Uruqvayın “El Pais” qəzetində Xocalı soyqırımı ilə bağlı məqalə dərc olunub

Uruqvayın “El Pais” qəzetində Xocalı soyqırımı ilə bağlı məqalə dərc olunub

Uruqvayın “El Pais” qəzetində İsak Qliksberqin müəllifi olduğu “Xocalı: bu faciə unudulmamalı və bir daha təkrarlanmamalı” başlıqlı məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Xocalı faciəsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər ətraflı şəkildə oxuculara təqdim olunur. Qeyd olunur ki, Xocalı 1992-ci ilin 26 fevralında işğal olunub və təəssüf ki, hələ də işğal altındadır.

Müəllif göstərir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xocalıya hücum edərək dinc əhaliyə qarşı soyqırımı həyata keçiriblər. İnsan hüquqları sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlar, o cümlədən “Human Rights Watch” təşkilatına əsasən, bu, münaqişə ərzində ən böyük qətliam olub.

İ.Qliksberq bildirir ki, bu soyqırımı zamanı heç bir günahı olmayan 613 dinc sakin, o cümlədən 106 qadın və 83 uşaq vəhşicəsinə qətlə yetirilib, 155 azərbaycanlının taleyi hələ də məlum deyil.

Məqalədə qeyd olunur ki, həmin faciə dünyanın bir sıra ölkələri tərəfindən soyqırımı kimi tanınıb. 2012-ci ildə Mexiko şəhərində Xocalı qurbanlarının xatirəsinə abidə ucaldılıb.

Yazının sonunda müəllif belə bir faciənin bir daha təkrarlanmaması, Azərbaycan və Ermənistan arasında tezliklə sülhün bərqərar olması arzusunu ifadə edib.

Mənbə: azertag.az