanite” qəzetində dərc ediləndən dərhal sonra separatizmə yaşıl işıq yandırıldı. Təəssüf ki, həmin planı ermənilər havadarlarının köməyi ilə qismən də olsa, həyata keçirə bildilər.
Sumqayıt hadisələrindən 32 il ötür. Mənfur qonşularımız millətimizə qarşı məkrli ideoloji təbliğatda bu hadisələrdən yenə də silah kimi istifadə edirlər. Amma haqq nazilsə də, üzülməz. Çoxdan, həm də tutarlı faktlarla əsaslandırılıb ki, Sumqayıt olayları Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına və keçmiş SSRİ-nin dağılmasına təkan verəcək vasitələrdən biri kimi düşünülmüşdü.
Həmin hadisələr zamanı şəhərin rəhbər işçiləri, çox güman ki, bilərəkdən məzuniyyətə çıxarılmış, hüquq-mühafizə orqanları bir növ fəaliyyətsiz hala gətirilmişdi. Buna görə də qanunazidd hərəkətlər sürətlə baş alıb getdi. Fevralın 28-29-da təhrikçi dəstə şəhərin emosiyalara uymuş gənclərinin kortəbii axını ilə faciəli hadisələrə yol açaraq aradan çıxdı. İki gündə 50-dən artıq mədəni-məişət obyekti dağıdıldı, 40-dan çox avtomaşın sıradan çıxarıldı, 200-dən artıq mənzil talan edildi, 400-dən çox adam bədən xəsarəti aldı. Qanlı aksiyalarda 32 nəfər sakin qətlə yetirildi.
Üç gün ərzində şəhərdə sabitliyi bərpa etməkdən ötrü heç bir tədbir görməyən hakimiyyət dairələri yalnız dalğa yatandan sonra, martın 1-də Sumqayıtda fövqəladə vəziyyət elan etdilər. Bundan sonra komendant saatı və pasport rejimi tətbiqinin heç bir mənası yox idi. Amma, görünür, bu, Moskvadan göndərilmiş istintaq qrupunun rahat işləməsi üçün lazım imiş. Hadisələrə görə minə yaxın adam şübhəli şəxs qismində saxlanıldı, 500 nəfər həbs olundu, 94 nəfər mühakimə edildi. Dəstə başçısı Eduard Qriqoryana 12 il, dəstə üzvü Taleh İsmayılova isə 15 il həbs cəzası verildi (!?). Əhməd Əhmədov erməni lobbisinin hay-küyü sayəsində güllələndi. İkinci qrup əlil olan Elçin Gəncəliyev istintaq dövründə verilən işgəncələrə dözməyərək təcridxana kamerasında özünü asdı.
Martın 1-də Sumqayıtda komendant saatı tətbiq olunandan sonra general-leytenant V.Krayev şəhərə komendant təyin edilmişdir. Onun əmri ilə bütün erməni ailələri evlərindən çıxarılaraq şəhər partiya komitəsinin akt zalına, mədəniyyət evlərinə, sanatoriyalara yerləşdirilmişdi. O zaman yüzlərlə sumqayıtlı tutulub milis şöbəsinə aparılmış, hüquqazidd şəkildə dindirilmiş və incidilmişdir. Əslində isə azərbaycanlı ailələr bir çox ermənini öz evlərində gizlətməklə Qriqoryanın cinayətkar dəstəsindən qorumuşdu.
Daha bir maraqlı məqam budur ki, Sumqayıtda “uğur”la həyata keçirilən erməni təxribatından ikicə gün sonra Xankəndidə “Sumqayıt genosidi” qurbanlarına abidə ucaldılmışdır. Bu isə təxribatı onların özlərinin törətməsini sübut edən daha bir aşkar faktdır.
Məlumdur ki, Sumqayıt hadisələrinin təşkilatçılarını məsuliyyətə cəlb etmək üçün müvafiq beynəlxalq orqanlara müraciət edilməsi və bunun üçün hüquqi əsasların müəyyən olunması məqsədilə bir neçə il əvvəl Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Respublikasının Baş Prokurorluğu Sumqayıt iğtişaşları ilə bağlı istintaqı təzələmiş və onun hərtərəfli aparılmasına başlanmışdır. İstintaq nəticəsində Sumqayıt hadisələrinin həqiqi mahiyyəti üzə çıxmış, bu hadisələrin əsas sifarişçi və təhrikçilərinin Qorbaçov, sovet rəhbərliyində təmsil olunmuş ermənipərəst dairələr və “Böyük Ermənistan” xülyası ilə yaşayan erməni millətçi və separatçı qüvvələrinin olması müəyyən edilmişdir. İstintaq nəticəsində Sumqayıt hadisələrinin mahiyyətcə Dağlıq Qarabağın Azərbaycandan qoparılması üzrə mübarizənin “rəsmi səbəbi” kimi qanlı təxribat olması tam sübuta yetirilmişdir.
Hadisələrdən 32 il keçməsinə baxmayaraq, ermənilər hələ də dünya ictimaiyyətini, beynəlxalq təşkilatları bu hadisələrin əsl səbəbləri ilə əlaqədar aldatmağa çalışmaqdan əl çəkmirlər. Onlar Sumqayıtda iğtişaşların hansı niyyətlə törədildiyini gizlətməkdən ötrü dəridən-qabıqdan çıxırlar. Buna görə də nankor qonşulara davamlı şəkildə ciddi və qəti qarşılıq verilməli, düşmən əldə olan konkret və tutarlı faktlarla ifşa edilməlidir.

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

Mənbə: xalqqazeti.com