Vyetnam İctimai Elmlər Akademiyasında Xocalı soyqırımının ildönümü ilə bağlı tədbir keçirilib

Vyetnam İctimai Elmlər Akademiyasında Xocalı soyqırımının ildönümü ilə bağlı tədbir keçirilib

Vyetnam İctimai Elmlər Akademiyasının Avropa Araşdırmaları İnstitutunda Azərbaycanın bu ölkədəki səfirliyi ilə birgə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə institutun alim və tədqiqatçıları, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası, Azərbaycan Mədəniyyəti və Tarixi Araşdırmaları Mərkəzinin nümayəndələri iştirak ediblər.

Səfir Anar İmanov Ermənistan qəsbkarları tərəfindən Xocalının dinc əhalisinə qarşı törədilən qətliam barədə müfəssəl məlumat verib. Günahsız uşaqların, qadınların, qocaların qətlə yetirildiyi, şəhərin yer üzündən silindiyi o gecədə bəşər tarixində dəhşətli bir faciənin baş verdiyini söyləyib. Səfir bu hücumun Ermənistan ordusunun azərbaycanlılara qarşı törətdiyi qanlı soyqırımı aktı olduğunu deyərək, cinayətkarların məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayıb.

A.İmanov Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılmasının Prezident İlham Əliyevin xarici siyasət kursunun mühüm tərkib hissəsi olduğunu bildirib, Azərbaycan hökuməti tərəfindən Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və bu soyqırımının beynəlxalq səviyyədə tanıdılması ilə bağlı bütün zəruri tədbirlərin görüldüyünü qeyd edib. Xocalı soyqırımı ilə bağlı beynəlxalq ictimaiyyətin dolğun şəkildə məlumatlandırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlanılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əhəmiyyəti vurğulanıb.

Tədbirdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verən səfir A.İmanov Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin 4 qətnaməsinin, habelə digər nüfuzlu beynəlxalq təşkilatların müvafiq sənədlərinin icrasının Ermənistan tərəfindən tamamilə rədd edildiyini diqqətə çatdırıb. O, münaqişənin yalnız Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı əsasında həllinin mümkünlüyünü vurğulayıb.

Tədbirdə Xocalı soyqırımını əks etdirən sənədli film nümayiş etdirilib, habelə səfirlik tərəfindən Vyetnam dilində nəşr olunmuş “Xocalı soyqırımı” adlı kitab toplantı iştirakçılarına təqdim olunub.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Hanoy

Mənbə: azertag.az