Fransada Azərbaycan mədəniyyətini təbliğ edən film nümayiş etdirilib

Fransada Azərbaycan mədəniyyətini təbliğ edən film nümayiş etdirilib

Azərbaycanda din dövlətdən ayrı olsa da, dini icmalara diqqət və qayğı daim hiss edilir

Əvvəlki yazılarda qeyd etdiyimiz kimi, ölkəsində milli, etnik və dini münasibətlərdə problem olan dövlətlər Azərbaycanın multikulturalizm modelinin öyrənilməsi və idarə etdiyi cəmiyyətdə təbliğ olunmasında maraqlıdır. Çünki bir-birinə qarşı aqresiv münasibət göstərən yad mədəniyyətlər arasındakı gərgin vəziyyətə müsbət təsir edir. Bu səbəbdən də Avropanın inkişaf etmiş ölkələri belə, Azərbaycanın multikulturalizm modelini təbliğ etməyə külli miqdarda vəsait ayırır. Bu barədə konfranslar və treninqlər keçirilir, geniş məqalələr dərc edilir, filmlər çəkilərək nümayiş etdirilir. Hətta, Almaniya hökuməti ölkə daxilində yaşayan fərqli etnik qrupa və dini inanca malik insanların qrup halında Azərbaycana turist səfərlərini təşkil etmək üçün bu ilin dövlət büdcəsindən müəyyən məbləğdə vəsait ayırıb. Müxtəlif millətlərə və dini inanclara malik Almaniya vətəndaşlarının ölkəmizə səfərinin bu ilin yay aylarında təşkil olunacağı gözlənilir. Digər Avropa ölkələrinin də belə təşəbbüslərdə bulunacağı istisna edilmir.

Bir həftə əvvəl isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi internet səhifəsində xəbər verildi ki, Fransanın "France 2" televiziyasında Azərbaycan mədəniyyətini təbliğ edən film nümayiş etdirilib. Belə ki, 16 və 23 fevral tarixlərində Fransanın "France 2" telekanalının "İslam" verilişində "Azərbaycan - sivilizasiyalar qovşağı" (Azerbaidjan - carrefour des civilsations") sənədli filmi yayımlanıb. Sözügedən sənədli film haqqında bir qədər geniş söhbət açmağa ehtiyac duyuruq, bu film fransızların bizim mədəniyyətimizə - daha doğrusu mədəni müxtəlifliyimizə baxışlarını ortaya qoyur. Başqa sözlə desək, film Azərbaycan reallıqlarını əks etdirsə də, bu, Azərbaycan cəmiyyətinə yad rakursdan olan bir baxışdır və yəqin ki, cəmiyyət üçün də maraq kəsb edən məqamdır.

Fransızların ərsəyə gətirdiyi bu sənədli filmin birinci hissəsində ölkəmizin hələ qədim zamanlardan müxtəlif dinlərin qovuşduğu məkan olmasından və xalqımızın dini inanclarından danışılıb. Azərbaycanın əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olduğu, müsəlman intibahının bərqərar olmasında mühüm rol oynadığı qeyd olunub. Filmdə müxtəlif dinlərə etiqad edən insanların Azərbaycanda daim sülh və əmin-amanlıq şəraitində yaşamasından söz açılıb, tarix boyu bu məkanda yaşayan xalqlar arasında milli, dini ayrı-seçkilik zəminində ədavət və qarşıdurmanın olmadığı vurğulanıb. Doğrudan da, bu gün Azərbaycanda sadalamaqla bitməyən sayda etnik qrup, millət və xalqların nümayəndələri yaşayır. Hətta, Azərbaycan Respublikasının ərazisində elə millətlər kompakt şəraitdə yaşayır ki, onların dünyanın digər ölkələrində numayəndələri mövcud deyil. Biz belə etnoslar haqqında ötən yazılarımızda da qeyd etmişdik. Məsələn, Qubanın Xınalıq kəndində yaşayan əhalinin ayrıca dili var. Bu dildə dünyanın başqa heç bir yerində danışmırlar. Lakin bu o demək deyil ki, bu etnos- millət elə Azərbaycan ərazisində yaranıb. Əslində, Xınalıq kəndinin əhalisi bütöv bir millətin bu günümüzə qədər gəlib çatmış kiçik bir hissəsidir. Tarixi araşdırmalara görə, bu xalqın nümayəndələri Böyük Qafqaz sıra dağlarının şimal ətəklərində yaşayıb. Yadellilərin işğalı nəticəsində onlardan bir hissə Azərbaycan ərazilərinə sığınaraq yaşamağa başlayıb. Xınalıq etnosunun digər ərazilərdə yaşayan nümayəndələrinin hamısı assimilyasiya edilərək yoxa çıxıb. Yalnız Azərbaycan ərazisinə sığınan hissə milli kimliyini indiyə qədər qoruyub saxlaya bilib. Çünki Azərbaycan ərazisində ta qədim zamanlardan bəri bütün yad mədəniyyətlərin yaşaması üçün münbit şərait var idi. O üzdən də ölkəmizin ərazisinə sığınan bütün qədim xalqların nümayəndələri bu günə qədər öz kimliklərini qoruyub saxlaya bilib. Bir məqamı da qeyd etmək yerinə düşər ki, milli kimlik genetik anlayış deyil, yəni milli xüsusiyyət genlə ötürülmür. İnsanların hamısı eyni formada doğulur, ətraf mühitin təsirləri nəticəsində milli xüsusiyyətlər qazanır. Azərbaycan xalqı o qədər yüksək humanist dəyərlərə, milli dözümə malikdir ki, həmin azsaylı xalqlara təsir edərək onları öz içərisində əritməyib, bir millət kimi onların mədəniyyətinə, adət-ənənələrinə və digər özəl xüsusiyyətlərinə hörmətlə yanaşıb.

Ekran əsərində Azərbaycanda fəaliyyət göstərən dini icmalar haqqında məlumat verilib, onların nümayəndələrindən müsahibələr götürülüb. Həmçinin qədim dini və mədəni abidələr tamaşaçılara təqdim edilib. Ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin mehriban birgəyaşayış ənənəsinin qorunub saxlanmasında və möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri qiymətləndirilib. Ulu öndər xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra ölkədə baxımsız qalan kilsə və sinaqoqlar təmir edildi, qeyri-islam dinlərinə ibadət edən vətəndaşlarımızın sərbəst olaraq öz dininə ibadət etməsinə şərait yaradıldı. Bundan sonra dünyanın dini liderləri, o cümlədən da Roma papaları Bakıya səfər etməyə başladı. Həmin dövrdən başlayaraq bütün Roma papaları öz liderliyi dönəmində heç olmasa bir dəfə Bakıya səfər edib. Paytaxt Bakının mərkəzi ərazilərində bütün səmavi dinlərinin məbədləri, ibadətgahları var. Baxmayaraq ki, əhalimizin 95 faizi İslam dininə biət edir, özünü müsəlman hesab edir. Dünyanın heç bir xristian və ya iudaizm ölkəsində belə mənzərənin müşahidə edilməsi mümkün deyil.

Fimdə ölkəmizdəki dövlət-din münasibətlərinə də toxunulub. Prezident İlham Əliyevin qayğısı ilə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, birgəyaşayış ənənələrinin daha da möhkəmləndirildiyi, etnik qruplara və dini icmalara dövlət qayğısının artırıldığı bildirilib. Mədəniyyətlər və dinlər arasında dialoq platforması olan ölkəmizdə keçirilən Dünya dini liderlərinin Bakı sammitindən danışılıb. Azərbaycanda din dövlətdən ayrı olsa da, dövlətin dini icmalara diqqət və qayğısı daim hiss edilir. Hər il dövlət büdcəsindən bütün dini icmalara maliyyə yardımı verilir. Ötən il dini icmaların rəhbərləri xidməti avtomobillə təchiz edilib.

Ekran əsərinin ikinci hissəsində Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və qəbul edilmiş mütərəqqi Konstitusiyada bütün vətəndaşların fərq qoyulmadan mülki və siyasi hüquqlarının tanındığı xüsusi vurğulanır, ölkədə məktəb və teatrların açıldığı, qızlar məktəbinin fəaliyyət göstərməsi və əldə edilən uğurlarda neft sənayesinin rolu qeyd olunur. 1918-ci ildə qurulan xalq cümhuriyyəti müsəlman şərqində ilk dəfə qadınlara seçki hüququ verib, qəbul edilən bütün qərarlarda ölkə əhalisinin milli tərkibinin rəngarəngliyi nəzərə alınıb. Həmin dövrdə, hətta, əsrin əvvəllərində azərbaycanlılara qarşı xəyanət edən ermənilərə belə, yaşamağa şərait yaradılıb. Cümhuriyyət rəhbərləri Azərbaycanı burada yaşayan bütün millət və xalq nümayəndələrinin vətəni elan ediblər. Azərbaycana digər millətlərin axını həm də o zaman Bakı buxtasında və Abşeron yarmadasının digər ərazilərində hasil edilən neftlə bağlı idi. Qonşu ölkələrdə ailəsini dolandıra bilməyən insanlar dolanışıq arxasınca Azərbaycana pənah gətirirdilər. Həmin adamların böyük əksəriyyəti neft mədənlərində çalışırdı. Neft mədənlərində çalışan əcnəbilərin demək olar ki, hamısı başqa millətlərin nümayəndələri idi. Yalnız İrandan gələn miqrantların çoxu azərbaycanlılar idi. Bu dövrdə neft bumu ilə əlaqədər olaraq ölkə əhalisinin milli-etnik tərkibi bir qədər də zənginləşdi. Çünki işləməyə gələn insanlar sonradan burada məskunlaşaraq yerli əhaliyə çevrilirdi.

Filmdə daha sonra 1969-cu ildə Heydər Əliyevin Azərbaycan SSR-də hakimiyyətə gəlməsi, gördüyü böyük işlər, o cümlədən Azərbaycan xalqının azadlıq uğrunda apardığı mübarizə və verdiyi qurbanlar, müstəqilliyin bərpa edilməsindən danışılır. Ulu Öndər birinci hakimiyyəti illərində də milli məsələyə həssas yanaşıb, Azərbaycanı idarə etdiyi dövrdə dini və milli zəmində heç bir qarşıdurma qeydə alınmayıb. Əksinə, bütün etnik birliklərin nümayəndələri müəyyən vəzifələrdə təmsil olunub, bütün məsələlərdə balanslı siyasət yürüdülüb. Bu da milli və dini zəmində hansısa narazılığın yaranmasına yer qoymur.

Xatırladaq ki, verilişin prodüseri Celul Bequranın (fr. Djelloul Beghoura) başçılıq etdiyi yaradıcı heyət 2019-cu ilin 10-29 noyabr tarixlərində Azərbaycanın tarixi, dini və mədəni zənginliyini Fransa auditoriyasına tanıtmaq məqsədilə ölkəmizdə səfərdə olub. Səfər çərçivəsində çəkiliş qrupu Bakı, Gəncə, Qəbələ, Quba rayonunun Qırmızı Qəsəbə, İsmayıllı rayonunun İvanovka kəndinə səfər edib və çəkilişlər aparıb.

Filmdə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, eləcə də tarix, etnoqrafiya, din və s. sahələrin mütəxəssisləri, həmçinin ölkəmizdə yaşayan müxtəlif dinlərin nümayəndələrinin fikirlərinə də yer verilib.

Qeyd edək ki, "France 2" televiziya kanalı ilə yayımlanan "İslam" verilişinin yaradılması 1983-cü ildə "İslamı yaşamaq" (Vivre l'İslam) Assosiasiyası tərəfindən təklif olunub. Həftənin bazar günü yayımlanan populyar veriliş İslam tarixini, dəyərlərini və sivilizasiyasını təbliğ edir.

Sənədli ekran əsəri Azərbaycandakı milli və dini rəngarəngliyi bir albom kimi əks etdirsə də, bu cür qısa filmlər Azərbaycan multikulturalizm modelini tam əhatə edə bilmir. Ölkəmizin ayrıca dili və milli mənsubiyyəti olan kəndlərinin hərəsi bir geniş sənədli filmin süjet xəttini təşkil edə bilər. Düşünürük ki, digər Avropa ölkələri də bu təcrübədən yararlanacaq, Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən nümunə kimi istifadə etməyə calışacaq.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

Mənbə: paralel.az