"Wall Street Journal": ABŞ Səudiyyə Ərəbistanında 2500 əsgər və hərbi texnika yerləşdirib

"Wall Street Journal": ABŞ Səudiyyə Ərəbistanında 2500 əsgər və hərbi texnika yerləşdirib

"Wall Street Journal" nəşrinin yazdığına görə, ABŞ Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadın 96 kilometrliyində yerləşən "Şahzadə Sultan" hərbi bazasında 2.500 əsgər, F-15 qırıcı təyyarələri və "Patriot" raket sistemi yerləşdirib.

AZƏRTAC xəbər verir ki, "Əl-Ərəbiyə" telekanalının şərhində Vaşinqtonun və Ər-Riyadın bu addımının Yaxın Şərq regionunda gərginliyin artması ilə əlaqədar olduğu bildirilir. Hərbi bazadakı Hava Qüvvələrinin eskadrilya komandiri, general Con Volker məlumatı təsdiqləyib.

Qeyd olunub ki, bu yaxınlarda Ər-Riyada səfər edən ABŞ-ın Dövlət katibi Mayk Pompeo da hərbi bazadakı əsgərlərlə görüşüb. O, əsas məqsədin Səudiyyə Ərəbistanının neft emalı zavodlarının raket hücumundan qorunması olduğunu deyib.

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləzizin regional təhlükəsizliyi və sabitliyi qorumaq üçün ötən ilin iyulunda ABŞ əsgərlərinin və hərbi texnikasının yerləşdirilməsini təsdiq etdiyi bildirilir.

Mənbə: azertag.az