Ümumavropa Qarabağ mitinqi uğurlu alındı

Ümumavropa Qarabağ mitinqi uğurlu alındı

Məlum olduğu kimi, 28 il ­bundan əvvəl erməni faşistləri tərəfindən azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımı, ümumiyyətlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində son vaxtlar səmərəli işlər görülür. Bu mənada fevralın 22-də Almaniyada Ümumavropa Qarabağ mitinqinin və digər tədbirlərin keçirilməsi də böyük əhəmiyyət kəsb edir.
Həmin tədbirlərin fəal iştirakçılarından biri – ADA Universitetinin professoru Kamran Behbudovla söhbətimiz də bu barədə oldu. Professor Kamran Behbudov dedi:
– Qarabağ həqiqətlərinin, xüsusilə 1988-ci ildə işğalçı Ermənistanın əsassız torpaq iddiası nəticəsində yaranan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması Azərbaycan diplomatiyasının qarşısında dayanan əsas vəzifələrdəndir. Bir mühüm məqamı da nəzərə alaq ki, Almaniyada Ümumavropa Qarabağ mitinqinin keçirilməsinin əsas səbəblərindən biri də həmin tarixin XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının 28-ci ildönümü ərəfəsinə düşməsi oldu.
Fevralın 22-də Berlin şəhərindəki Brandenburq darvazası yaxınlığındakı Paris meydanında Ümumavropa Qarabağ mitinqinə yığışan minlərlə azərbaycanlının, türk qardaşlarımızın və Avropada yaşayan digər dostlarımızın iştirakı ilə bir neçə tədbir keçirdik. Onlardan biri də Berlin Universitetində Beynəlxalq Siyasi Araşdırmalar Departamentinin təşəbbüsü ilə “Millətlərin öz müqəddəratını təyinetmə və ərazi bütövlüyü prinsipləri: Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları beynəlxalq hüquq kontekstində” mövzusunda 146 nəfərin iştirakı ilə keçirilən seminar oldu. Əsas məruzəçi mən idim. Qeyd etdim ki, hazırda dünyada etnik separatizmin güclənməsi regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına, bəşəriyyətin sülh və əmin-amanlıq şəraitində yaşamasına mənfi təsir göstərən əsas amillərdəndir. Azərbaycan Respublikası da iki yüz ildən çoxdur ki, ermənilərin etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalaraq onun doğurduğu qanlı faciələrdən və müharibələrdən əziyyət çəkir. Azərbaycana qarşı etnik soyqırımı siyasətinin bünövrəsi XIX əsrin əvvəllərində bəzi xarici geosiyasi qüvvələrin təsiri və dəstəyi ilə başqa dövlətlərin ərazisində yaşayan ermənilərin torpaqlarımıza köçürülməsi nəticəsində qoyulub.
Sonra isə ermənilərin azərbaycanlılara qarşı zaman-zaman genişmiqyaslı qanlı aksiyalar həyata keçirdiyini, dinc əhalini kütləvi qırğınlara məruz qoyduğunu vurğulayaraq xatırlatdım ki, indiki Ermənistan Respublikası tarixi Azərbaycan torpaqlarında yaradılıb. Bununla kifayətlənməyən ermənilər Azərbaycanın qədim yaşayış məskəni olan Dağlıq Qarabağla bağlı ərazi iddiaları irəli sürməkdə davam edirlər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, Xocalı soyqırımının qanlı nəticələri barədə məlumat verərək nəzərə çatdırdım ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan 20 ildən artıqdır ki, Azərbaycanın ərazisinin 20 faizini işğal altında saxlayır.
Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnamə və 7 bəyanat qəbul etdiyini də diqqətə çatdırdım. Qeyd etdim ki, bu sənədlərdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılması tələbi qoyulub. Lakin işğalçı dövlət BMT-nin və digər beynəlxalq qurumların tələblərini hələ də yerinə yetirmir. Ona görə ki, BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını təsdiqləsələr də, bu halı birmənalı formada pisləməkdən və beynəlxalq təsir mexanizmləri vasitəsilə işğalçı dövləti onların tələblərini yerinə yetirməyə məcbur etməkdən çəkinirlər. Bu isə münaqişənin uzanmasına səbəb olur.
Sonra tədbir iştirakçılarına bildirdim ki, beynəlxalq hüquq baxımından milli azlıqların öz müqəddəratlarını təyin etməsi başqa dövlətlərin ərazi bütövlüyünü pozmaq və müstəqillik almaq formasında reallaşa bilməz. Çünki müstəqil dövlətin ərazisində neçə-neçə milli azlıqlar yaşayırlar. Onlar belə bir hüquqa malik deyillər. Xalqların öz müqəddəratını təyinetmə ideyası beynəlxalq hüququn ərazi bütövlüyü prinsipini pozmağı və bu prinsiplə ziddiyyət təşkil etməyi inkar edir. Digər tərəfdən, hər bir xalqa öz müqəddəratını istədiyi qədər təyinetmə hüququ verilərsə, müasir dünyada etnik separatizm qarşısıalınmaz prosesə çevrilər və əksər ölkələrdə saysız-hesabsız etnik münaqişələr, müharibələr baş verər. Hətta bu gün ikili standartlar siyasəti aparan polietnik dövlətlərin özləri belə dəhşətli etnik separatizm dalğasına məruz qala bilər.
Bir dövlətin beynəlxalq hüquq normaları ilə təsbit edilmiş ərazisi daxilində başqa bir dövlətin yaradılması və bu məqsədə nail olmaq üçün milli, etnik zəmində parçalanmaya əl atılması yolverilməzdir. Ermənilərin etnik separatizmə bəraət qazandırmaları üçün öz müqəddəratını təyinetmə prinsipini bəhanə gətirməsi BMT-nin Nizamnaməsində və ATƏT-in Helsinki Yekun Aktında əksini tapmış prinsiplərə ziddir. Nəzərə alınmalıdır ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilər ölkəmizdəki milli azlıqlardan biridir və onların ərazi iddiaları irəli sürməsi beynəlxalq hüququn normalarına uyğun deyil. Bu məsələdə Azərbaycanın mövqeyi ondan ibarətdir ki, azərbaycanlılar Dağlıq Qarabağa, öz əzəli torpaqlarına geri dönməli, ermənilər isə onlarla birlikdə həmin ərazidə yaşamalıdırlar.
Çıxışımın sonunda dedim ki, Azərbaycan dünya birliyini Dağlıq Qarabağ münaqişəsinin regionda törədə biləcəyi təhlükələr haqqında xəbərdar edərək, təsirli tədbirlər görməyə və Ermənistanı işğalçılıq siyasətindən çəkindirməyə çağırır. Hesab edirik ki, təcavüzkarın qarşısı alınmazsa, beynəlxalq dairələrin dünyada sülhün və sabitliyin bərqərar edilməsinə yönəlmiş səyləri nəticəsiz qalacaq, etnik münaqişələrin miqyası getdikcə daha da genişlənəcəkdir. Bu da bəşəriyyətin arzu etdiyi dinc dünya nizamı üçün son dərəcə təhlükəli olacaqdır.
Ümidvaram ki, gələcəkdə keçirilməsi planlaşdırılan ümumdünya Qarabağ mitinqi də bu kimi tədbirlərin davamı kimi Azərbaycan həqiqətlərinin, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasına böyük dəstək olacaq. Təbii ki, hər bir tədbir mahiyyəti baxımından xüsusi diqqət çəkir. Bu gün harada yaşamasından asılı olmayaraq, bütün dünya azərbaycanlıları bir amal – azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşərək 30 ildən artıq davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə, dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasətə, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində atılan addımlara öz töhfəsini verməlidirlər.

 

Qələmə aldı:
Qüdrət Piriyev, “Xalq qəzeti”

Mənbə: xalqqazeti.com