Azərbaycan nümayəndə heyəti Türkiyədə Xocalı soyqırımı ilə bağlı konfransda iştirak edib

Azərbaycan nümayəndə heyəti Türkiyədə Xocalı soyqırımı ilə bağlı konfransda iştirak edib

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli, “525-ci qəzet”in redaktoru Seyfəddin Hüseynli və Milli Qəhrəman Vahid Quliyevdən ibarət nümayəndə heyətimizin Türkiyə səfəri davam edir.

AZƏRTAC xəbər verir ki, səfər əsnasında nümayəndə heyətimiz Isparta Universitetində Xocalı soyqırımı ilə bağlı konfransda iştirak edib, bu ali təhsil ocağının əməkdaşları ilə görüşlər keçirib.

İştirakçılar əvvəlcə Ispartanın mərkəzindəki parkda yerləşən Xocalı memorialını ziyarət edilib, abidənin önünə əklil qoyublar.

Tədbirdə məruzələrlə çıxış edən nümayəndə heyətimizin üzvləri iştirakçıları Xocalı soyqırımı haqqında həqiqətlər barədə məlumatlandırıb, ermənilər tərəfindən törədilmiş bu vandalizm aktının bütün dünyaya çatdırılmasının vacibliyini vurğulayıblar.

Sonra nümayəndə heyəti Isparta Universitetindəki türkçü birlikləri ziyarət edib, xüsusən gənc fəalların apardıqları işlərlə tanış olublar.

Azərbaycan nümayəndələri böyük dövlət xadimi, Türkiyənin doqquzuncu Prezidenti Süleyman Dəmirəlin doğma kəndi İslamköydə onun məqbərəsini və adını daşıyan Demokratiya Muzeyini də ziyarət ediblər.

Nümayəndə heyətimizin iştirakı ilə növbəti tədbir Antalyadakı Akdeniz Universitetində Xocalı soyqırımı ilə bağlı olub. Nümayəndə heyətinin üzvləri, eyni zamanda, bu ali təhsil müəssisəsinin rəhbərliyi ilə də görüşlər keçiriblər.

Qeyd edək ki, bu səfər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, eləcə də QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilib.

Mənbə: azertag.az