İlham Əliyev: "Azərbaycan çox riskli ölkə hesab olunurdu"

İlham Əliyev: "Azərbaycan çox riskli ölkə hesab olunurdu"

Prezident ölkənin tarixində ən böyük rol oynayan sərvətimizdən danışdı

"Dövləti qurmaq üçün əsas yollardan biri güclü iqtisadiyyatın yaradılması idi və xarici investisiyalar olmadan bu mümkün deyildi. Ona görə də investisiya yatırmaq üçün xarici şirkətləri cəlb etməyimiz çox aydın idi, lakin haraya investisiya yatırılmalı idi? Xarici şirkətlərin maraq göstərə biləcəyi yeganə sahə neft sahəsi idi. Lakin Azərbaycan çox riskli ölkə hesab olunurdu, burada xarici şirkətlərin nümayəndələri özlərini çox narahat hiss edirdilər, onlar üçün hətta qala biləcəkləri normal otellər mövcud deyildi. Əlbəttə ki, bu vəziyyətdə investisiyaları cəlb etmək asan vəzifə deyildi. Lakin biz bunu edə bildik və 1994-cü ilin sentyabr ayında “Azəri-Çıraq-Günəşli” yataqları üzrə müqavilə Azərbaycan və xarici şirkətlərdən ibarət konsorsium tərəfindən imzalandı. Bu, bizim tərəqqiyə, çiçəklənməyə və inkişafa doğru yolumuzun əvvəli idi".

Bunu prezident İlham Əliyev ötən gün keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin altıncı toplantısında deyib.

Onun sözlərinə görə, Azərbaycanın müasir tarixində neft amili həlledici rol oynayıb. Keçmişdə - Azərbaycan müstəqil olmadığı zaman, bildiyiniz kimi, ilk dəfə neft Bakıda çıxarılıb və dünyadakı ilk quyu bəlkə də buradan 10 kilometr məsafədə yerləşir. Lakin xalqımız bundan faydalana bilmirdi. Çünki Azərbaycanın müstəqil olmadığı zamanlarda 1 milyard tondan çox neft hasil edilmişdir. Əgər həmin vaxt Azərbaycan müstəqil olsa idi, biz bu gün dünyada ən varlı və çiçəklənən ölkələrdən biri ola bilərdik.

"Azərbaycan bu müddət ərzində həm də etibarlı tranzit ölkəyə çevrildi. Təkcə təchizatçı deyil, həm də tranzit ölkəyə çevrildi. Xəzərin şərq sahillərində yerləşən ölkələr beynəlxalq bazarlara öz karbohidrogen ehtiyatlarını Azərbaycan ərazisindən nəql edirlər".

Mənbə: istipress.com