"Siz xəstəsiniz, qızlar". Lavrovun gəlişi Gürcüstanı niyə narahat edib

"Siz xəstəsiniz, qızlar". Lavrovun gəlişi Gürcüstanı niyə narahat edib

Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyin Gürcüstana keçməsindən sonra Lavrov Gürcüstan siyasətinin mərkəzi fiquruna çevrilib

Avropa Şurası nazirlərinin görüşü Tbilisidən Strasburqa keçirilib. Gürcüstan hökuməti Rusiya nümayəndə heyətini və şəxsən Sergey Lavrovu qəbul etmək istəməyib. Dünən Cenevrədə baş vermiş bir hadisə isə vəziyyəti daha da gərginləşdirib. Bəs bütün bunlar Gürcüstanın imicinə necə təsir göstərəcək?

"Cənab nazir!"

Sergey Lavrov İsveçrədə qısamüddətli səfərdə idi. Orada heç kim Rusiya-Gürcüstan münasibətlərini müzakirə etməyə hazırlaşmırdı. Tərksilah üzrə Cenevrə Konfransından sonra nazir BMT-nin İnsan Hüquqları Şurasının 43-cü sessiyasında çıxışa hazırlaşmağa başlayıb.

Lavrov mühafizənin və Rusiya nümayəndə heyətinin üzvlərinin müşayiəti ilə iclas zalına gedərkən birdən gürcüstanlı jurnalistlər peyda olublar. Bir yerdə qışqıraraq onlar gah ingilis, gah da rus dilində ona sual verməyə çalışıblar.

"Cənab nazir... cənab nazir", — onlardan biri deməyə başlayıb, amma Lavrovun təhlükəsizlik xidməti jurnalistin qarşısını kəsib. Bu, jurnalisti narahat etməyib və o, mikrofonunu nazirə uzatmağa çalışıb. Mühafizəçi yenidən ondan geri çəkilməyi xahiş edib.

Bu zaman onun həmkarı təkrar-təkrar deyib: "Cənab nazir! Cənab nazir, biz gürcüstanlı jurnalistlərik və sizin şərhinizi almaq istəyirik".

Rusiya nümayəndə heyəti hərəkətini davam etdirib, gürcüstanlılar isə onların arxasınca gedib. Lavrov nəhayət buna reaksiya verərək, gülümsəyib və deyib: "Siz nə iləsə... siz xəstəsiniz, qızlar".

"Biz xəstə deyilik, yalnız sual vermək istəyirik. Avropa Şurası nazirlərinin görüşü Gürcüstanda olarsa, siz Tbilisiyə səfər etməyi planlaşdırırsınız?" - jurnalistlərdən biri ətrafdakıları itələyərək soruşub.

"Yerimək mümkün deyildi. Qışqırırdılar, özlərini soxuşdururdular, itələyirdilər, nazirə çatmağa çalışırdılar. İrəli getmək üçün bütün ləyaqətlərini itirmiş qadınları kənara itələmək məcburiyyətində qaldıq... Həmkarımla mənə "ilişdilər", ancaq müdir xəsarət almadı", – Rusiya Xarici İşlər Nazirliyinin təmsilçisi Mariya Zaxarova "Facebook" şərhində yazıb, eləcə də cızılmış əlinin şəklini sübut kimi yazıya əlavə edib.

Avropa Şurası Parlament Assambleyası

Gürcüstanın Lavrov ixtilafı

Payızda Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyin Fransadan Gürcüstana keçməsindən sonra Lavrov Gürcüstan siyasətinin mərkəzi fiquruna çevrilib. Belə ki, dərhal sual yaranıb: AŞ-nin əsas tədbiri sayılan nazirlər sessiyasını necə keçirmək olar? Görüş mayın 15-də keçiriləcək. Amma harada?

Məsələ ondan ibarətdir ki, Gürcüstanın "İşğal olunmuş ərazilər haqqında" qanunu Tbilisinin icazəsi olmadan Abxaziya və Cənubi Osetiyaya səfər etmiş şəxslərin ölkəyə daxil olmasını qadağan edir. Sənəd Lavrov da daxil olmaqla, bütün Rusiya nazirlərini avtomatik olaraq əhatə edir. İndi isə Gürcüstan hakimiyyətinin özü çətin vəziyyətə düşüb.

Rusiya XİN başçısının ölkəyə səfər etməsinə icazə vermək milli qanunvericiliyi pozmağa bərabərdir, buna qadağa qoymaq isə beynəlxalq öhdəliklərin yerinə yetirilməsindən imtina etmək deməkdir.

Gürcüstan Prezidenti Salome Zurabişvili ziddiyyətləri aradan qaldırmağa çalışaraq nazirlər iclasının istisna ola biləcəyini deyib.

Gürcüstan prezidenti Salome Zurabişvili yeni prezident igamətgahında

"Bu, bizim üçün asan addım deyil. Əhali, çətin ki, bunu yaxşı qarşılasın. Lakin biz öz prinsiplərimizə və bu təşkilatın rəhbər təlimatlarına sadiqik", - o izah edib.

Lakin Zurabişvilinin dedikləri heç kimi inandırmayıb. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Rusiya nümayəndə heyətinin üzvü Leonid Kalaşnikov Gürcüstan hakimiyyətindən rusiyalı nazirin təhlükəsizliyinə zəmanət verib-vermədiyini soruşub. Amma aydın cavab ala bilməyib. Əvəzində isə müxalifətçi "Vahid Milli Hərəkat" partiyası açıq şəkildə insanları etiraza çıxaracağını bildirib.

Lavrov özü isə heç nəyi şərh etməyib.

Digər ölkələrin nümayəndə heyətləri də polislə toqquşmalara çevrilən küçə etirazlarının Tbilisidə tez-tez baş verdiyini nəzərə alaraq tədbirin təhlükəsizliyi ilə bağlı narahatlıqlarını dilə gətiriblər. Nəticədə AŞ rəhbərliyi Nazirlər Komitəsi iclasını Strasburqda keçirməyə qərar verib.

Gürcüstanda etirazlar

Yüksək liqanın oyunu ləğv edilir

tərəfindən rəyi soruşulmuş gürcüstanlı ekspertlər sonadək Avropa Şurasının nazirlər sessiyasının Tbilisidə keçiriləcəyinə ümid edirdilər. Onlar tədbirin Strasburqa köçürülməsini Gürcüstanın imicinə ciddi zərbə kimi qiymətləndirib və tərəflərin soyuqqanlılığına ümidvar olduqlarını deyiblər.

"Ölkədə seçkiqabağı kampaniya tam sürətlə gedir. Siyasi vəziyyət son dərəcə gərginləşib. Həm iqtidar, həm də müxalifət bir-birini pis göstərməyə çalışır. Lavrovun gəlişi yeni etiraz dalğasına səbəb ola bilərdi və nazir özü də Tbilisidə o qədər də rahat olmazdı", - Gürcüstanın İctimai İşlər İnstitutunun professoru Tornike Şaraşenidze hesab edir.

O, AŞ-nin qərarını və Gürcüstan hakimiyyətinin buna reaksiyasını daxili siyasətin xarici siyasət üzərində qələbəsi kimi qiymətləndirib.

"Hakim "Gürcü Arzusu" partiyası ölkə daxilində sabitliyə üstünlük verərək hətta AŞ-nin nazirlər iclası kimi mötəbər bir tədbiri qurban verib. Burada məntiq aydındır: müxalifət insanları küçələrə çıxarmaq üçün istənilən imkandan istifadə etməyə hazırdır. Bəhanə tapardılar. Olmasın Lavrov, olsun rusiyapərəst (siyasi – red.) kurs. Hakimiyyət AŞ qarşısında imic itkisinə baxmayaraq, təxribatlardan qaçmağa üstünlük verdi", - Şaraşenidze bildirib.

Gürcüstanda etirazlar

Gürcüstanın "SIKHA Foundation" elmi-tədqiqat mərkəzinin politoloqu və təsisçisi Arçil Sixarulidze Gürcüstan rəhbərliyinin zəifliyinə işarə edib.

"Gürcüstanın siyasi elitası bir daha sübut etdi ki, hələ də formalaşmayıb və yüksək liqada oynaya bilmir. Əslində, hakimiyyət cəmiyyətdə müxalifətin qızışdırdığı milli vətənpərvərlik əhval-ruhiyyəsinə güzəştə getdi", – o bildirib.

Politoloq reputasiya itkilərini də qeyd edib: "Əgər Gürcüstan hökuməti məsuliyyəti öz üzərinə götürüb AŞ görüşünü Tbilisidə keçirsəydi, bu, onun siyasi şüurun yetkinliyini göstərərdi. Diplomatiyanı təkcə tərəfdaşlarla deyil, həm də xoşlamadığın həmsöhbətlərlə aparmaq bir sənətdir ki, o da Gürcüstanı yüksəldərdi. Lakin hakimiyyət başqa qərar verdi".

Cenevrədə gürcüstanlı jurnalistlərlə bağlı insidentə gəlincə, ekspert burada kifayət qədər yüksək siyasi mədəniyyətin olmamasına işarə edir. Daha bir səbəb də var.

"Onlar rusiyalı nazirin üzərinə sualları ilə fevralın 25-də hücum çəkiblər. Bu, Gürcüstanın tarixində mühüm hadisədir. Həmin gün, 1921-ci ildə ölkəmizi Qırmızı Ordu işğal edib. Lavrova sual verərkən jurnalistlər ajiotaja ümid edirdilər. Onlar buna nail oldular", - ekspert bildirib.

Mənbə: sputnik.az